Azərbaycan Ədliyyəsinin Tarixi Muzeyi

Azərbaycan Ədliyyəsinin Tarixi Muzeyi — ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə yaradılmış muzey.

Azərbaycan Ədliyyəsinin Tarixi Muzeyi
Əsası qoyulub 11 noyabr 2000-ci il
Mövzu Azərbaycan tarixi
Ölkə
Yerləşir Azərbaycan, Bakı
Kolleksiyası 700-dən çox müxtəlif sənəd, 340 fotoşəkil [1]
Azərbaycan ədliyyəsinin tarixi muzeyi

Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə təşkil olunmuş xüsusi Komissiya tərəfindən qısa müddətdə tarixi araşdırmalar aparılaraq, müxtəlif sənəd və digər əşyalardan ibarət zəngin muzey fondu toplanılmış, 2001-ci il noyabrın 22-də - Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş ədliyyə işçilərinin peşə bayramı günündə muzeyin təntənəli açılışı olmuşdur.[1]

Eksponatlar haqqında

[redaktə | mənbəni redaktə et]

İki zalda yerləşməklə, 20 bölmədən ibarət olan Muzeyin ilk ekspozisiyasında dünya məhkəmə tarixinin ibtidai icma quruluşundan bugünkü beynəlxalq məhkəmələrə qədər keçdiyi yol və s. barədə yığcam məlumatlar verilir.

Muzeyin 2-ci bölməsi qədim Azərbaycanın hüquq tarixinə həsr edilmişdir. Bölmədə bəşəriyyətin ən qədim kitablarından biri olan Avesta, həmçinin Azərbaycanın qədim xalq eposu Kitabi-Dədə Qorqud, dünya, eləcə də Azərbaycan hüquq tarixində mühüm rol oynamış müsəlman hüququnun əsas mənbəyi sayılan müqəddəs Qurani-Kərim haqqında məlumatlar əksini tapıb. Burada, həmçinin öz əsərlərində ədalət və qanunların cəmiyyətdəki rolu barədə dahi Azərbaycan şairləri Nizami, Füzuli, Nəsimi və başqa mütəfəkkirlərin fikirlərindən bəhs edilir. XV-XVIII əsrlərdə fəaliyyət göstərmiş Divanxana (Dövlət Şurası) və həmin dövrlərə aid ədalət mühakiməsi ilə bağlı digər məsələlər haqqında tarixi məlumatlar bu bölmədə cəmləşmişdir.

Muzeyin 3-cü bölməsi Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonrakı dövrün (XIX əsrin əvvəllərindən 1917-ci ilədək) ədliyyə, məhkəmə və hüquq tarixinə həsr edilmişdir.

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycanın ədliyyə tarixinin ən şərəfli dövrü 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Bu dövr muzeyin 4-cü və 5-ci bölmələrində əks olunmuşdur.

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və nazirlik indiki Səadət Sarayının binasında yerləşmişdir.

Məhz həmin hadisələr haqqında məlumatlar və həmçinin, Nazirlər Şurasının 22 noyabr 1918-ci ildə qəbul etdiyi Nazirliyin Əsasnaməsi, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı sənədlər, fotoşəkillər və s. muzeyin bu bölmələrinin ekspozisiyasının əsas hissəsini təşkil edir.

Stepan Şaumyan başda olmaqla, daşnak silahlı birləşmələrinin və erməni quldur dəstələrinin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda və başqa regionlarda törətdikləri və 50 mindən artıq azərbaycanlının ölümünə səbəb olan milli qırğına dair sənədlər də muzeydə saxlanılır.

Muzeyin 6-7-ci bölmələrndə 1920-ci il aprelin 27-28-də bolşevik Rusiyasının suveren Azərbaycan Respublikasının ərazisini işğal etməsi, Azərbaycan xalqının müstəqilliyinə son qoyması və Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının 1920-30-cu illərdəki fəaliyyəti ilə bağlı sənədlər və eksponatlar yerləşdirilmişdir.

Azərbaycanda siyasi repressiyaları özündə əks etdirən məlumat və sənədlər muzeyin növbəti - 8-ci bölməsinin ekspozisiyasını təşkil edir.

İkinci dünya müharibəsi illərində Azərbaycan ədliyyəsi tarixi və Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın 1948-53-cü illərdə öz doğma yerlərindən deportasiya edilməsi, 1930-1940-cı illərin hüquq-mü-hafizə orqanları işçilərinin xidməti kabinetinin maketi, Azərbaycan ədliyyəsinin Böyük Vətən müha-ribəsindən sonrakı dövr (1945-1959-cu illər) tarixi barədə materiallar müvafiq olaraq 9-12-ci bölmələrdə yerləşdirilmişdir.

1987-ci ilin sonlarından başlayaraq, süni surətdə ortaya atılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasının əsl səbəbləri və kökləri barədə düzgün təsəvvür yaradan 15-ci bölmədəki materiallarda ölkə ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanda 20 min nəfərdən artıq vətəndaşımızın həlak olması, təqribən 60 milyard ABŞ dolları məbləğində maddi ziyan dəyməsi barədə ətraflı məlumat verilir.

Muzeyin mərkəzi bölmələri (16, 17, 18-ci bölmələr) sabiq prezident Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə ikinci qayıdışından sonrakı dövrü əhatə edən fəaliyyətinə həsr olunmuşdur. Bu bölmələrdə təqdim olunan 1994-cü il (oktyabr) və 1995-ci il (mart) dövlət çevrilişi cəhdlərinin dəf edilməsində, yeni Konstitusiyanın qəbulunda və s. məsələlərə aid sənədlər, fotoşəkillər və digər materiallar muzeyin ekspozisiyasında xüsusi yer tutur.

Muzeyin növbəti - 19-cu bölməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bugünkü fəaliyyətinə həsr edilmişdir.

Azərbaycanın 1918-ci ildən başlayaraq bütün ədliyyə nazirlərinin və xalq ədliyyə komissarlarının siyahısı da xüsusi lövhədə xronoloji ardıcıllıqla muzeyin sonuncu - 20-ci bölməsində öz əksini tapmışdır.

Ədliyyə tarixi Nazirliyin Hüquq-Tədris Mərkəzində təşkil edilən kurslarda ayrıca mövzu kimi tədris olunur və dinləyicilər kurs çərçivəsində muzeylə tanış olurlar.

Ümumiyyətlə, muzeyin ekspozisiyası 700-dən çox müxtəlif sənəd, əşya, maket, poçt markası, orden-medal, odlu silah və digər materiallar, o cümlədən, 340 fotoşəkildən ibarətdir.

  1. 1 2 "Azərbaycan ədliyyəsinin tarixi muzeyi". 2017-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-16.