Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri

Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur.

İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı. İtaliya xarici işlər naziri vəzifəsini icra edən qraf Sforsla görüş zamanı da bu məsələlər ətraflı müzakirə edildi. İtaliya hökumətinin məlum qərarından sonra vəziyyət dəyişdiyindən Sidney Sonninodan sonra xarici işlər naziri vəzifəsini icra edən qraf Sfors tərəfindən məsələ bir qədər fərqli formada qoyulurdu. Ona görə qraf Sfors soruşdu ki, əgər italyanlar Azərbaycana ordu göndərməsələr, yalnız təlimatçılar və bütün sahələri bilən hərbi mütəxəssislər göndərsələr, əhali və hökumət buna necə münasibət bəsləyər. Ə.Tahirov cavabında bildirdi ki, İtaliya ordusunun və Azərbaycan ordusu üçün hərbi sursatın göndərilməsi daha çox arzuolunandır. Bu halda qraf Sfors Azərbaycan ordusunun ilk növbədə ehtiyacı olduğu hərbi sursat haqqında yazılı müraciət hazırlamağı təklif etdi və bu müraciəti İtaliya tərəfinin müzakirə edəcəyini bildirdi. Bu təklifə uyğun olaraq, Ə.Tahirov Azərbaycan ordusunun aeroplan, hidroplan, artilleriya qurğuları və digər silahlara, partladıcı maddələrə, zirehli, yük və sərnişin avtomobillərinə, habelə bu texniki vasitələrdən istifadəni öyrədən təlimatçılara ehtiyacı olduğunu İtaliya Xarici İşlər Nazirliyinə yazılı şəkildə təqdim etdi. Nəhayət, Azərbaycan nümayəndəsi ilə üçüncü görüşdə İtaliya rəsmisi Mayoni öz hökuməti adından Qafqaza ordu göndərməyin mümkün olmayacağını, lakin Azərbaycan ordusu üçün zəruri olan bütün hərbi sursatın göndəriləcəyini açıqladı. Eyni zamanda, Mayoni Azərbaycanın təhlükəsizliyinin İtaliya tərəfindən müdafiə olunacağını da vurğuladı. Mayoni Ə.Tahirova məsləhət gördü ki, Bakıya dönüb istədikləri hərbi sursatı almaq üçün öz hökumətindən yazılı vəkalət gətirsin, habelə bu barədə Qafqazdakı İtaliya missiyasına məlumat versin və qeyd edilən hərbi ləvazimatı qəbul etmək üçün Azərbaycan hökuməti Romaya hərbi mütəxəssislər ezam etsin.[1]

Nümayəndə heyətinin səfəri

[redaktə | mənbəni redaktə et]

Bu razılaşmalara uyğun olaraq, az sonra Azərbaycan hökuməti silah və hərbi sursat almaq üçün general İbrahim ağa Usubov başda olmaqla, Romaya bir heyət göndərmək arzusunu İtaliya tərəfinə bildirdi. Cənubi Qafqazdakı İtaliya missiyasının başçısı M.Qabba Azərbaycan xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi 6 sentyabr 1919-cu il tarixli məktubda kral hökumətinin bu heyətin İtaliyaya getməsinə razılıq verdiyini yazırdı. O, təklif edirdi ki, İtaliyaya ezam olunacaq şəxslərin sənədləri viza alınması üçün Tiflisdəki İtaliya konsulluğuna göndərilsin.[2] Müvafiq sənədləşmədən sonra 1919-cu ilin noyabr-dekabr aylarında İ.Usubov başda olmaqla Azərbaycan hərbi heyəti Romaya ezam olundu. 14 oktyabr tarixində M.Y.Cəfərova göndərdiyi digər bir məktubda isə polkovnik Qabba İtaliya ilə Qafqaz arasında kommersiya xarakterli dəniz yolunun açıqlığını bildirirdi. O, məlumat verirdi ki, Triest limanından çıxan İtaliya gəmisi ayda iki dəfə, cümə axşamı və cümə günləri BatumPoti limanlarında olacaqdır.[3] Azərbaycan xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi digər bir məktubda polkovnik Qabba italyanların Cənubi Qafqaza köçürülməsinin mümkünlüyünü öyrənmək üçün İtaliya hökumətinin Qafqaza ezam etdiyi doktor Feliks Kalimaninin Azərbaycanda əmək ehtiyatlarının vəziyyətini araşdırmaq üçün Bakıya gələcəyini bildirirdi. О xahiş edirdi ki, bu məsələdə doktor Kalimaniyə köməklik göstərilsin, onun hökumət üzvləri ilə görüşləri təşkil edilsin və ölkənin iqtisadi həyatı ilə bağlı lazımi statistik məlumatlarla təchiz edilsin. Lakin bütün bunlar bir qədər sonrakı hadisələr idi.

AXC nümayəndə heyəti İtalyan höküməti ilə razılaşma bağlayaraq Azərbaycana geri döndü. Lakin Aprel işğalı nəticəsində Cümhuriyyətin süqut etməsinə görə İtaliya krallığından alınan hərbi silah və sursatlar bolşeviklərə qaldı. Çünki İtaliyadan göndərilən silah-sursat Azərbaycana çatdığı zaman, artıq Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi.

  1. Müttəfiq komandanlığı yanında Azərbaycanın nümayəndəsi Ə.Tahirovun İstanbul və Romaya səfəri barədə Nazirlər Şurasının sədri N.Usubbəyova yazılı məlumatı. 06.08.1919. //ARPİİ SPİHDA, f.277, s.2, i.22, v. 103-105
  2. Э.Э.Исмаилов. Георгиевские кавалеры-азербайджанцы. Москва, 2005, с.201
  3. Азербайджанская Демократическая Республика. Внешняя политика, с.375