Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi.
Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər.
Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi. Fransa hökuməti açıq ermənipərəst siyasət yeritdiyi üçün sonralar Cənubi Qafqazda olan Britaniya ali komissarı öz ölkəsinə məsləhət görürdü ki, Fransadan fərqli olaraq, əlahəzrət hökumətinin Azərbaycanı müdafiə etməsi məqsədəuyğundur. Digər tərəfdən, Parisdən alınan məlumatlar göstərirdi ki, Qafqaz respublikalarının siyasi və hüquqi cəhətdən tanınmaması fransız hakim dairələrinin bu respublikalara mənfi münasibəti ilə bağlı idi. 1919-cu ilin yazında Avropa mətbuatı Cənubi Qafqaza Fransa və Yunanıstan qoşunlarının daxil olması ehtimalından yazdıqda Azərbaycan hökumətinin Tiflisdəki diplomatik nümayəndəsi bu məsələni aydınlaşdırmaq üçün aprel ayının 7-də general Tomsonun yanına getmişdi. Tomsonun qeyd edilən orduların Cənubi Qafqaza daxil olmasına Azərbaycanın münasibəti barədə sorğusuna cavab olaraq M.Y.Cəfərov bildirmişdi ki, bizə düşmən münasibət bəsləyən qüvvələrin, xüsusən yunanların Cənubi Qafqaza gəlməsi bizim üçün arzuolunmazdır.
Qafqaza, о cümlədən Azərbaycana Böyük Britaniya və İtaliya mandatlığı məsələsi bir-biri ilə qarşılıqlı şəkildə əlaqədə idi. Daha doğrusu, italyanların Qafqaza meyli ingilislərin oradan çıxmaq arzuları ilə sıx bağlı idi. İngilislər hələ 1918-ci ilin noyabrında Bakıya daxil olduqda elan etmişdilər ki, onlar müvəqqəti olaraq, Qafqaza daxil olublar. Bu müvəqqəti müddət beynəlxalq Sülh konfransının Qafqazda siyasi problemləri həll etməsinə qədər nəzərdə tutulurdu. Lakin ingilis qoşunları Bakıya daxil olduqdan üç ay sonra, 1919-cu ilin fevralında Lloyd Corc hökuməti qoşunları Cənubi Qafqazdan mümkün qədər tez çıxarmağı qərara aldı.[1] Lakin ingilislər Qafqazı tərk etməklə yanaşı, elə etmək istəyirdilər ki, nə amerikanlar, nə də fransızlar bu regionda birtərəfli qaydada möhkəmlənməsinlər. Çünki 1919-cu ilin fevral-mart aylarında ABŞ-nin və Fransanın Paris Sülh Konfransındakı siyasi dairələrinin çıxışları açıq-aydın bu ölkələrin Qafqaza marağını əks etdirirdi. Belə meylləri hiss etdikdə italyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə ingilislər tərəfindən irəli sürülmüşdü. Doğrudan da, İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdə mövcud olan qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Sülh konfransından narazılığı da bir qədər aradan qaldırılmış olurdu. İlk dövrlərdə ingilislərlə italyanlar arasında Qafqaz barəsində gizli aparılan danışıqlar Vittorio Orlando hökumətinin Qafqaza həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxarmışdı. Digər Avropa rəhbərləri kimi, Orlando da ermənipərəst bir siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, noyabr ayının 18-dəki çıxışında digər Avropa rəhbərlərindən geri qalmayaraq, Ermənistanın müstəqilliyini müdafiə edəcəyini bildirərək demişdi:[2]
Ermənilərə çatdırın ki, mən onların işini öz işim hesab edirəm. |
Cənubi Qafqaz məsələsinə dair ingilislərlə italyanlar arasında aparılan danışıqlar mart ayının 24-də onların Baş qərargahları arasında ilkin sazişin imzalanması ilə nəticələndi. Gizli sazişin şərtlərinə görə, Cənubi Qafqazdakı ingilis ordusunun mövqeləri İtaliya ordusuna təslim edilməli idi. İtalyanlar Batum limanı vasitəsilə Qafqaza yetərli sayda ordu çıxarmalı idilər. Ermənistanın Şərqi Anadolu və Kilikiya torpaqları hesabına Aralıq dənizinə çıxmaq iddiaları, əslində, həmin dənizi "İtaliya gölünə" çevirmək istəyən Orlando hökumətinin regionda mövqelərinin möhkəmlənməsinə xidmət etməli idi.[3]
Lakin ilk dövrlərdə Britaniya siyasi dairələri bu məsələdə yekdil deyildilər. Qafqazın bilicisi hesab edilən lord Kerzon xarici işlər naziri Balfura 25 mart tarixli məktubunda göstərirdi ki, Cənubi Qafqaza ordu çıxarmaq İtaliyanın "milli maraqlarına" uyğun deyildir, onlar Qafqaza doğru irəliləyən bolşevizmə qarşı davam gətirə bilməyəcəklər. O, haqlı olaraq yazırdı ki, italyanların Qafqaz xalqları arasında heç bir siyasi nüfuzu yoxdur, biz oradan çıxdıqdan sonra hadisələrlə üz-üzə dayandıqda onlar ağırlaşması ehtimal olunan vəziyyətdən çıxa bilməyəcəklər.[4] Lakin lord Kerzonun təklifi nəzərə alınmadı, aprel ayının 9-da İngiltərənin hərbi şurası martın 24-də gizli şəkildə imzalanmış Britaniya-İtaliya sazişini bəyəndi.[5]
1919-cu ilin may ayının 10-da İngiltərə ALi Hərbi Şurası ingilis qoşunlarının Bakıdakı hissələrinə oranı tərk etmək əmri verdi. General Tomson öz hökumətinin qərarını qeyd edildiyi kimi, may ayının 10-da Azərbaycan hökumətinə çatdırdı və eyni zamanda həmin məlumatda xatırlatdı ki, Azərbaycanı tərk edən ingilis ordusu İtaliya ordusu ilə əvəz ediləcəkdir.[6] Paris Sülh Konfransı adından general Tomson Azərbaycan hökumətinə göndərdiyi teleqramda yazırdı:[1][7]
Sizə bildirməliyəm ki, Britaniya qoşunlarını İtaliya hərbi hissələri əvəz edəcəkdir. İtaliya zabitlərindən ibarət olan hərbi heyət artıq Gürcüstana gəlmişdir... Cənubi Qafqazda bu əvəzlənmə yalnız hərbi xarakter daşıyır və məsələnin siyasi həlli demək deyildir. Bu addım Sülh konfransının son qərarını özündə ehtiva etmir və konfransın Cənubi Qafqaz dövlətləri haqqında qərarı hələ qarşıdadır. |
General Tomsondan teleqram alındıqdan sonra Azərbaycanın xarici işlər naziri Məmməd Yusif Cəfərov Tiflisə gedərək müttəfiq qüvvələrin komandanı ilə görüşdü. Söhbət zamanı M.Y.Cəfərov ingilis qoşunlarının italyan qoşunları ilə əvəz olunmasının arzuolunmaz olduğunu bildirib, bunun gözlənilməz nəticələr verə biləcəyini qeyd etdi. Lakin general Tomson bu qərarın Paris Sülh Konfransı tərəfindən verildiyinə istinad edərək, onun dəyişilməsinin qeyri-mümkün olduğunu vurğuladı. Belə vəziyyətdə gündən-günə kəskinləşən Şimal təhlükəsi Azərbaycan hökümətini İtaliya ilə dil tapmağa və ondan sipər kimi istifadə etməyə cəhd göstərmək məcburiyyətində qoydu.
1919-cu ilin may ayının 10-da İtaliyanın bir hərbi korpusu artıq Batuma daxil olmuşdu. May ayının 16-da isə prins Savoyskinin rəhbərlik etdiyi fövqəladə İtaliya missiyası, ondan az sonra isə mayın 22-də polkovnik Melxior Qabbanın başçılığı ilə hərbi ekspertlər qrupu Bakıya gəldi.[8] İtaliya missiyalarının başçıları Azərbaycan hökumətinin baş naziri, xarici işlər naziri və iqtisadi məsələlərlə bağlı bir sıra nazirlikləri ilə danışıqlar apardılar. İlkin danışıqlar zamanı iki mühüm məsələ aydın oldu. Birincisi, Azərbaycan hökuməti ingilislər Qafqazdan çıxacağı təqdirdə, italyanların onu xarici təhlükədən, ən başlıcası isə Denikin təhlükəsindən qorumaq arzusunda olduğunu bildirdi. Bununla bağlı polkovnik Qabba müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan hökumətinə yardım göstəriləcəyini vəd etdi. Bu vədi gerçəkləşdirmək üçün İtaliya missiyası ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın ehtiyaclarını öyrənməyə başladı. Kapitan Oldani Azərbaycana gələcək İtaliya hərbi hissələrinə müvafiq kazarmalar hazırlamaq üçün Şuşa və Şəkiyə səfər etdi. Azərbaycan ordusunun silah və hərbi sursata olan ehtiyacları İtaliya hərbi mütəxəssisləri tərəfindən araşdırılmağa başlandı. Lakin ingilis generalı Briksin dediyi kimi, Cənubi Qafqazın heç bir yerində italyanların gəlişi əhəmiyyətli hadisə hesab edilmirdi. Başqa bir məlumatda isə göstərilir ki, italyanlar regiona nəzarət etmək iqtidarında deyildilər, onların bu missiyanı yerinə yetirmək üçün yetərli dərəcədə siyasi nüfuzu, kifayət qədər maliyyə ehtiyatları və bu prosesdə zəruri sayılan tarixi təcrübəsi yox idi.
İkincisi, Cənubi Qafqaz hökumətlərinin arzularından asılı olmayaraq, İtaliyanın Qafqaza marağı bu respublikaları müdafiə etməkdən daha çox özünün iqtisadi ehtiyaclarını ödəmək zərurətindən irəli gəlirdi. Firudin Kazımzadənin yazdığı kimi, İtaliya "yeganə olaraq ona çalışırdı ki, tez və asan yolla qazanc götürsün." Əslində müharibə başa çatdıqdan sonrakı illərdə "xammal axtarışı" İtaliya xarici işlər nazirliyinin başlıca vəzifələrindən biri idi.[9] Hətta, italyanlar belə bir mülahizə irəli sürmüşdülər ki, xammalın beynəlxalq bölgüsü Millətlər Cəmiyyətinin əsas vəzifəsi olmalıdır.[10] Bu mülahizənin müqavimətlə qarşılanması İtaliyanın Azərbaycan neftinə və Gürcüstan kömürünə olan marağını daha da artırmışdı. Pambıq, ipək, yun və digər məhsullar da İtaliya maraq dairəsindən kənarda qalmamışdı. Siyasi missiya Qafqaza gəlməmişdən əvvəl İtaliyanın müxtəlif ticarət və sənaye dairələrinin nümayəndələri burada özləri üçün xammal axtarışına çıxmışdılar. 1919-cu ilin aprelində Milanda yerləşən "Mişo və Miossi Ticarət Evinin" "Per-il-Marnero" rus-italiya cəmiyyətinin ipəkçilik üzrə eksperti Vittario Renmuvar öz firmaları üçün Şəkidən xeyli xam ipək almışdı.[11] Azərbaycanla tanış olduqdan sonra polkovnik M.Qabba onun iqtisadi ehtiyatlarından о dərəcədə heyrətlənmişdi ki, o, İtaliya fəhlələrinin Azərbaycana mühacirət edib, işləmələrinin mümkünlüyü məsələlərini Bakıda bir sıra nazirliklərlə danışıqlarda müzakirə etmişdi.[12]
Qafqaza İtaliya ordusu göndərmək məsələsini müzakirə etmək üçün polkovnik Qabba iyun ayının əvvəllərində Romaya çağırıldı. İtaliya hökuməti Qabbanın Azərbaycan və Gürcüstan barədə məlumatını dinləyib, ora ordu göndərilməsinə tərəfdar olduğunu bildirdi. Az sonra, iyun ayının 28-də Böyük Britaniya hökuməti rəsmi şəkildə ingilis ordusunun Qafqazdan və ümumilikdə, keçmiş Rusiya ərazisindən çıxarılması barədə Paris Sülh Konfransına məlumat verdi. Belə olduqda müttəfiqlər Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz etmək haqqında rəsmi qərar qəbul etdilər. Cənubi Qafqazın İtaliya mandatlığına verilməsi haqqında vəsadət qaldırıldı. Qafqaza göndərilmiş İtaliya missiyaları oradan əlverişli cavablarla qayıtdığı üçün Orlando hökuməti müttəfiqlərin bu qərarına həvəslə razı oldu.[13] Qafqaza İtaliya ordusu göndərilməsi məsələsinə Azərbaycan və Gürcüstan respublikalarının Versalda olan nümayəndələrinin münasibətini öyrənmək məqsədi ilə italyanlar onlarla əlaqə yaratdılar. İyun ayının 13-də polkovnik Qabbanın hərbi hissəsinin keçmiş nümayəndəsi Valeri Əlimərdan Topçubaşovla görüşdü. О bildirdi ki, İtaliya hökuməti Qafqaza ordu göndərilməsinin tərəfdarıdır. Danışıqlar zamanı Valeri qeyd etdi:[14][15]
Biz əgər sizə ordu göndərməli olsaq, bu işğal və polis məqsədləri daşımayacaq, yalnız mədəni və iqtisadi məramlara xidmət edəcək. Amma iş orasındadır ki, biz indi belə ağır vəzifəni çiynimizə götürə bilmərik və mən bura sizin bu məsələyə münasibətinizi öyrənməyə gəlmişəm. |
Söhbət zamanı aydın oldu ki, italyanlar Qafqaza daxil olmaq üçün bu respublikaların ya dəvətini, уa da razılığını almaq arzusundadırlar. Belə bir arzu İtaliya hökumətinin italyan xalqı və parlamenti qarşısında özünə bəraət qazandırması zərurətindən irəli gəlirdi. Lakin vəziyyət qeyri-müəyyən olduğu üçün, bu görüş keçirilən zaman ingilislər isə hələlik Qafqazdan çıxacaqlarını Sülh konfransına rəsmi şəkildə bildirmədikləri üçün Əlimərdan bəy Topçubaşov İtaliya nümayəndəsinə aydın cavab vermədi.
İyun ayının 15-də Azərbaycan nümayəndəliyinin iqamətgahında gürcü və dağlı nümayəndələri ilə birlikdə keçirilən iclasda qərara alındı ki, ingilislərin Qafqazdan çıxması və onların italyanlarla əvəz edilməsi məsələsi ətraflı öyrənilsin. Amerikalılara verilən sorğudan aydın oldu ki, bu məsələ hələlik Versal hərbi şurasında müzakirə edilməmişdir. İyun ayının axırlarında Ə.M.Topçubaşov və İ.Q.Sereteli İngiltərə nümayəndə heyətinin rəhbərlərindən biri L.Malletlə görüşdülər. O, ingilislərin Qafqazdan çıxmaq haqqında qərarını təsdiq edərək bildirdi ki, Qafqazda olan ordu indi onlara başqa yerdə lazımdır. İtalyanların Qafqaza gəlişi ilə bağlı ingilis nümayəndəsi dedi:[16]
İtalyanların gəlişi heç bir halda vəziyyəti dəyişmir, ingilislərin başladığı işi bundan sonra italyanlar davam etdirəcəklər. |
Anton Denikin təhlükəsi ilə bağlı Əlimərdan bəyin sualına cavab olaraq Mallet bildirdi:
Denikin nə Azərbaycana, nə də Gürcüstana doğru gəlməyəcək, çünki Könüllü ordunun komandanlığı bu günlərdə Qafqaza yola düşən ingilis müvəkkili Uordrop tərəfindən belə bir tapşırıq almışdır. |
Bu məsələlər barədə Azərbaycan nümayəndələri keçmiş Rusiyanın işləri ilə məşğul olan, Böyük Britaniya nümayəndə heyətinin məsləhətçisi, professor Simpsonla da ətraflı söhbət etdilər.
İngiltərə Qafqazdan çıxmaq haqqında qərarını iyun ayının 28-də Sülh konfransına təqdim etdi. Bu məlumatı aldıqdan sonra Azərbaycan, gürcü və dağlı nümayəndələri italyanlarla yaxınlaşmağı mümkün hesab edirdilər. Lakin çətinlik onda idi ki, İtaliyada hökumət kabinəsi dəyişmişdi və əvvəllər Qafqaza həvəs göstərən, ora ordu göndərməyə razılıq verən Orlando hökuməti istefa vermişdi. Romada yeni yaradılmış Françesko Nitti hökuməti ilk addım kimi Qafqaza ordu göndərilməsi məsələsini müvəqqəti olaraq dayandırdı. İyun ayının 28-də Ə.M.Topçubaşovla yeni görüşündə İtaliya nümayəndəsi Valeri Nitti hökumətinin Qafqaz məsələsində tərəddüd etdiyini təsdiq etdi. Lakin bununla belə o, İtaliyanın Qafqazda güclü iqtisadi marağının olduğunu göstərdi.
İyul ayının 7-də Azərbaycan, gürcü və dağlı nümayəndələri İtaliyanın Parisdəki hərbi attaşesi Sadino ilə görüşdülər. Fikir mübadiləsi zamanı Sadino öz hökumətinin Qafqazdakı niyyətlərini belə izah etdi:[17]
Avqust ayının 5-də və 6-da Azərbaycan, gürcü və dağlı nümayəndələrinin birgə iclasında oriyentasiya məsələsi ətraflı müzakirə edildi. Yaranmış çətinlik İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etməsi ilə bağlı idi. İyul ayının axırlarında İtaliya missiyasının üzvü kapitan Oldaninin Gəncə, Şuşa, Şəki və digər yerlərdə İtaliya ordusu üçün kazarmalar hazırladığı, tərkibində iki piyada diviziyası olan İtaliya 12-ci hərbi korpusunun Qafqaza yola düşdüyü bir vaxtda, Cənubi Qafqazda olan İtaliya missiyasının rəhbəri Marlis Mişel iyul ayının 31-də İtaliya Xarici İşlər Nazirliyindən aldığı məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırdı. Orada aydın şəkildə göstərilirdi ki, Böyük Britaniya qoşunlarını əvəz etmək üçün Cənubi Qafqaza İtaliya ordusu göndərilməyəcəkdir. Bununla belə, İtaliya kral hökuməti Azərbaycan hökumətinin razılığı ilə kommersiya, maliyyə, sənaye və digər sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirirdi. İtaliya Xarici İşlər Nazirliyi vəd edirdi ki, Azərbaycanı maraqlandıran məsələlərlə bağlı, xüsusilə onun mənafeyi ilə bağlı Paris Sülh Konfransında yaxın vaxtlarda başlanacaq müzakirələrdə yaxından iştirak edəcəkdir.[18] Bu məzmunda bir teleqramı Zaqafqaziyadakı İtaliya missiyasının başçısı polkovnik Qabba da xarici işlər naziri M.Y.Cəfərova göndərmişdi.
Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində, İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı. İtaliya xarici işlər naziri vəzifəsini icra edən qraf Sforsla görüş zamanı da bu məsələlər ətraflı müzakirə edildi. İtaliya hökumətinin məlum qərarından sonra vəziyyət dəyişdiyindən Sidney Sonninodan sonra xarici işlər naziri vəzifəsini icra edən qraf Sfors tərəfindən məsələ bir qədər fərqli formada qoyulurdu. Ona görə qraf Sfors soruşdu ki, əgər italyanlar Azərbaycana ordu göndərməsələr, yalnız təlimatçılar və bütün sahələri bilən hərbi mütəxəssislər göndərsələr, əhali və hökumət buna necə münasibət bəsləyər. Ə.Tahirov cavabında bildirdi ki, İtaliya ordusunun və Azərbaycan ordusu üçün hərbi sursatın göndərilməsi daha çox arzuolunandır. Bu halda qraf Sfors Azərbaycan ordusunun ilk növbədə ehtiyacı olduğu hərbi sursat haqqında yazılı müraciət hazırlamağı təklif etdi və bu müraciəti İtaliya tərəfinin müzakirə edəcəyini bildirdi. Bu təklifə uyğun olaraq, Ə.Tahirov Azərbaycan ordusunun aeroplan, hidroplan, artilleriya qurğuları və digər silahlara, partladıcı maddələrə, zirehli, yük və sərnişin avtomobillərinə, habelə bu texniki vasitələrdən istifadəni öyrədən təlimatçılara ehtiyacı olduğunu İtaliya Xarici İşlər Nazirliyinə yazılı şəkildə təqdim etdi. Nəhayət, Azərbaycan nümayəndəsi ilə üçüncü görüşdə İtaliya rəsmisi Mayoni öz hökuməti adından Qafqaza ordu göndərməyin mümkün olmayacağını, lakin Azərbaycan ordusu üçün zəruri olan bütün hərbi sursatın göndəriləcəyini açıqladı. Eyni zamanda, Mayoni Azərbaycanın təhlükəsizliyinin İtaliya tərəfindən müdafiə olunacağını da vurğuladı. Mayoni Ə.Tahirova məsləhət gördü ki, Bakıya dönüb istədikləri hərbi sursatı almaq üçün öz hökumətindən yazılı vəkalət gətirsin, habelə bu barədə Qafqazdakı İtaliya missiyasına məlumat versin və qeyd edilən hərbi ləvazimatı qəbul etmək üçün Azərbaycan hökuməti Romaya hərbi mütəxəssislər ezam etsin.[19]
Bu razılaşmalara uyğun olaraq, az sonra Azərbaycan hökuməti silah və hərbi sursat almaq üçün general İbrahim ağa Usubov başda olmaqla, Romaya bir heyət göndərmək arzusunu İtaliya tərəfinə bildirdi. Cənubi Qafqazdakı İtaliya missiyasının başçısı M.Qabba Azərbaycan xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi 6 sentyabr 1919-cu il tarixli məktubda kral hökumətinin bu heyətin İtaliyaya getməsinə razılıq verdiyini yazırdı. O, təklif edirdi ki, İtaliyaya ezam olunacaq şəxslərin sənədləri viza alınması üçün Tiflisdəki İtaliya konsulluğuna göndərilsin.[20] Müvafiq sənədləşmədən sonra 1919-cu ilin noyabr-dekabr aylarında İ.Usubov başda olmaqla Azərbaycan hərbi heyəti Romaya ezam olundu. 14 oktyabr tarixində M.Y.Cəfərova göndərdiyi digər bir məktubda isə polkovnik Qabba İtaliya ilə Qafqaz arasında kommersiya xarakterli dəniz yolunun açıqlığını bildirirdi. O, məlumat verirdi ki, Triest limanından çıxan İtaliya gəmisi ayda iki dəfə, cümə axşamı və cümə günləri Batum və Poti limanlarında olacaqdır.[21] Azərbaycan xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi digər bir məktubda polkovnik Qabba italyanların Cənubi Qafqaza köçürülməsinin mümkünlüyünü öyrənmək üçün İtaliya hökumətinin Qafqaza ezam etdiyi doktor Feliks Kalimaninin Azərbaycanda əmək ehtiyatlarının vəziyyətini araşdırmaq üçün Bakıya gələcəyini bildirirdi. О xahiş edirdi ki, bu məsələdə doktor Kalimaniyə köməklik göstərilsin, onun hökumət üzvləri ilə görüşləri təşkil edilsin və ölkənin iqtisadi həyatı ilə bağlı lazımi statistik məlumatlarla təchiz edilsin. Lakin bütün bunlar bir qədər sonrakı hadisələr idi.
1919-cu ilin yayında İtaliya hökumətinin qəflətən Qafqaza ordu göndərməsini təxirə salması Şimal təhlükəsi ilə üz-üzə dayanan yeni respublikalar üçün böyük çətinliklər yaratdı. Avqust ayının 1-də İtaliya Xarici İşlər Nazirliyi Romada olan İngiltərə səfirliyinə məlumat verdi ki, F.Nitti hökuməti Qafqaza ordu göndərməyəcəkdir. İtaliya hökumətinin avqust ayının 5-də elan edilən rəsmi bəyanatı da bu fikri təsdiq etdi. İngilislərin Qafqazı tərk etmələri barədə məlumat verildikdən sonra F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı çətin vəziyyətə salırdı. Digər tərəfdən, bu dövrdə İtaliyanın sosial-siyasi və iqtisadi vəziyyətinin təhlili belə bir fikir söyləməyə əsas verir ki, Qafqaza hərbi ekspedisiya göndərilməsi İtaliyanın özü üçün ciddi problemlər yarada bilərdi. Özündən əvvəlki hökumət başçısı Orlandoya nisbətən, daha real düşünən Françesko Nitti bunu hiss etmişdi. О qeyd edirdi ki, dünya müharibəsi başa çatdıqdan sonra İtaliya dövlət başçıları iki ağılsız qərar qəbul etmişlər: birincisi, İzmiri tutmaq, ikincisi isə Gürcüstana hərbi ekspedisiya göndərmək. Onun fikrincə, bu addımlar İtaliyanı bir tərəfdən Türkiyə, digər tərəfdən Rusiya ilə müharibəyə aparıb çıxara bilərdi. Bu isə İtaliyanın iqtisadi cəhətdən məhvi demək idi. O, sonralar yazırdı:[22]
İtaliyanın baş naziri kimi, mən şəxsən 1919-cu ilin yayında Gürcüstana (Cənubi Qafqaza ordu göndərmək nəzərdə tutulur) hərbi ekspedisiya göndərməyi qadağan etdim. |
Orlandodan fərqli olaraq Nitti "Böyük Ermənistan" yaradılması çağırışlarını, xüsusilə, Türkiyənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. О vurğulayırdı ki, sözdə hamı prezident Vilsonun "Böyük Ermənistan" layihəsinə tərəfdardır. Lakin nə İngiltərə, nə Fransa, nə də İtaliya böyük bir ordunun yerinə yetirməli olacağı bu işin ağırlığını öz üzərinə götürmək istəmir, ABŞ Senatı isə bu məsələdə Vilsonun arzularının əleyhinə hərəkət edir. Bütün bunları xatırlatdıqdan sonra F.Nitti yazırdı:[23]
"Heç olmasa kiçik Ermənistanın mövcud olması naminə "Böyük Ermənistan" haqqında əfsanələr uydurmaq lazım deyildir. |
Antanta dövlətlərinin Türkiyəyə ədalətsiz münasibəti ilə bağlı Nitti bildirirdi ki, böyük dövlətlərə nə vaxt lazımsa, həmin vaxt onlar türklərin öz qonşularına münasibətdə "vəhşi obrazını" yarada bilirlər. Halbuki onun fikrincə:
Türklər təbiət etibarilə qəddar və zülmkar deyildilər. Lakin onlar çox hiyləgər və məkrli qonşularla - bir qayda olaraq əkinçilik və sənaye ilə deyil, əsasən, iri və xırda ticarətlə məşğul olan, ticarət və sələmçilik hesabına yaşayan yunanlar, ermənilər və yəhudilərlə əhatə olunmuşlar. |
Nitti hökumətinin avqustun 5-də Qafqaza ordu göndərməkdən imtina etməsi oriyentasiya məsələsini yenidən kəskin şəkildə meydana çıxardı. Avqust ayının 6-da Azərbaycan, Gürcüstan və Dağlılar respublikaları nümayəndələrinin birgə iclasında oriyentasiya məsələsi geniş şəkildə müzakirə edildi. İclasa sədrlik edən Ə.M.Topçubaşov qeyd etdi ki, indiki vaxtda bizim dövlətlərimizin müstəqil olmaları hər birimizin ən böyük arzusu olmasına baxmayaraq, müəyyən bir dövrdə yaxın vaxtlar üçün kənardan siyasi kömək və hərbi yardım almadan keçinə bilmərik. O, Qafqaz respublikaları ətrafında yaranmış şəraiti təhlil edərək, dedi:
{{cquote|Bir halda ki, vəziyyət belədir, onda sağımıza və solumuza baxıb, özümüzə kömək axtarmalıyıq.
Müzakirələrin gedişində vəziyyətdən çıxış yolu kimi bir sıra təkliflər irəli sürüldü. Ayrı-ayrı nümayəndələrin çıxışlarında göstərildi ki, Azərbaycan və Gürcüstanın Paris Sülh Konfransındakı təmsilçiləri Millətlər Cəmiyyətinə müraciət etsinlər və Qafqaz mandatını qəbul edən ölkə Millətlər Cəmiyyəti tərəfindən müəyyən edilsin. Sonra Məmmədhəsən Hacınski belə bir təklif irəli sürdü ki, ehtimal edilən dövlətlər içərisindən öz gücü və imkanlarına görə, yalnız, Böyük Britaniya bu missiyanı yerinə yetirə bilər və ona görə də Azərbaycanın mandatının götürülməsi İngiltərədən xahiş edilsin. O, iclasdakı çıxışında əsaslandırmağa çalışdı ki, İngiltərədən başqa Qafqaz respublikalarının, о cümlədən, Azərbaycanın heç bir oriyentasiyası olmamalıdır.
Çıxış edən Gürcüstan nümayəndələri də bu təklifə tərəfdar çıxdılar. Lakin böyük dövlətlərin regionda maraqlarının toqquşmasını nəzərə alaraq, iclasda qeyd edildi ki, bu xahiş İngiltərədən elə incə formada edilməlidir ki, digər dövlətlər narazı qalmasınlar. Ona görə, müzakirələrin gedişində belə bir razılıq əldə edildi ki, bu məsələ ilə bağlı ilk növbədə, İngiltərə siyasi dairələrinin fikri öyrənilsin, sonra isə Millətlər Cəmiyyətinə müraciət edilsin. Millətlər Cəmiyyətində Böyük Britaniyanın üstün rol oynayacağına əsaslanıb, bu məsələnin mümkün olacağına ümid bəsləmək olardı. Lakin bu ümidlər doğrulmadı. Hətta Azərbaycan hökumətinin qərarı ilə xarici işlər naziri M.Y.Cəfərov Britaniya ordusunun ölkədə müəyyən şərtlər daxilində saxlanması haqqında avqustun 4-də general D.Şatelvorta müraciət etsə də, ingilis ordusunu Bakıda saxlamaq mümkün olmadı. M.Y.Cəfərov yazırdı:[24]
Hökumətimizin əlində olan rəsmi məlumata görə, avqust ayının ortalarında Britaniya ordusu Azərbaycanı tərk edəcəkdir. Bunu nəzərə alaraq Azərbaycan hökuməti qərar qəbul etmişdir ki, ingilis ordularının müvəqqəti olaraq, Azərbaycanda saxlanmasını əlahəzrət kral hökumətindən xahiş etsin. Əgər Britaniya hökuməti orduların Azərbaycanda saxlanmasına öz prinsipial razılığını bildirsə, onun şərtləri qarşılıqlı razılıq əsasında hazırlana bilər. |
Lakin Azərbaycan hökuməti və onun Parisdəki nümayəndələrinin ciddi-cəhdlərinə baxmayaraq, avqust ayının axırlarında ingilislər Qafqazı tərk etdilər. Azərbaycan hökumətinin Parisdə olan nümayəndələrinə xarici işlər nazirliyi tərəfindən respublikanın beynəlxalq vəziyyəti ilə bağlı gürcü nümayəndəsi Qambaşidzedan göndərilən hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi dəstələri Azərbaycan ərazisindən çıxmışdır. Azərbaycandan çıxmaq ərəfəsində, avqust ayının 23-də Müttəfiq qoşunlarının komandanlığı adından ingilis generalı Şatelvort Bakı əhalisinə vida çağırışı ilə müraciət etmişdi. Müraciətdə deyilirdi:[25]
"Fürsətdən istifadə edib, indi Bakını tərk edən Britaniya qoşunları adından Azərbaycan, xüsusən, Bakı şəhəri əhalisindən üzr istəyirik. Səmimiyyətlə təəssüflənirik ki, çoxsaylı dostlarımızla və tanışlarımızla vidalaşırıq, onlara ürəkdən sülh və xoşbəxtlik arzulayırıq. Britaniya ordusunun bütün şəxsi heyəti Azərbaycanda keçirdikləri günlərin ən yaxşı xatirələrini özləri ilə aparırlar. |
Ə.M.Topçubaşovun ingilis nümayəndələri ilə görüşündə aydın oldu ki, Britaniya hökuməti tərəfindən qoşunların geri çağırılması artıq həll edilmişdir. O, yazırdı:[26]
Biz möhkəm əmin idik ki, ingilis qoşunları bizdə qalacaqdır. Ancaq məlum oldu ki, yanılmışıq. Həm də təkcə biz yox, о biri Zaqafqaziya respublikalarının — Gürcüstan və Ermənistanın nümayəndələri də yanılıblar. İngilis nümayəndələri ilə şəxsi görüşlər zamanı Britaniya hökuməti tərəfindən qoşunların geriyə çağırılması məsələsinin artıq həll olunduğundan başqa heç nə öyrənə bilmədik. Belə bir vəziyyətdə biz, gürcülər və ermənilər bir уеrə yığışdıq, Sülh konfransına və bütün müttəfiqlərə ayrılıqda, respublikalarımızın taleyi konfransda həll oluncaya qədər, qoşunların bizdə qalması üçün xahişnamə ilə müraciət etməyi qərara aldıq. |
İtaliyanın Azərbaycana güclü iqtisadi marağı var idi. Lakin о mandatlığa götürmək istədiyi əraziləri xarici təcavüzdən qorumaq imkanına malik deyildi. Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı belə bir addımdan çəkindirdi. Azərbaycan Respublikası üçün İtaliya mandatlığı sərfəli deyildi.[27]
Bu dövrdə Böyük Britaniya yeganə ölkə idi ki, Qafqaz, о cümlədən Azərbaycan mandatını götürməyə hər cür imkanı var idi. Böyük Britaniyanın regiondakı güclü hərbi qüvvələri xarici təcavüzdən müdafiə olunmaqda onun qüdrətli iqtisadi potensialı, bütün dünyadakı siyasi nüfuzu Azərbaycanın tərəqqisində və taleyində əhəmiyyətli rol oynaya bilərdi.