Azərbaycanda atmosferin çirklənməsi

Atmosferin çirklənməsi
Kokslaşdırma sobasından çıxan tüstü nəticəsində atmosferin çirklənməsi.

Azərbaycan Respublikasında SSRİ-nin dağılması nəticəsində ətraf mühiti kirləndirən sənaye müəssisələrinin əksəriyyəti dayandıqdan sonra atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin azaldı. 1987-ci ildə respublikanın hava hövzəsinə 2,05 mln.t zərərli tullantılar atılmışdır. Bunun 0,25 mln. tonu bərk maddələr (toz), 0,15 mln. tonu kükürd qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən SSRİ-nin dağıldığı 1991-ci ildə atmosfer havasına atılan zərərli tullantıların ümumi miqdarı artaraq 2,6 mln. tona çatmışdır. Bunların 0,11 mln. tonu bərk toz hissəciklər, 0,09 mln. tonu kükürd 2-oksid, 0,64 mln. tonu karbon oksidi, 0,08 mln. tonu azot oksidi, 1,67 mln. tonu karbon qazı, 0,04 mln. tonu buxarlanan kimyəvi maddələr təşkil edirdi.

Sənaye müəssisələrinin atmosferi çirkləndirməsi[redaktə | mənbəni redaktə et]

Stasionar mənbələrdən atılan tullantıların əsas hissəsi tikinti materialları 26,6%, neft-kimya sənayesi 16,9%, energetika 16,9%, qaz sənayesi 15,7%, neft sənayesi 7,3%, əlvan metallurgiya 4,7%, elektrotexnika sənayesi 1,8% müəssisələrinin payına düşür. Əsas sənaye şəhərlərindəki vəziyyət sözün əsl mənasında təşviş doğururdu. Sumqayıtda zərərli tullantıların xüsusi təzyiqi 1200 t/km² (ümum respublika göstəricisindən 50 dəfə, ümumittifaq göstəricisindən 500 dəfə çox), Şirvan şəhərində 1000 t/km², Gəncədə 550 t/km², Mingəçevirdə 480 t/km², Bakıda 400 t/km² olmuşdur. Respublikada atmosferə buraxılan tullantıların miqdarının 80%-dən çoxu bu 5 şəhərin payına düşür: o cümlədən Bakı şəhərinin payına (66,1%), Sumqayıtın (4,5%), Gəncənin (3%), Mingəçevirin (2,5%), Şirvanın (5%) zərərli tullantı düşür. Bakı ilə yanaşı digər sənaye şəhərlərinin atmosferinin çirklənməsi nəticəsində də yaranan ekocoğrafi şəraitin əlverişli olmadığını söyləmək olar. Misal üçün, Gəncədə alüminium zavodu yenidən işə salındıqdan sonra təkə Gəncə şəhərində deyil, həmçinin ətrafdakı Samux, Xanlar, Şəmkir, Goranboy rayonlarında da havada olan zəhərli maddələrin miqdarı artmış və qəbul olunmuş həddən xeyli çox olmuşdur. Belə bir vəziyyət Şirvan şəhəri və ona bitişik rayonlarda da müşahidə edilir.

Şəhərlərin hava hövzəsinin çirkləndirilməsinin əsas səbəbi avadanlıq və qurğuların 50 ilə yaxın bir müddətdə dəyişdirilməməsi, atmosferin mühafizəsi üçün nəzərdə tutulmuş təbiəti mühafizə tədbirlərinin həyata keçirilməməsi, ətraf mühitin mühafizəsinə sərf edilən maliyyə vəsaitinin az olması və ya əksinə ayrılan pulların mənimsənilməməsi olmuşdur. İstilik elektrik stansiyalarında və istilik qızdırıcı mərkəzlərində təbii qaz əvəzinə mazutdan, xüsusilə bir çox hallarda yüksək faizli kükürdlü mazutdan istifadə edilməsi atmosferin çirkləndirilməsini daha da gücləndirmişdir. İlk müstəqillik illərində sənaye müəssisələrinin çox hissəsinin dayanmasına baxmayaraq, havanın tənzimləyici qurğularının təmirinə və bərpasına heç bir vəsait ayrılmadığından atmosferin çirklənməsi ağır olaraq qalırdı.

Avtomobilin atmosferi çirkləndirməsi[redaktə | mənbəni redaktə et]

Sonrakı illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı və respublikaya gətirilən avtomobillərin sayının durmadan artması, yuxarıda qeyd olunan şəhərlərdə atmosferin ekoloji vəziyyətinin ağır olaraq qalmasına səbəb olmuşdur. 2000-ci ildə atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 9839 olmuşdur. Stasionar mənbələrdən ayrılan və tutulan (zərərsizləşdirilən) maddələrin miqdarı 111 min ton olmuşdur ki, bu da tullantıların cəmi 18%-ni təşkil etmişdir. Son illərdə respublikanın paytaxtı Bakıda və digər iri şəhərlərdə avtomobil nəqliyyatının havanı çirkləndirməsi təşviş doğurur. Bəzi günlərdə sakit hava şəraitində baş verən tıxaclar zamanı insanların nəfəs alması çətinləşir və xəstələr, qocalar buna dözə bilmirlər. Dəhşətli hal odur ki, Azərbaycanda istehsal olunan benzin etilləşdirilmiş benzindən ibarətdir. Müasir maşınların mühərriklərində yüksək oktanlı benzin yandırılması tələb olunduğuna görə, Bakının neftayırma zavodlarında oktanlığı artırmaq üçün benzinə qurğuşun tozu əlavə edilir. Nəzərə almaq lazımdır ki, hazırda avtomobillərdən Bakı şəhərinin atmosferinə atılan zəhərli maddələrin orta illik miqdarı 300 min tona çatmışdır. Avtonəqliyyat tullantılarının tərkibində olan qurğuşun insan orqanizminə təhlükəli təsir göstərir və yüksək zəhərləyici xüsusiyyətlərə malikdir. Tullantılar atmosferin aşağı qatlarında küləksiz günlərdə zəif yayılır. Belə havada şəhərin mərkəzi küçələrində güclü şəkildə qalxan hava kütlələri hakim olur və zəhərli tullantılar çox da uzaq məsafəyə yayıla bilmir. Ən çox tullantıların yığılması hündür binaların aralarında və şəhərin ən alçaqda yerləşən məhəllələrində müşahidə olunur. Hazırda respublikamızda avtomobil parklarında olan maşınların 75–80 %-i yüngül maşınlar, 20–25 %-i isə avtobus və yük maşınları təşkil edir. Əhalinin sıx məskunlaşdığı iri şəhərlərdə-Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Əli-Bayramlı və Yevlaxda hava hövzəsi avtonəqliyyat tullantıları ilə daha çox çirklənmişdir. Azərbaycan ərazisi üçün qəbul edilmiş orta sutkalıq konsentrasiya həddi azot oksidləri üçün 0,85 mq/m³, karbohidrogenlər üçün 0,035 mq/m³, karbon oksidləri üçün 1,0 mq/m³, sulfat anhidridləri üçün 0,25 mq/m³ təşkil edir. Abşeron, Kür-Araz, Gəncə-Qazax, Quba-Xaçmaz iqtisadi rayonlarının ərazisindən keçən magistral yollarda və sənaye mərkəzlərində atmosferin yerə yaxın olan təbəqəsində qaz və toz tullantılarının orta sutkalıq və birdəfəlik hədd qiyməti "YVB" normadan bir neçə dəfə çoxdur. Təkcə onu qeyd etmək lazımdır ki, azot oksidlərinin 1 m³ havada qəbul edilmiş hədd norması 6 mq təşkil edir. Lakin bu rəqəm 2003-cü ildə Bakı şəhərində 88 mq, Sumqayıtda 102 mq, Mingəçevirdə 45 mq, Gəncədə 65 mq, Şirvanda isə 48 mq/m³ olmuşdur. Bu vəziyyət hərəkətin intensiv olduğu vaxtlarda səhər saat 700–1000-a və axşam saatlarında 1600–1900-a qədər xüsusilə daha çox müşahidə edilir. Avtomobillərin yanma mühərriklərindən çıxan zəhərli tullantı maddələrin miqdarı karbon oksidləri 0,5–10%, azot oksidləri 0,8–25%, karbohidratlar 3%, aldehidlər 0,2% təşkil edir. Avtonəqliyyatın mühitə mənfi təsirlərindən biri də güclü səs-küyün yaranmasıdır. Səs-küyün intensivliyi destibellə (Db) ölçülür. Təcrübələrlə sübut edilmişdir ki, insanın qulağı 20–120 Db-ə qədər olan səs dalğalarının diapozonunu qəbul edə bilir. Ayrı-ayrı nəqliyyat növləri üzrə səs-küyün orta intensivlik dərəcəsi də müxtəlifdir. Bu göstərici yük avtomobilləri üçün 80–90 Db, avtobuslar üçün 80–85 Db, yüngül avtomobillər üçün 70–80 Db, metro qatarları üçün 95–100 Db, sərnişin təyyarələri üçün 110–130 Db, yaşayış evləri üçün 54–59 Db-dir. Sutka ərzində Bakı şəhərinin mərkəzi küçələrində səs-küyün intensivliyi 80–90 Db-ə, bəzi hallarda, o cümlədən səsli-küylü toy məclislərində 120 Db-ə çatır və ondan da çox ola bilir. İnsan üçün 20–30 Db zərərsiz hesab olunur. 30–80 Db zərərli olub, insanların əmək fəaliyyətini 10%-dən 60%-ə qədər aşağı sala bilir.[1].

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri Bakı 2006