Quba-Xaçmaz iqtisadi rayonu — Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir.
İqtisadi rayon | |
Quba-Xaçmaz iqtisadi rayonu | |
---|---|
41°20′42″ şm. e. 48°31′56″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Quba |
Ən böyük şəhəri | Quba şəhəri |
Tarixi və coğrafiyası | |
Sahəsi | 7.660 km² |
Əhalisi | |
Əhalisi | 527.700 nəfər |
|
Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Qubadır. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min km² olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonunun Mərkəzi Quba şəhəridir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına — düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir.
Region əhalisinin ümumi sayı 527,7 min nəfər olmaqla ölkə əhalisinin 5,5 %-ni, təşkil edir. Əhalinin 33,4 faizi şəhərlərdə, 66,6 faizi kəndlərdə yaşayır. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv km.-də 76 nəfər təşkil edir. Rayonun relyef-iqlim xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən düzənlik ərazilərdə məskunlaşmışdır. Ən çox şəhər əhalisi Siyəzən rayonunda (66%), kənd əhalisi isə Quba rayonunda (80,5%) cəmlənmişdir (2015-ci ilin statistik məlumatına görə).
Qafqaz silsiləsi ilə Avropa ilə Asiya arasında sərhəd çəkildikdə iqtisadi rayonun bütün ərazisi tam şəkildə Avropaya aid ola bilər.
Quba-Xaçmaz iqtisadi rayonunun əsas təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gildir. İqtisadi rayon sıx çay şəbəkəsinə və bol su ehtiyatlarına malikdir. İqtisadi rayonun ərazisinin 10–11 %-i meşələrdə örtülmüşdür. Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Siyəzən rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir. Neft (Siyəzən), çınqıl, qum, gil, mineral sular (Qubada Xaltan, Cimi, Xaşı, Siyəzəndə Qalaaltı) var. Azərbayacanda ən cox neft qaz çıxarılan rayonlardan biri Siyəzəndir. Orta Dağlığın istirahət və balneoloji imkanları turizmin inkişafına geniş imkan yaradır. Nabran-Yalama kurort zonası respublika əhəmiyyətli turizm bazasıdır.
Quba– Xaçmaz bölgəsi şaquli zonallıq üzrə dağlıq, dağətəyi və düzən yarımbölgəyə ayrılır. Bu yarımbölgələrin hər birinin torpaq – iqlim şəraiti meyvə bitkilərinin becərilməsi üçün əlverişlidir, lakin bu bölgədə bağların əsas hissəsi dağətəyi yarımbölgədə yerləşdirilmişdir. Dağlıq yarımbölgənin torpaqları isə əsasən örüş yeri kimi istifadə olunur. Burada mövcud olan bağlar isə pərakəndə şəkildə geniş qida sahəsi verilmiş intensiv sistemli bağlardır. Bununla belə məlumdur ki, dağlıq zonada meyvə bitkilərinin intensiv əsaslarla becərilməsi imkanları böyük olması ilə yanaşı burada meyvələrin tərkibindəki quru maddənin, şəkərin, turşuluğun, C vitaminin miqdarı da xeyli artıq olur.
Regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Bundan başqa, Şabran, Siyəzən, Xaçmaz rayonlarında üzüm, Qusarda kartof yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir. İqtisadi rayonun düzənlik ərazisində maldarlıq, dağətəyi və dağlıq zonasında isə qoyunçuluq inkişaf etmişdir. Siyəzən, Çarxı və Şabranda quşçuluq kompleksləri mövcuddur.
Rayon iqtisadiyyatının sahə strukturunda kənd təssərufatının inkişafı, eyni zamanda, emal sənaye sahələrinin-yüngül və yeyinti sənayesinin inkişafına təkan vermişdir. Rayonun aqrar-sənaye kompleksinin əsasını meyvə-tərəvəz konservi istehsalı (Xaçmaz, Xudat, Quba), balıq emalı (Xudat), xalça toxuçuluğu (Quba, Xaçmaz, Qusar, Qonaqkənd, Pirəbədil) sahələri təşkil edir. Xaçmazda və Şabranda taxıl və süd məhsulları emal edilir. Neft və qaz hasilatı (Siyazən), elektrotexnika zavodu (Quba), metal qırıntılarının emalı (Xaçmaz) iqtisadi rayonun ağır sənayesinin əsasını təşkil edir. Quba, Siyəzən və Xaçmazda kərpic zavodları, tara müəssisələri var.
Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat-coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat-iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir. Respublika üzrə ümumi dəmir yolunun 7,4%-i iqtisadi rayonunun payına düşür. Ərazidə dəmir yolunun ümumi uzunluğu 123 km olub, 62 km-i və ya 50,5%-i Şabran və Siyəzən, 61 km-i və ya 49,5%-i isə Xaçmaz inzibati rayonunun payına düşür. Regionda avtomobil nəqliyyatı dəmir yolu nəqliyyatından sonra ikinci yeri tutur. İqtisadi rayonda avtomobil yollarının ümumi uzunluğu 1883 km təşkil edir ki, bu da respublika üzrə ümumi avtomobil yollarının 7,9%-i deməkdir. Azərbaycanı Rusiya ilə birləşdirən kommunikasiya xətləri də bu regiondan keçir.
Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunda nəqliyyat baxımından magistral dəmir və avtomobil yollarının olması, həmçinin dənizə birbaşa çıxış əldə etməsi regionda təsərrüfatı intensivləşdirmək, rayondaxili və rayonlararası iqtisadi əlaqələri inkişaf etdirmək üçün çox əlverişli imkanlar yaradır. Ərazinin dağlıq şəraitə malik olmasına baxmayaraq əhalinin məskunlaşmasında, şəhər və kənd yaşayış məntəqələrinin formalaşmasında nəqliyyat əsas amillərdən biri kimi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, nəqliyyat həm də iqtisadi-coğrafi rayonun daxili və xarici iqtisadi əlaqələrinin inkişaf etməsinə əlverişli şərait yaradır.
Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun rayondaxili və xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsində dəmir yolu mühüm rol oynayır. Bakı-Rostov magistral dəmir yolu xəttinin iqtisadi-coğrafi rayon ərazisindən keçən ümumi uzunluğu 123 km-dir ki, bu da respublika üzrə ümumi dəmir yollarının 7,4%-i deməkdir. Ərazidə dəmir yolunun ümumi uzunluğu 62 km-i və ya 50,5%-i Şabran və Siyəzən, 61 km-i və ya 49,5%-i Xaçmaz inzibati rayonunun payına düşür [Məmmədov Z. S., 2002]. Dəmir yolu ilə yük və sərnişin daşınmanın intensivliyinə görə region respublikanın digər iqtisadi-coğrafi rayonlarından üstündür. Ərazidə Şabran, Sarvan, Qızıl-Burun, Zarat, Siyəzən, Gilgilçay, Xaçmaz, Xudat və Yalama stansiyaları fəaliyyət göstərir.
Müasir dövrdə "Tarixi İpək Yolu"nun "Şimal" nəqliyyat dəhlizinin bu ərazidən keçməsi bölgədə dəmir yoluna olan tələbləri artırmış, daşınan yüklərin miqdarı isə çoxalmışdır. Bununla əlaqədar dəmir yolunda beynəlxalq standartlara uyğun olaraq tikinti və təmir işlərinin aparılması, yük vaqonlarında yükvurma və boşaltma əməliyyatlarının mexanikləşdirilməsi üçün məqsədyönlü tədbirlərin görülməsi tələb olunur [İmrani Z. T., 2008].
Son illər dəmir yolu nəqliyyatında infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması üçün zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nı təsdiq edilmişdir. Proqramda dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsi, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsi, daşımaların təhlükəsizliyi, onun infrastrukturunun yeniləşdirilməsi, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, tranzit daşımaların həcminin artırılması, dəmir yolu sahəsi üçün kadrların hazırlanması və s. məsələlər qeyd olunmuşdur.
Quba-Xaçmaz iqtisadi-coğrafi rayonu üzrə yük və sərnişinlərin daşınmasında avtomobil nəqliyyatı dəmir yolu nəqliyyatından sonra ikinci yeri tutur. Avtomobil nəqliyyatı ərazi daxilində yüklər və sərnişinlərin daşınması əməliyyatlarını yerinə yetirməklə yanaşı daxili və xarici iqtisadi əlaqələrin inkişafında da olduqca böyük əhəmiyyət kəsb edir. İqtisadi-coğrafi rayonda avtomobil yollarının ümumi uzunluğu təşkil edir ki, bu da respublika üzrə ümumi avtomobil yollarının 7,9%-i deməkdir. Quruluşuna görə isə avtomobil yolları respublika və yerli əhəmiyyətli yollara ayrılır. Regionun avtomobil yollarının 871 km-i respublika, 1012 km-i isə yerli əhəmiyyətli yolların payına düşür (cədvəl 3.14).
İqtisadi-coğrafi rayonda avtomobil yollarının dərəcələrinə görə bölgüsü, km. [Z. S. Məmmədova (2002) görə]
İnzibati rayonlar | Ümumi avtomobil yolları | Xüsusi çəkisi, %-lə | Respublika əhəmiyyətli avtomobil yolları | Xüsusi çəkisi, %-lə | Yerli əhəmiyyətli avtomobil yolları | Xüsusi çəkisi, %-lə |
Qusar | 420 | 22,3 | 152 | 17,4 | 268 | 26,4 |
Xaçmaz | 475 | 25,2 | 293 | 33,6 | 182 | 17,9 |
Quba | 664 | 35,3 | 302 | 34,6 | 362 | 35,7 |
Şabran | 200 | 10,6 | 90 | 10,3 | 110 | 10,8 |
Siyəzən | 124 | 6,6 | 34 | 4,1 | 90 | 9,2 |
İqtisadi-coğrafi rayon | 1883 | 100 | 871 | 100 | 1012 | 100 |
Respublika əhəmiyyətli avtomobil yolları inzibati və iqtisadi-coğrafi rayonlar arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Həmçinin "Şimal" magistral dəhlizinin tədqiq etdiyimiz ərazidən keçməsi iqtisadi-coğrafi rayon ərazisində fəaliyyət göstərən magistral avtomobil yollarının örtük quruluşunun müasir tələblər səviyyəsində qurulmasını tələb edir.
Yerli əhəmiyyətli avtomobil yolları isə kənd yaşayış məntəqələri ilə rayon mərkəzləri, xammal sahələri və emal müəssisələri arasında iqtisadi əlaqələrin yaranmasında müsbət rol oynayır. Onlar həmçinin regionun sosial-iqtisadi inkişafında, sərnişin və yüklərin daşınmasında da mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, yerli əhəmiyyətli yolların texniki vəziyyəti müasir tələblərə cavab vermir. Bu da yollar dağ kəndlərində yaşayan əhalinin rayon mərkəzlərinə gediş-gəlişini çətinləşdirir və qış aylarının müəyyən vaxtlarında bu kəndlər ilə əlaqələr kəsilir (cədvəl 3.15).
İqtisadi-coğrafi rayon üzrə avtomobil yollarının texniki vəziyyəti. [Z. S. Məmmədova (2012) görə]
İnzibati rayonlar | Avtomobil yollarının uzunluğu, km-lə | O cümlədən | |||
Asfalt-beton örtüklü | Qara asfalt örtüklü | çınqıl örtüklü | qrunt yollar | ||
Quba | 664 | 91 | 60 | 432 | 81 |
Qusar | 420 | 40 | 58 | 302 | 20 |
Xaçmaz | 475 | 6 | 105 | 364 | - |
Şabran | 200 | 60 | 36 | 80 | 24 |
Siyəzən | 124 | 30 | 46 | 34 | 14 |
Cəmi | 1883 | 227 | 305 | 1212 | 139 |
Ümumi avtomobil yollarının 227 km-i asfalt-beton, 305 km-i qara örtüklü, 1212 km-i çınqıl, 139 km-i isə torpaq yollardır. Avtomobil nəqliyyatı vasitələrinin hərəkətini yüksək dərəcədə təmin edən asfalt örtüklü yollar əsasən Quba və Şabran rayonlarında, qara örtüklü yollar Xaçmaz rayonunda, çınqıl və qrunt yolları isə Quba, Xaçmaz və Qusar rayonlarında cəmləşmişdir.
Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunda avtomobil yollarının ərazi üzrə təminatında da müəyyən fərqləndirici cəhətlər vardır. Belə ki, iqtisadi-coğrafi rayonda uzunluğunda olan avtomobil yollarının 35,2%-nin Quba rayonunun payına düşməsinə baxmayaraq, ərazinin avtomobil yolları ilə təmin olunmasında Qusar rayonu (hər 100 km2 əraziyə), hər min nəfərə düşən avtomobil yollarının uzunluğuna görə isə Siyəzən rayonu () daha üstündür.
2012-ci ilin statistik məlumatlarına görə, avtomobil nəqliyyatı vasitəsilə 3808 min ton yük, 57664 min sərnişin daşınmışdır [Azərbaycanın nəqliyyatı. 2013]. 2005-ci il ilə müqayisədə yük və sərnişin daşınmada, həmçinin yük və sərnişin dövriyyəsində artım müşahidə olunmuşdur (cədvəl 3.16.), lakin qeyd etmək lazımdır ki, iqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatının yüksək səviyyədə inkişafını təmin etmək üçün mövcud avtomobil yollarında təmir və bərpa işlərinin aparılmasına ehtiyac duyulur. Cədvəl 3.16.
İqtisadi-coğrafi rayonda ümumi nəqliyyat göstəriciləri
Avtomobil nəqliyyatı ilə yük daşınması, min ton | 2355 | 2802 | 3518 | 3808 |
Yük dövriyyəsi, mln.ton/km | 212,2 | 271,4 | 345,1 | 374,3 |
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması, min nəfər | 37117 | 42726 | 53642 | 57664 |
Sərnişin dövriyyəsi, mln sərnişin/km | 269,1 | 326,7 | 397,3 | 423,8 |
Avtomobillərin sayı cəmi, ədəd o cümlədən: | 18204 | 21839 | 23076 | 25318 |
Yük avtomobilləri | 4129 | 5052 | 4608 | 4856 |
Avtobuslar | 816 | 809 | 716 | 665 |
Sərnişin minik | 12524 | 15437 | 17484 | 19529 |
Şəxsi minik | 12292 | 15120 | 17166 | 19201 |
Xüsusi təyinatlı avtomobil | 265 | 291 | 226 | 209 |
Digər avtomobillər | 470 | 250 | 42 | 59 |
[Azərbaycanın regionları- 2012].
İqtisadi-coğrafi rayonun nəqliyyat sektorunda fəaliyyət göstərən nəqliyyat növlərindən biri də boru kəməri nəqliyyatıdır. Bu sahə istər rayon mərkəzləri, istərsə də kənd yaşayış məntəqələrinin maye yanacağa olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Regionun əhalisinin sosial-iqtisadi həyat şəraitinin və iqtisadi inkişafının yüksəldilməsində qaz kəmərləri xüsusi rola malikdir. Ərazidə olan qaz kəmərlərinin 38%-i orta təzyiqli, 62%-i isə aşağı təzyiqlidir. Yüksək təzyiqli qaz kəmərləri əsasən iri şəhərlərdə və sənaye mərkəzlərində yerləşdiyindən regionda yüksək təzyiqli qaz kəmərləri yoxdur. İri yaşayış məntəqələri (şəhərlər) ilə bərabər kəndlərdə də qazlaşdırmanın aparılması vacibdir. Bu da regionun sosial-iqtisadi inkişafına, əhalinin sosial şəraitinin yüksəldilməsinə təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Həmçinin, ərazidə fəaliyyət göstərən Bakı-Novorassiysk boru kəməri vasitəsilə Xəzərdə hasil edilən neftin bir hissəsi ixrac edilir.
İqtisadi-coğrafi rayon üzrə nəqliyyatın müasir təhlili göstərir ki, nəqliyyat növlərinin inkişafı və təkmilləşdirilməsi regionun təbii ehtiyat mənbələrindən səmərəli istifadə olunmasına, sosial-iqtisadi problemlərin, rayondaxili və rayonlararası iqtisadi əlaqələrin səmərəli həllinə, əhaliyə göstərilən xidmətlərin artırılmasına zəmin yaradan amillərdən biri kimi qiymətləndirilir.[1]
Regionun sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni tələbatının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. İqtisadi rayonda kütləvi kitabxana, teatr, xəstəxana və digər sosial infrastruktur obyektləri mövcuddur.
Ətraf ərazilərdə Beşbarmaq qayası məşhurdur (dəniz səviyyəsindən 540 m). Qayanın üst hissəsində "Xıdırzində" piri yerləşir.
Ətraf ərazidəki insanlar buranı tez-tez ziyarət edirlər. Vəlvələçay üzərində yerləşən Afurca şəlaləsi 75–80 metr hündürlükdən axır və turizmə yararlı ərazi hesab olunur. Qoşanohur gölü Quba rayonunda Babaçayın sağ qolu Lağlağırçayın mənbəyində (2450 m) yerləşir. Noyabrın sonlarındn aprelin əvvəllərinə qədər donsa da, yayda çox gözəl mənzərəsi olur. Şabran rayonunda yerləşən Ağzıbirçala gölü su quşlarının ovu məqsədilə yararlıdır. Qusr rayonunda yerləşən Bənövşə gölü də diqqətəlayiq yerlərdəndir. Gölün ətrafında meşəlik, bənövşəliklər və böyürtkənliklər var.
Qubadakı Xaltan, Xaşı, Cimi, Balbulaq, Şabrandakı Qalaaltı mineral bulaqları müalicəvi əhəmiyyətə malikdir.
Qusardakı Ləzə, Qubadakı Xınalıq və Qırmızı qəsəbə (yahudilər məskunlaşıb) etnoturizm üçün yararlıdır.