"AZGRANATA" (rəsmi adı: “AZGRANATA” MMC) — Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri. Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşir. "AzGranata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.
Az-Granata | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye | Qida sektoru |
Təsis tarixi | 2011 |
azgranata.az | |
Vikianbarda əlaqəli mediafayllar |
“Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq[1] ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 29 oktyabr 2011-ci ildə olmuşdur.[2] Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir.[2]
"Az-Granata"da istehsal olunan məhsullar bunlardır:[3]
"Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır.[4] Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir.[4] Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.[1]
Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması bölümlərindən ibarətdir.[1] Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.[4]
Zavodda meyvə qəbulu və ilkin emalı sexi, spirt istehsalı sexi, şərab və digər spirtli içkilərin hazırlanma və süzmə sexi fəaliyyət göstərir.[4] Şərab süzmə xətti saatda 6000 şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 şüşə istehsal edir.[4] Ayrıca suvenir şüşələr üçün də süzmə xətti quraşdırılıb.[4]
Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir.[1] Meyvə qəbulu xətti vasitəsilə zavod nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir.[1] Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.[1]
"Az-Granata"nın 450 hektar üzüm (Sultanina, Prima, Kardinal, Alfons Lavalle, Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon və s.) və 400 hektar nar (Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan və s.) bağları var.[4] Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılmışdır.[1] Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır.[1] Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.[1] Üzüm bağlarının salındığı torpaqlar qəhvəyi və tünd qəhvəyi, nar bağlarının salındığı torpaqlar isə boz qəhvəyi və açıq qəhvəyi torpaq tiplərinə aiddir.
"Az-Granata"nın üzüm bağları Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Pidrəki dağının və Ləngəbiz dağ silsiləsinin Adnalı yaylasının şimalında, dəniz səviyyəsindən 600-700 metr yüksəklikdə yerləşir. Nar bağları isə Ağsu rayonunda, Şirvan düzündə və Böyük Qafqazın cənub ətəklərində yerləşir.
Prezident İlham Əliyev 2 oktyabr 2017-ci ildə Şamaxı rayonuna səfəri çərçivəsində "Az-Granata" MMC-yə məxsus üzüm bağları ilə tanış olmuşdur.[5]
2012-ci ildə müəssisənin nəzdində alkoqollu içkilər sektoru yaradılmışdır. Burada Şotlandiya texnologiyasına uyğun viski istehsal edilir.[1]
2014-cü ildə Fransanın müxtəlif şirkətlərindən palıd çəlləklər gətirilərək markalı şərablar istehsal edildi. İlk dəfə olaraq "Qora suyu" şərabı, yeni texnologiya əsasında "Icewine" şərabı, kolleksiya şərabı olan 30 illik "Mil" şərabı istehsal olundu. Yeni texnologiya əsasında meyvə araqları – tut, zoğal, ərik, gavalı, heyva araqları istehsal edilməyə başlanmışdır.[1]
2015-ci ildə zavodda ilk dəfə olaraq bolqar rakısı istehsal edilmişdir. Elə həmin il gümüş ionlarından istifadə etməklə, təzə keçi südündən və təbii arı balını əlavə edərək, yeni arağın istehsalına nail olunmuşdur; müəssisənin özündə istehsal olunan müxtəlif təbii cövhərlərdən istifadə etməklə tərxun, kəklikotu, limon araqları istehsal edilməyə başlanılmış; Azərbaycanda ilk dəfə olaraq ərik, qara qarağat və albalıdan istifadə etməklə, desert şərabları istehsal edilmişdir.[1]
2016-cı ildə ilk dəfə qazlaşdırılmış nar şərabı istehsal edilmişdir.[1]
2017-ci ildə Azərbaycanda ilk dəfə olaraq tomatlı araq istehsalına başlanılmış; türk rakısı istehsal edilmişdir.[1]
2013-cü ildə zavodun əməkdaşı Vüqar Mikayılov L.S. Qolitsın adına qızıl medala və "İlin ən yaxşı şəraçısı" adına layiq görülmüşdür. O, "Zolotoy qrifon" beynəlxalq şərab müsabiqəsində dequstasiya komissiyasına üzv seçilmişdir. Vüqar Mikayılov elə həmin il texnika elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.[1]
2014-cü ildə Gəncə Şərab festivalında "Rübai", "Kəhrəba" və "Nar" şərabları qızıl medalla təltif edilmişdir.[1]
2015-ci ildə ilk dəfə zavodun istehsalı olan nar şərabı Almaniyaya, ABŞ-a, Rusiyaya və başqa ölkələrə ixrac edilmişdir.[1]
2016-cı ildə ilk dəfə Yaponiyaya, Çin Xalq Respublikasına, Litvaya nar şərabı ixrac edilmişdir.[1]
Zavodda yerli və xarici şərabçılar, somelyelər üçün dequstasiya zalı təlim fəaliyyəti göstərir.[4]
Ölkənin müxtəlif rayon və şəhərlərində "Az-Granata"nın firma mağazaları fəaliyyət göstərir.