Baş - qədim ölçü vahidi.
Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə ta qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir.
Baş sözü əsasən say bildirir. Heyvanların sayı başla hesablanır: beş baş quzu, on baş qoyun, üç baş inək. İnsanlar üçün işlədilən "baş" sözü əsasən ailə üzvlərinin sayını bildirir (məs.: "beş baş külfət").
Baş sözündən xalq arasında axar suyun miqdarını ölçmək üçün də istifadə olunmuşdur. Suvarma işlərində işlədilən suyun miqdarı başla ölçülmüşdür. Bir baş suya bellik deyilir. Görünür, bu bir bel ağzı dərinlikdə qazılmış arxı dolduran suya bərabərdir.
Mətbəxdə işlənən soğanı da çox vaxt başla sayırlar. Bir baş soğan, üç baş soğan və s.
Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462. ISBN 978-9952-34-152-2