Azərbaycan milli ölçü vahidləri

Azərbaycanlıların uzunluq ölçüsü olaraq addım, qulac (qolac), qarış, çərək (bəzi bölgələrdə qimey), dirsək, ayaq, barmaq və s.-dən ibarətdir. Etnoqrafik materiallar azərbaycanlıların təsərrüfat və məişət həyatında çəki və ölçü vahidlərindən son zamanlara qədər, bəzilərindən isə elə indi də istifadə olunduğunu göstərir.

Orta əsrlərdə Azərbaycanda olmuş ərəb coğrafiyaşünas-səyyahların əsərlərində gün, mil, sikkə, mərhələ, bərid, dirsək, qarış və başqa bu kimi ölçü və çəki vahidlərinin adlarına rast gəlinir. Bəzi alimlər uzunluq ölçmək üçün yumruq, pəncə, gireh (4,4 sm), buğum, darı, tutmalaq (ovuc), güllük, bəhrə, kar, kəndir, ip, sicim, tənab, ciyədən də istifadə olunduğunu yazırlar.

Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir.

Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.