Hoqqa — ən qədim çəki ölçü vahid.
Xalqımızın məişətində işlədilmiş, adına folklorumuzda və yazılı ədəbiyyatlarda rast gəlinən çəki ölçü vahidlərindən biri də hoqqadır. Koroğlu Qıratı öydüyü bir şeirdə deyir:
Uzaq-uzaq yollarınan,
Beli ipək çullarınan,
Hoqqa yarım nallarınan,
At igidin qardaşıdı.
Yenə həmin dastanda Giziroğlu Mustafa bəy öz yoldaşlarına deyir:
Səfərimdi şəhri-Bağdad,
Kimdi, mənnən köçən gəlsin!
Yeddi hoqqa hazar peşə,
Məndən artıq içən gəlsin.
Göründüyü kimi, birinci şeirdə hoqqanın nalın çəkisini, ağırlığını, ikinci şeirdə isə içkinin həcmini göstərdiyinin izahına ehtiyac yoxdur. Lakin nalı və içkini eyni ölçü vahidi ilə ölçmək mümkün olmadığından hoqqa sözünün açıqlanmasına ehtiyac duyulur.
Hoqqə - ərəb dilində kiçik mücrü deməkdir. Bu söz oyun, kələk, hiylə mənasında daha çox işlənir.
Hoqqa sözünün ərəb dilindəki mənalarının heç biri ölçü bildirmir. Bu da onu göstərir ki, hoqqa ərəblərdə heç vaxt ölçü vahidi kimi işlənməmişdir. Azərbaycan və Kərkük türklərində isə hoqqa ən qədim ölçü vahidlərindən biri olmuşdur. Buradan belə qənaətə gəlmək olar ki, bir çox türk xalqlarında ən qədim ölçü vahidi kimi işlənmiş hoqqa ərəb dilindən alınmamışdır. Qədim şumer dilində hoqqa sözünə rast gəlinməsi də onun türk sözü olduğunu təsdiqləyir.
Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 461. ISBN 978-9952-34-152-2