Bab-ı Əli hücumu (Osmanlı türkcəsi: باب علي غارة) — Osmanlı imperiyasında 23 yanvar 1913 tarixində Ənvər bəy və Tələt bəyin rəhbərliyi ilə baş tutan hərbi çevriliş. Çevriliş əsnasında hərbi nazir Nazim Paşa öldürülmüş, sədrəzəm Kamil Paşa istehfa verməyə zorlanmışdır. Nəticədə hakimiyyət İttihad və Tərəqqi cəmiyyətinin əlinə keçmişdir.
21 noyabr 1911-ci ildə İttihad və Tərəqqi müxalifləri tərəfindən Hürriyət və İttifaq cəmiyyəti qurulmuş, qısa müddətdə xeyli millət vəkili bu cəmiyyətin ətrafında cəmlənmişdi. Qurulduqdan 20 gün sonra baş tutan seçimlərdə qələbə qazanan bu cəmiyyət hakimiyyətdə çox qala bilmədi. Belə ki, İttihadçılar hiyləylə Sultan Rəşada məclisi ləğv etdirmiş, 1912-ci ilin aprelində keçirilən növbədən kənar seçimləri qazanmışdı. "Dəyənəkli seçimlər" adıyla anılan və müxalif qüvvələrin təqibiylə nəticələnən bu seçimlərin sonunda məclisə yalnız 6 nəfər müxalif vəkil daxil ola bilmişdi.
Seçimdə məğlub olan Hürriyət və İttifaq cəmiyyəti isə seçim əsnasındakı hiylə və zorakılıqları bəhanə edərək bu seçimin ədalətli olmadığını elan edirdilər. Bu əsnada İttihadçıların zorla hakimiyyəti ələ almasından narazı olan bir qrup ordu zabiti isə dağlara çəkilərək üsyan başlatmış, İstanbuldakı digər İttihad müxaliflərini, o cümlədən Sultanzadə Səbahəddin bəyi də öz yanlarına çəkmişdilər. Mətbuatda sərt dilli məqalələr nəşr etdirən və hərbi şuraya memorandum göndərən bu zabitlər birliyi sədrəzəm Səid Paşanın istehfa verməsinə səbəb oldular.
21 iyul 1912-ci ildə Əhməd Muxtar Paşanın rəhbərliyində yeni hökumət kabineti quruldu. Tərəfsiz dövlət adamlarından təşkil olunan hökumət kabinetinə 3 sabiq sədrəzəm daxil olduğu üçün, əhali bu hökumətə “böyük kabinet” adını vermişdi. Yeni hökumətdə İttihadçılardan heç kimin olmaması səbəbilə hər kəs məclisin bağlanacağını düşünürdü. Belə də oldu. Belə ki, Rumelidə ayaqlanan zabitlər birliyi məclis rəhbəri Xəlil bəyə xəbər göndərərək məclisin 48 saat ərzində bağlanmasını tələb etdi. İttihadçıların çoxluq təşkil etdiyi məclisin vəziyəti tənqid etməsinə baxmayaraq sədrəzəm Əhməd Muxtar Paşa Sultan Rəşadın əliylə Məclis-i Məbusanı ləğv etdi (4 avqust). Məclisin bağlanması ilə hərbi vəziyyət elan olundu. Balkan müharibəsinin başlamasının ardından (8 oktyabr) İtaliyayla sülh bağlayan hökumət (18 oktyabr) bu sülhlə birlikdə Trablusqərb-Benqazi bölgəsinin itirilməsini qəbul etdi. Ordu daxilindəki nizamsızlıq cəbhədə ağır məğlubiyyətlərə səbəb oldu. Egey adaları və Ədirnəyə qədərki bütün Rumeli torpaqları itirildi. Bu vəziyyətdə sultan, Əhməd Muxtar Paşanı vəzifədən aldı və Mehmed Kamil Paşanı sədarətə gətirdi (29 oktyabr). Kamil Paşa Məclis-i Məbusan ləğv edildiyi üçün sarayda yeni bir məclis çağırdı. Məşvərət üçün çağırdığı bu məclisə Mahmud Şövkət Paşa bəhanə göstərərək qatılmadı. Şahzadələr isə dinləyici olaraq məclisdə iştirak etdilər.
23 yanvar 1913-cü il saat 14:30-da Sapancalı Haqqı bəy Ənvər bəylə görüşərək hər şeyin hazır olduğunu bildirdi. Ənvər bəy onu gözləyən ağ rəngli atına minərək İzmitli Mümtaz və Filibəli Hilmi bəylə Bab-ı Əliyə yola düşdü. Bu əsnada əhali Ədirnənin bolqarlara təslim ediləcəyi şayələriylə qızışdırılmış, camaat Bab-ı Əli binası önünə toplanmışdı. Ənvər bəy yanındakı yaxın adamlarıyla (Yaqub Cəmil bəy, İzmitli Mümtaz bəy, Mithat Şükrü bəy, Tələt bəy, Mustafa Nəcib bəy, Filibəli Hilmi bəy və Sapancalı Haqqı bəy) birlikdə Bab-ı Əli binasına daxil olmuş, qapıdakı atışmada sədrəzəm yavəri Ohrili Nafiz bəy və Mustafa Nəcib həlak olmuşdur. Səs-küyə otağından çıxan Nazim Paşa İttihadçılardan Yaqub Cəmil bəy tərəfindən öldürülmüşdür.
Daha sonra Ənvər bəy və Tələt bəy, sədrəzəm Kamil Paşanın otağına daxil olaraq silah zoruyla ona istehfa sənədini imzalatmış, Ənvər bəy istehfa məktubunu saraya şəxsən özü təqdim etmişdir. Kamil Paşanın imzaladığı istehfa məktubu isə aşağıdakı kimi olmuşdur:
"Huzur-ı Âlî-i Hazret-i Padişahî
Ahali ve cihet-i askeriyeden vuku bulan teklif üzerine huzur-ı şahanelerine istifanâme-i acizanemin arzına mecbur olduğum muhat-i ilm-i âlî buyuruldukta ol babda ve katibe-i ahvalde emr-ü ferman hazret-i veliyyü'l-emr efendimizindir."
Kamil Paşanın istehfa sənədi Sultan Rəşad tərəfindən həmin gün təsdiqlənmiş və İttihadçıların istəyilə sədarətə Mahmud Şövkət Paşa gətirilmişdir. Mahmud Paşa hökuməti isə gözlənilənin əksinə İttihad müxaliflərinə qarşı mülayim siyasət yeritdi. Bu mülayim münasibət 11 iyun 1913 tarixində Mahmud Paşanın sui-qəsdlə öldürülməsinə qədər davam etdi. Sui-qəsdin ardından İttihad və Tərəqqi cəmiyyəti müxaliflərinə qarşı sərt tədbirlər aldı. Ənvər-Camal-Tələt üçlüyü tərəfindən idarə olunan yeni hökumət keçmiş sədrəzəmlərdən Kamil Paşa və hökumətinin maliyyə naziri olan Əbdürrəhman bəy, daxili işlər naziri Əhməd Rəşid bəy və şeyxülislam Cəmaləddin Əfəndini ölkədən sürgün etdi. Müharibəyə səbəb olmaq və hərbi vəziyyəti idarə edə bilməmə səbəbləriylə Əhməd Muxtar Paşa və Kamil Paşa hökumətləri haqqında məhkəmə işi açıldı. Tamamilə İttihadçılardan ibarət olan hökumət ilk öncə Mahmud Şövkət Paşa cinayətindəki təqsirkarları cəzalandırdı. Ancaq bu mühakimə prosesi öz hüdudlarını aşmış, İttihadçılar bu yolla bütün müxaliflərini aradan qaldırmışdı. 350 nəfər Sinopa sürgün edilmiş, 12 nəfər haqqında edam hökmü verilmişdi.
Kamil Paşanı vətənə xəyanətlə günahlandıran və Ədirnəni xilas etmək vədiylə iqtidarı ələ keçirən İttihadçılar London müqaviləsini imzalayaraq (30 may) Ədirnə də daxil olmaqla, bütün Rumelini Balkan dövlətlərinə təslim etdi.