Əhməd Muxtar Paşa

Əhməd Muxtar Paşa (1 noyabr 1832, Bursa21 yanvar 1919[1], Konstantinopol) — V Mehmed Rəşadın səltənətində 3 ay 7 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Osmanlı dövlət xadimi Mahmud Muxtar Paşanın atasıdır.

Əhməd Muxtar Paşa
türk. Ahmed Muhtar-paşa
22 iyul 1912 – 29 oktyabr 1912
ƏvvəlkiMehmed Səid Paşa
SonrakıMehmed Kamil Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1832(1832-11-01)
Doğum yeri
Vəfat tarixi 21 yanvar 1919(1919-01-21)[1] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti siyasətçi, astronom, zabit
Atası Hacı Xəlil ağa Qatırçıoğlu
Uşağı
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general, marşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 noyabr 1839-cu ildə Bursada məşhur Qatırçıoğlu ailəsindən olan Hacı Xəlil ağanın ailəsində dünyaya gəlmişdir. 1856-cı ildə Bursa hərbi məktəbini, 1860-cı ildə isə İstanbuldakı Hərbiyyə məktəbini bitirərək leytenant rütbəsi almış, 1 il sonra isə qərargah kapitanlığına yüksəlmişdir.

İlk hərb təcrübəsinə isə HerseqovinaQaradağdakı üsyanları yatırmaq üçün göndərilən sərdar-ı əkrəm Ömər Lütfi Paşanın idarəsindəki orduda başladı. Burada göstərdiyi şücaətə görə Məcidi nişanı ilə mükafatlandırıldı və 1862-ci ildə özünün də məzun olduğu Hərbiyə məktəbində dərs deməyə başladı. 1 may 1864-cü ildə mayor rütbəsinə yüksəldi və Adananın Kozan bölgəsində çıxan üsyanı yatırmaq üçün təsis edilmiş islah ordusunda vəzifələndirildi.

1866-cı ildə İstanbula qayıdan Əhməd Muxtar bəy podpolkovnik rütbəsi aldı, ardından Şahzadə Yusif İzzəddin Əfəndinin xüsusi müəllimliyinə gətirildi. Bu vəzifədə ikən Sultan Əbdüləzizlə birlikdə Avropa səyahətinə qatıldı. 30 may 1868-ci ildə Qaradağ sərhəddini nizamlamaq üçün qurulan komitənin birinci katibi seçildi. 2 may 1869-cu ildə polkovnik rütbəsinə yüksəldi və 1 il sonra Darüşşurayi Əsgəriyyə adlanan dövrün ən yüksək hərbi məclisinə üzv seçildi. Ancaq 9 sentyabr 1870-ci ildə xəstəliyini səbəb göstərərək katiblik vəzifəsindən istehfa verdi və İstanbula qayıtdı. Çox keçmədən 6 dekabrda general-mayor təyin olunan Əhməd Muxtar bəy, Yəmən üsyanını yatırmaqla vəzifələndirilən orduda ikinci komandir olaraq vəzifələndirildi. Beləliklə 9 il davam edən hərbi həyatının sonunda paşa ünvanı almış oldu.

2 il 5 ay 9 gün Yəməndə qalan Əhməd Muxtar Paşa bu müddət ərzində bir çox işlər gördü. Hal-hazırda Səudiyyə Ərəbistanına aid olan Asir bölgəsində çıxan üsyanı yatıraraq bölgəni Yəmən vilayətinə birləşdirdi. Bu səbəblə 17 may 1871-ci ildə general-leytenant, 10 sentyabr 1871-ci ildə isə hələ 32 yaşında ikən marşal rütbəsi ilə Yəmən valisi təyin olundu. Ardından Sinay yarımadasını da təslim alan Əhməd Muxtar Paşa bölgədəki Yəmən üsyanına son qoyaraq dövlət idarəsini bərpa etdi.

15 may 1873-cü ildə Nafiə (İnkişaf) Nazirliyinə gətirildi və İstanbula qayıtdı. Ancaq çox keçmədən 11 iyulda Krit valisi, 2 avqustda isə ikinci ordu marşalı təyin oldundu və Bolqarıstanın şimal sərhəddinə göndərildi. 16 sentyabr 1874-cü ildə dördüncü ordu marşalıƏrzurum valisi təyin edildi. Bu vəzifədə ikən çıxa biləcək hər hansı bir Osmanlı-Rusiya müharibəsinə qarşı hərbi hazırlıq işləri gördü. Ancaq dövrün ruspərəst sədrəzəmi Mahmud Nədim Paşa ilə bu səbəblə münasibətləri pisləşdi və 14 dekabr 1875-ci ildə vəzifədən alınaraq İstanbula çağırıldı. O əsnada Şahzadə Yusif İzzəddin Əfəndinin idarəsində olan hərbi birlikdə qərargah rəisi və bununla yanaşı Bosniya-Herseq baş komandiri oldu.

13 yanvar 1876-cı ildə Mostara doğru irəliləyən Əhməd Muxtar Paşa bölgədə baş verən üsyanla mübarizə apardı. Üsyançıları məğlub etdikdən sonra ordu ilə birlikdə Gaska çayı sahillərinə gəldi. Ancaq bu əsnada Sultan Əbdüləzizin devrilərək Sultan Muradın taxta çıxarılması, Balkan yarımadasındakı xristian əhalini cəsarətləndirdi və bölgədəki nizam-intizam yenidən pozuldu. 1 iyulda Serbiya, ertəsi gün isə Qaradağ Osmanlı imperiyasına müharibə elan etdi. Bunların ardından Əhməd Muxtar Paşa bölgədəki bütün hərbi birlikləri Mostar bölgəsində toplayaraq iğtişaşları önləmək istədi. Ancaq qaradağlıların hücuma keçməsi ilə əks-hücuma keçən Osmanlı ordusu Qaradağ sərhədlərini keçdi. Osmanlı ordusunun irəliləməsinin ardından Avropa ölkələri İstanbulda bir konfrans keçirilməsini qərara aldılar. Ordunun cəbhədəki vəziyyətini bilən Əhməd Muxtar Paşa dərhal İstanbula teleqraf göndərərək 23 dekabrda toplanacaq olan konfransda nə olursa-olsun sülh bağlanmasını və Rusiya ilə hər hansı bir hərbi münaqişədən qaçınılmasını məsləhət gördü. Ancaq bu teleqraf paytaxtda bir mənalı qarşılanmadı və artan narazılığın ardından 27 dekabrda vəzifədən alınaraq İstanbula çağırıldı. 3 yanvar 1877-ci ildə Krit valisi, ardından 8 fevralda dördüncü ordu marşalı və Anadolu ordusunun başkomandiri təyin olundu.

Rusiya-Osmanlı müharibəsi

[redaktə | mənbəni redaktə et]

Burada Mehmed Rədif Paşa ilə birlikdə Anadolu bölgəsi üçün müharibə planı hazırlayan Əhməd Muxtar Paşanın əsas niyyəti bütün cəbhələrdə müdafiədə qalmaq və donanma ilə Qara dənizdəki vəziyyəti sabitləşdirmək idi. Sultan Əbdülhəmidin hüzurunda müzakirə edilən döyüş planı qəbul edildi və Əhməd Muxtar Paşa vəzifə yeri olan Ərzuruma getdi. 7 apreldə buraya gələn Əhməd Muxtar Paşa əvvəlcə şərqi Anadolu ordusunu nizama saldı. Dördüncü ordu tabeliyindəki 48 min əsgərlə 300 km-dən çox uzunluğu olan bir cəbhəni müdafiə etdi. 24 aprel gecəsi rusların Osmanlı sərhəddini keçərək hücuma keçməsi ilə 1877–1878 Osmanlı-Rusiya müharibəsi başlamış oldu. Rusların 17 mayda Ərdəhanı almalarının ardından, Əhməd Muxtar Paşa Soğanlı, Alaşkerd və Ərzurumda yetərli miqdarda ehtiyat qüvvə saxlayaraq, geri qalan orduyla geri çəkilməyə başladı. Ancaq Ağrı bölgəsinin işğalı və Qars şəhərinin mühasirəyə alınmasından sonra Osmanlı ordusu 21 iyunda əks-hücuma keçdi. Rus ordusu əvvəlcə Halyas, ardından 25 – 27 iyunda Zivində ağır məğlubiyyətə uğradı. Osmanlı ordusu ağır itkilər versə də, rusların Anadoluya irəliləməsi dayandırıldı və düşmən Gümrü istiqamətində geri çəkildi. 25 avqustda baş tutan Qızıltəpə vuruşması da Osmanlıların qələbəsi ilə başa çatdı. Ard-arda qazanılan qələbələrin ardından Sultan Əbdülhəmid Əhməd Muxtar Paşaya "qazi" ünvanı verdi, bir qılınc, 2 at və dəyərli daş-qaşlarla bəzədilmiş Məcidi nişanı göndərdi. Ancaq Əhməd Muxtar Paşanın ordusunda bir çox əskikliklər var idi və hökumətdən dəfələrlə tələb etsə də, bu istəklər ödənilmirdi. Bu müddət ərzində ehtiyat qüvvələrlə dönən 70 minlik rus ordusu 2 oktyabrda hücuma keçdi və 3 gün davam edən döyüş 35 minlik Osmanlı ordusunun qələbəsi ilə başa çatdı (Yahnilər döyüşü). Ancaq ordusu çox zəifləmiş və döyüş sursatları azalmışdı. Bu səbəblə 9 oktyabrda Osmanlı ordusu geri çəkildi və beləliklə, Anadoluya gedən yol açıldı. Rus ordusu dərhal irəlilədi və 15 oktyabrda baş tutan Alacadağ döyüşündə qalib gəldilər. Məğlubiyyətin ardındn Qarsa çəkilən Əhməd Muxtar Paşa, lazımi müdafiə işlıərini gördü və şəhərin müdafiəsini Hami Paşaya tapşıraraq Ərzuruma qayıtdı. Burada şəhərin müdafiəsi üçün tədbirlər görsə də, ruslar 4 noyabrda Dəvəboynu adlanan yerdə yenə qələbə qazandılar və Əhməd Muxtar Paşa sağ qalan əsgərləri ilə birlikdə Ərzurumdakı Əziziyə istehkamında mövqeləndi. 8 noyabrda bura da hücum edən rusları bu dəfə yerli əhali ilə birlikdə geri püskürtdü (Ərzurum döyüşü) və ruslar geri çəkilməyə başladılar. Əziziyədə baş tutan toqquşma ilə rusların şərqi Anadoludakı irəliləyişi dayandırıldı. Ancaq 18 noyabrda yerli ermənilərin də dəstəyilə Qars qalası ruslar tərəfindən işğal edildi və Əhməd Muxtar Paşa Ərzurumda qalaraq yeni müdafiə tədbirlərilə məşğul oldu. Qışın gəlişi ilə bölgədəki hərbi vəziyyət səngidi və Qazi Əhməd Muxtar Paşa 9 yanvar 1878-ci ildə İstanbula çağrıldı. Bununla da onun dördüncü ordu marşalı və Anadolu ordusu baş komandirliyi başa çatmış oldu.

Əleyhdarlarının fəaliyyətinə baxmayaraq Qazi Əhməd Muxtar Paşa 17 yanvarda Çatalca istehkamları başkomandiri təyin edildi. Ancaq döyüş planı üzrə Sultan Əbdülhəmidlə anlaşmazlıq yaşadı və 29 martda vəzifəsindən alınaraq Baş qərargah rəisliyinə gətirildi. Baş verən üsyanı yatırmaq məqsədilə 9 sentyabrda Kritə yollandı. Üsyanı sülhlə yatırdı və ardından Yunanıstanla torpaq müzakirələrinə qatıldı. Müzakirələrin sonunda torpaq itkisinin qarşısını aldı və 27 mart 1879-cu ildə üçüncü ordu marşallığı ilə Manastır valiliyinə gətirildi. Ancaq 1 il sonra mart ayında Baş qərargah rəisliyindən, 27 avqustda isə marşal və valilik vəzifələrindən alındı. Yunanıstanla sərhəd müzakirələri aparmaq üçün İstanbulda toplanan konfransda (1881) iştirak etdi, ardından Almaniyaya (1883) və İtaliyaya (1884) səyahət etdi.

İngiltərənin 1882-ci ildə Misirə ordu yeritməsi ilə başlayan Misir problemini həll etmək və 24 oktyabr 1885 tarixli Osmanlı-İngiltərə razılığı ilə ingilislərin bölgəni tərk etmə şərtlərini müzakirə etmək məqsədilə Əhməd Muxtar Paşa 5 noyabr 1885-ci ildə Misir fövqəladə komissiyası katibliyinə təyin olundu. 1 yanvar 1886-cı ildə Ser Henri Drummondla müzakirələrə başladı və yaranan anlaşmazlıq nəticəsində Ser Henri ölkəsinə geri çağrıldı. Müzakirələrin yarıda kəsilməsinin ardından İngiltərə bölgəyə heç bir məsul şəxs göndərməmiş, nəticədə ingilis əsgərləri bölgəni tərk etməmişdir. Ancaq Əhməd Muxtar Paşa Sultan Əbdülhəmidin verdiyi əmrlə burada qaldı və İstanbula yalnız 26 il sonra 1908-ci ildə, İkinci məşrutiyyətin elanından sonra qayıda bildi.

Məşrutiyyət illəri

[redaktə | mənbəni redaktə et]

İstanbula gəldikdən sonra 13 sentyabrda yenicə təşkil edilmiş hərb məclisinə, 16 dekabrda isə şəxsən Sultan Əbdülhəmid tərəfindən Əyan məclisinə üzv seçildi. 31 mart hadisələrinin ardından yaranan siyasi böhranda və Sultan Əbdülhəmidin devrilərək Sultan Rəşadın taxta çıxarılmasında yaxından iştirak etdi. 3 iyun 1909-cu ildə fövqəladə səfir olaraq yeni sultanın cülusu ilə bağlı bir çox Avropa ölkələrinə göndərildi. Elə həmin ilin 3 dekabrında təqaüdə ayrılsa da, Əyan məclisindəki siyasi həyatına davam etdi. Ölkədə iqtidarı ələ alan İttihad və Tərəqqi hökuməti ilə müxalif qüvvələr arasında yaranan siyasi böhran vəziyyətində tərəfsiz mövqeyi səbəbilə fərqləndi və 22 iyul 1912-ci ildə sədarətə gətirildi. Məşrutiyyət dönəminin hərb keçmişli ilk sədrəzəmi olan Əhməd Muxtar Paşa tərəfsiz dövlət adamlarından təşkil etdiyi hökumət kabinetinə 3 sabiq sədrəzəmi də daxil etdiyi üçün, əhali bu hökumətə "böyük kabinet" adını vermişdi. Bu hökumət kabinetində özü ilə yanaşı oğlu Mahmud Muxtar Paşa da yer alırdı. İttihad və Tərəqqinin artan təzyiqinə baxmayaraq iqtidardan getməsi 1908-ci ildən bəri davam edən siyasi tarazlığı tamamilə dəyişdirdi. Bunun ən ağır nəticələri isə Balkan müharibəsi əsnasında görüldü. Əhməd Muxtar Paşa ilk öncə uzun müddətdir davam edən hərbi vəziyyəti ləğv etdi (23 iyul). Ardından Sultan Rəşadın əliylə Məclis-i Məbusanı ləğv etdirdi (4 avqust). Balkan müharibəsinin başlamasının ardından (8 oktyabr) İtalyayla sülh bağlayan hökumət (18 oktyabr) bu sülhlə birlikdə Trablusqərb-Benqazi bölgəsinin itirilməsini qəbul etdi. Ordu daxilindəki nizamsızlıq cəbhədə ağır məğlubiyyətlərə səbəb oldu. Egey adaları və Ədirnəyə qədərki bütün Rumeli torpaqları itirildi. Bu vəziyyətdə sultan, Əhməd Muxtar Paşanı vəzifədən aldı və Mehmed Kamil Paşanı sədarətə gətirdi (29 oktyabr).

Sədarətdən alındıqdan sonra Əyan məclisindəki siyasi həyatını davam etdirdi ancaq yenidən hakimiyyəti ələ alan İttihadçılarla münasibətləri pisləşmişdi və bu səbəblə bir daha aktiv siyasi vəzifəyə gətirilmədi. Hətta bir müddət sonra Balkan müharibəsindəki məğlubiyyətdə əsas təqsirkar görülərək İttihadçılar tərəfindən hərb divanında mühakimə edilsə də (22 iyul 1914), Məclis-i Məbusanın 2 avqustda tətilə getməsilə məhkəmə işi yarımçıq qaldı. Əyan olaraq bir müddət daha vəzifəsinə davam edən Əhməd Muxtar Paşa 21 yanvar 1919-cu ildə İstanbuldakı köşkündə vəfat etdi və Fateh məscidi yaxınlığında dəfn olundu.

Hərbi və siyasi karyerası ilə yanaşı elmlə də məşğul olan Əhməd Muxtar Paşa mükəmməl fransızca bilirdi. Adətən riyaziyyatastronomiya mövzularında bir çox əsər yazmışdır. Oğlu Mahmud Muxtar Paşanı Misir xədivi İsmayıl Paşanın qızı Nemətullah xanımla evləndirmişdir. Cütlüyün oğlu Ömər Muxtar Qatırçıoğlu isə yenə Misir xədivi II Abbas Hilmi Paşanın qızı Lütfiyə Hilmiylə evlənmişdir.

  • Riyâzü'l-Muhtâr Mir'âtü'l-mîkāt ve'l-edvâr maa Mecmûati'l-eşkâl (Qahirə 1886) — Əsər İstanbulda yazılsa da, o əsnada vəzifədə olduğu Qahirədə nəşr olunmuşdur. Əsərdə astronomik ölçmələr və şəmsi-qəməri təqvimlə bağlı hesablamalar yer almışdır.
  • Islâhu't-takvîm (Qahirə 1890) — Türkərəb dilində nəşr olunan bu əsər müəllifin astronomik mövzuda yazdığı bir digər əsərdir. Fransız dilinə də tərcümə edilən əsər (La réforme du calendrier traduit de l'original turc, Leyden 1898) səbəbilə, Almaniya hökuməti paşaya qızıl medal hədiyyə etmişdir.
  • Takvîm-i Sâl (İstanbul 1910);
  • Sergüzeşt-i Hayâtımın Cild-i Sânîsi: 1294 Anadoluda Rus Muharebesi (İstanbul 1910);
  • Takvîmü's-sinîn (İstanbul 1913);
  • Serâirü'l-Kur'ân fî tekvîni ve ifnâi ve iâdeti'l- ekvân (İstanbul 1918);
  • Temmuz 1330'da Meclis-i Meb'ûsân'da Geçen Dîvân-ı Âlî Bahislerine Bir Nazar.
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.