Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar.
Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda[1], yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
1890–91-ci illərdə Bern şəhərinin 700-cü ildönümü münasibətilə fəvvarələr ehtiyatla bərpa edilmişdir. 1896-cı ildə Henri Fillip adlı bir çəkməçi Berndə fəvvarələrin saxlanılması üçün bütün sərvətini şəhər bələdiyyəsinə vəsiyyət etmişdir, bu da 1925-ci ildə ümumi yenilənmə işlərinin icra olunmasına böyük yardım olmuşdur.
Fəvvarə sütunları əvvəllər sadə rənglərə boyanmışdı. Hal-hazırda hava təsirinə müqavimət göstərmək üçün sütun və heykəllərdə daha parlaq rənglər istifadə olunur[2].