Beyləqan ərazi özünümüdafiə batalyonu (kiril qraf. Бејләган әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Beyləqan batalyonu — Qarabağ müharibəsində Beyləqan rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu.
Beyləqan batalyonu | |
---|---|
Beyləqan ərazi özünümüdafiə batalyonu kiril qraf. Бејләган әрази өзүнүмүдафиә баталјону | |
Növü | quru qoşunları |
Yaranma tarixi | yanvar 1992[1] |
Ölkə | Azərbaycan |
Vəzifəsi | müdafiə |
Qərargah | Beyləqan rayonu, Birinci Şahsevən kəndi |
Himayədarı | Azərbaycan Müdafiə Nazirliyi |
Təchizatı | yüngül silahlar |
Müharibələr | Qarabağ müharibəsi |
Döyüşlər |
→ Xocavənd rayonunun müdafiəsi uğrunda döyüşlər → Füzuli rayonunun müdafiəsi uğrunda döyüşlər |
Komandanlıq | |
Məşhur komandirləri | Məhəmməd Qədirov |
Beyləqan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olmasa da, həmin ərazilərə yaxınlığı ilə seçilir. Qarabağ münaqişəsinin ilk vaxtlarında XX əsrin 80-cı illərinin sonunda Beyləqan əhalisi, xüsusilə gənc nəsil könüllü qaydada döyüş bölgələrinə Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam, Laçınlarına üz tutur, orada yerli əhalinin özünümüdafiə dəstələrinə yardım edirlər.
1991-ci ilin oktyabr ayından etibarən respublikada milli müdafiə batalyonlarının yaradılmasına başlanılır. O dövrdə ancaq Dağlıq Qarabağ və Ermənistanla sərhəd rayonlarda özünümüdafiə batalyonların yardılmasına icazə verilir.[1] Bu səbəblə Beyləqan kimi münaqişə ocağından nisbətən aralı rayonda batalyonun yaradılmasına Müdafiə Nazirliyi əmr verməmişdi. Lakin rayon rəhbərliyi, hərbi komissarlıq, xüsusilə rayon gəncləri belə bir batalyonun yaradılmasını arzulayır.[1]
1991-ci ilin payızından etibarən Beyləqan əhalisi müdafiə məqsədilə lazımi hazırlıqlara başlayır, rayon ərazisində olan idarə, müəssisə və təşkilatlar yerli əhali ilə birlikdə batalyonların yaradılmasında iştirak edir, vəsait toplanır. 1991-ci ilin sonlarında Müdafiə Nazirliyinin nümayəndələri tez-tez Beyləqan rayonunda olur, rayon rəhbərliyi və hərbi komissarlığın nümayəndələri hər dəfə onlarla görüşdükdə rayonda könüllülərdən ibarət özünümüdafiə batalyonun yaradılması firkini irəli sürür və batalyon yaratmağa hazır olduqlarını bildirirlər. Həmin vaxtlarda rayon əhalisi 2 milyon 843 min manat pul toplamış və hərbi lavazimat əldə etmişdi.
1991-ci ilin noyabr ayında rayon hərbi komissarlığı komissar Məhəmməd Qədirovun rəhbərliyi ilə sovet ordusu sıralarında xidmət etmiş və ali təhsil aldıqları dövrdə zabit rütbəsi almış, ehtiyatda olanların çağırışını keçirir. 400-500 nəfər ehtiyatda olan zabit toplanılır, onlarla söhbət aparılır. 1991-cı ilin dekabrında daha bir toplantı keçirilir. Toplantıda özünümüdafiə batalyonun yaradılması və onun dislokasiya yeri müəyyənləşdirilir. Dislokasiya üçün Birinci Şahsevən (Daşburun dəmiryol stansiyası) kəndi yaxınlığında yerləşən PMK-15 (SMD) adlanan yaşayış məntəqəsi seçilir. Burada əvvəllər kiçik hərbi hissə olmuş, sonra həbsxanaya çevrilmiş, daha sonra texniki peşə məktəbi kimi fəaliyyət göstərmişdi. Rayon rəhbərliyi idarə və müəssisələrin köməyi və hərbi komissarlığın yaxından iştirakı ilə həmin ərazidə təmir-tikinti işləri görülür və bina tam yararlı hala gətirilir. 1992-ci ilin yanvarında məntəqə hazır olur.
1992-ci ilin yanvarında könüllülük əsasında və çağırışla Beyləqan rayonu gəncləri ərazi özünümüdafiə batalyonuna yığılır, batalyonun heyətinin toplanması işləri aparılır, təlimlər keçirilir. İşlər tamamlanandan sonra Beyləqan rayon hərbi komissarı mayor Məhəmməd Qədirovun təsdiq etdiyi ərazi özünümüdafiə batalyonunun ştatı 17 yanvar 1992-ci il tarixində Müdafiə Nazirliyinə göndərilir və ayın sonunda batalyonun ştatı nazirlik tərəfindən təsdiq edilir, beləliklə də batalyon 849 saylı hərbi hissə kimi fəaliyətə başlayır.
Batatalyonun zabit və əsgər heyəti daimi dislokasiya yerində və Xocavənd rayonunun Muğanlı kəndi yaxınlığındakı Kəmərdağ üzərindəki mövqedə yerləşib. Müdafiə Nazirliyinin əmri əsasında Muğanlı və Kuropatkino kəndlərinin müdafiəsi Beyləqan batalyonuna həvalə olunub.[1] Beyləqan ərazi özünümüdafiə batalyonu Füzuli rayonunun müdafiəsində də iştirak etmişdir.[1]