Boris Qodunov

Boris Fyodroviç Qodunov (1552 - 13 aprel 1605)—rus çarı.

Boris Qodunov
rus. Бори́с Фёдорович Годуно́в
bayraq
İmperator
bayraq2
1 sentyabr, 1598 – 13 aprel, 1605
Əvvəlkiİrina Qodunova
SonrakıII Fyodor
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Rusiya
Vəfat tarixi
Vəfat yeri Rusiya, Moskva
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti siyasətçi
Dini xristiyan-provaslav

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Fyodroviç Qodunov 1552-ci ildə Rusiyada anadan olmuşdu. Onun mənsub olduğu qodunovlar soyu tatar knyazı Çetin soyundan gəlir. Atası ortabab mülkədar idi. Ulu babalarının Rus çarına xidmətə gəldiyi vaxtdan artıq 200 il keçirdi. Rusun dostuna dost, düşməninə düşmən idilər. Ailə elə də məşhur ailə deyildi. Bəlkə elə gözə dəymədikləri üçün də İvan Qroznı varlı və şanlı boyarlara divan tutanda Kostromalı Qodunovlar onun diqqətini cəlb etməmiş, beləliklə qanlı repressiya onlardan yan keçmişdi. Çox keçmir ki, Boris Qodunovun atası ölür, övladsız əmisi onu və bacısını himayəsinə alır. Tezliklə bu yetim uşaqları saraya götürürlər. Özündən kiçik bacısı gözəl İrina təhsilli-tərbiyəli və mətin bir qız kimi sarayda hamının hüsn-rəğbətini qazanır. Belə ki, çar İvan Qroznı oğlu şahzadə Fyodor cavanlıq həddinə dolan kimi onu gəlin gətirir. Boris Qodunov özü da çardan sonra dövlətin ikinci adamı sayılan Malyuta Skuratovun qızı ilə evlənir. Çox keçmir ki, Qodunovun qaynatası Skuratov Livoniyada (Livon müharibəsi gedirdi) bir qalanın mühasirəsi zamanı İsveç gülləsinə tuş gəlir. İvan Qroznının onu nə qədər istədiyi bir daha aydın olur. Qəzəbdən başını itirmiş çar böyük tonqal qalatdırır, əlindəki əsir isveçliləri diri-diri tonqala atdırır, yenə ürəyi soyumur. İtki böyük idi.

Boris Qodunov ilk gəncliyindən çar qulluğu aparmış, çara yaxın adam olmuşdu. Belə ki, çarın yataq otağına qarovul dəstəsini təyin edən, ona göz olan Qodunov özü idi. Daim sarayda yaşayan Qodunov tarixçi Klyuçevskinin obyektiv rəyinə görə bir dəfə də olsun özünü ləkələyən və cəmiyyətin gozündən salan bir hərəkətə də yol verməmişdi. Amma onun həyatının bu zaman burulğanlar, fırtınalar içində keçdiyini də gərək qəbul edəsən.

1581-ci ildə öz otağında yarıçılpaq oturan "ədəbsiz" gəlinini hirslənib döyən İvan Qroznı bu yersiz hərəkətinin onun öz taleyində necə məşum rol oynayacağını yatsa da yuxusunda görməzdi. Oğlu vəliəhd İvan arvadının müdafiəsinə qalxır, çünki gəlin bu döyülmədə uşaq salmışdı. Çar qəzəb içində əlindəki dəmir ucluqlu ağır əsa ilə oğlunu vurub öldürür. Vəliəhdi öldürməklə artıq Rus taxt-tacının gələcək sahibi şahzadə Fyodor olur. Çar qaynı olacaq Qodunovun hörməti və nüfuzu birə beş artır. Ömrünün son illərində çar İvan Qroznı hamıdan çox Qodunova inanırdı. Oğlu, indi yeganə varisi Fyodoru ona əmanət edirdi.

Qodunovlarla yola getməyən knyaz Tulupovları və Kolıçevləri (hər iki ailə türk əsilli idi) ucdantutma qırdırır. Lakin indi yeganə varisinin (sonuncu arvaddan doğulan oğlu hələ bələkdə idi) övladı olmadığını görüb arvadını boşatdırmağa onu razı sala bilmir. Çünki İrina Qodunova gözəl olmaqla bərabər zabitəli, hökmü-fərma qadın idi; şahzadə tamamilə ondan asılı idi. Füsunkar İrina Qodunova həm də Rus tarixində ilk qadındır ki, rəsmən ilk dəfə çıxış edib - Konstantinopol patriarxı qarşısında.

1584-cü ildə təkcə adı ilə ölkəni lərzəyə salan çar İvan Qroznı vəfat etdi. Öz əllərilə oğlunu öldürdükdən sonra onun həyatı da ruhu kimi pozulmuşdu. Bu vaxtdan Rusun fırtınalı dövrü başlayır. Boyarların bir çoxu ağıldan zəif Fyodoru taxtdan salmaq niyyətində idi. Onu taxtda saxlayan qaynı Boris Qodunov idi. Əslində Rusu o idarə edirdi. Qodunovun düşmənlərinin başında Rüriklər nəslindən olan Şuyski qardaşları dururdu. Onlar özlərini çarlığın qanuni varisi bilir, Qodunovun hakimiyyətini qanunsuz sayırdılar. Təsadüfi deyil ki, Yalançı Dmitridən sonra hakimiyyətə gələcək Vasili Şuyski Yalançı çara qarşı sui-qəsd ərəfəsində həmfikirlərinə demişdi: -Yalançı Dmitrini ona görə əsil şahzadə kimi qəbul etdim ki, məqsədim Qodunovu yıxmaq idi.

Qodunovun isə qayğıları bitib-tükənmirdi. Ölkədə baş verən bütün bəlaların səbəbini onun boynuna qoyurdular. İvan Qroznının son arvadından olan oğlu epilepsiya xəstəsi şahzadə Dmitri ehtiyatsızlıq üçündan ölür. Bu təsadüfi hadisə qətl kimi qələmə verilir. Qətli Boris Qodunovun üstünə yıxdılar. İndiyədək tarix bu hadisənin əsil səbəbini açmadan susur. İstintaq materiallarının özündəki saxtakarlıq bu gün belə sezilməkdədir. Belə olan halda işin əslini kim və necə biləcəkdir?!

Balaca şahzadə Dmitri ürəkkeçmə xəstəliyinə baxmayaraq atasının tam eyni idi. o anası və yaxınları ilə onlara udel verilmiş (müstəqil idarəyə) Uqliçdə yaşayırdı. Qar yağarkən bu qardan müxtəlif heykəllər düzəldir və hər birinə bir boyarın adını yazır, bundan sonra qılıncını çıxarıb bir zərbə ilə onların boyunlarını vururdu. Elə təkcə uşağın bu hərəkəti ətrafda bərk qorxu və həyəcan yaradırdı. Hamı İvan Qroznı dövrünü xatırlayıb yarpaq tək əsirdi.

Boris Qodunov yalnız ona məxsus olan ağıl və fərasətlə çar Fyodorun ana qohumlarını, dayısı və dayı uşaqları Romanovları çarın əhatəsindən uzaqlaşdırırdı. Rəsmi çar Fyodor olsa da Moskva çarlığının hakimi Qodunov idi.

1598-ci ilin yanvarın 6-da çar Fyodorun vəfat eməsi ilə Boris Qodunov rus taxt-tacına rəsmən də sahib oldu. Rus yüksək dairə zadəganları vərəsəsiz qalan bu yerə Rüriklər nəslinə mənsub olan Şuyskilərin (Şuyskilər Aleksandr Nevskinin nəslindən idilər) və ya Romanovların sahib olacağını güman edirdilər. Lakin çara saxlanan matəm bitən kimi Moskvalılar yeni çarın seçilməsi işinə girişdilər. Boyar Duması bir səslə Qodunovu çar seçdi. Tacqoyma mərasimində Qodunov and içdi ki, ölkəni ədalət və mərhəmətlə idarə edəcək, onun hakimiyyəti dövründə heç kim edam edilməyəcək. Çar Boris Rusu irəli aparmaq üçün lazım olan zəruri şəraiti də əldə etdi, Reç-Postolita ilə 20 illik sülhə nail oldu. Türkiyə və Krım ilə münasibətləri qaydaya saldı. İlk dəfə o zadəgan uşaqlarını təhsil almaq üçün Avropa ölkələrinə göndərdi. Livoniya müharibəsi zamanı Moskvaya gətirilən almanlara səxavət göstərərək, onlara həm ölkə daxilində, həm də xaricdə tacirlik etmək üçün imkan yaradıb, imtiyazlar verdi.

Moskvanı görünməmiş vüsətlə abadlaşdırır. Ələ keçirib Moskva dövlətinə qatdığı Smolensk ətrafına müdafiə divarları çəkdirir.

Rusiya tarixinin ən dinc və bərəkətli 7 ili beləcə, keçməkdə idi.

Müasirlərinin, xüsusən xarici ölkə səfirlərinin müşahidə və qeydlərinə görə o simaca çox cəlbedici, ədaları şahanə, səsi isə anadangəlmə şirin və təsiredici idi. O özünün səsdən çox ecazkar musiqi tək təsirli səsi ilə, danışığı ilə bir an içində hər kəsi ofsunlaya bilirdi. Böyük iradə sahibi olan bu adam ətrafındakılarla münasibətdə ən mehriban, ən yumşaq adam idi. Tarixçilər bu insanın hər şeyə qadir idisə, yalnız hərb sənətində piyada olduğunu desələr də çar Boris kazakların daim müharibə şəraitində yaşadığı Böyük Çölə ("Vəhşi çöl" də deyilir), yəni Qıpçaq çölünə olan istilasına qoşulub Moskva hökumət qoşununu səfərbər edərək dövləti vəhşi çölə - Qıpçaq çölünə doğru genişləndirdi.