Bosniyalı Xəlil Paşa (ö. 23 dekabr 1603) — III Murad və III Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
Bosniyalı Xəlil Paşa | |
---|---|
البوسني خليل باشا | |
1595 – 1599 | |
Əvvəlki | Yusif Sənan Paşa |
Sonrakı | Yusif Sənan Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Dəfn yeri | Atik Əli Paşa məscidi |
Həyat yoldaşı | Fatma Sultan |
Uşağı | Sultanzadə Mahmud bəy |
Əslən boşnaq olub, Əndərunda yetişmişdir. Silahdarlığa qədər yüksəldikdən sonra 1591-ci ildə yeniçəri ağası olaraq saraydan ayrıldı. 1592-ci ilin martında Konya sancaqbəyi və 1593-cü ildə Anadolu bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən Sultan Muradın qızlarından Fatma Sultanla nikahlandı. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Ancaq çox keçmədən Sultan Murad vəfat etmiş və oğlu Sultan Mehmed taxta çıxmışdı. Taxta çıxan yeni sultan bütün vəzifələrdə dəyişiklik etmiş, bunlar arasında Fatma Sultanın əri Xəlil Paşa da vardı. Bu isə Fatma Sultanı və anası Safiyə Sultanı narahat edirdi. Çünki Fatma Sultan hamilə idi. Nəhayət, Safiyə Sultanın oğluna təlkinləri nəticəsində Xəlil Paşa kaptan-ı dəryalığa keçirilərək vəzifədə qaldı (1595). Həmin ilin sonunda Mahmud bəy adlı oğlu dünyaya gəlsə də, uşaq 2 yaşında vəbadan vəfat etdi.[1]
1598-ci ildə vəzir rütbəsi verilərək sədarət naibliyinə gətirildi. Ertəsi il ordunun paytaxta dönməsinin ardından kaptan-ı dəryalıqdan azad edilərək divana ikinci vəzir təyin edildi. Sultan Mehmedin vəfatı və 13 yaşlı oğlu Sultan Əhmədin taxta çıxmasına şahid oldu. Yeni sultanın cülusundan 2 gün sonra 23 dekabr 1603-cü ildə vəfat etdi. Cənazəsi Atik Əli Paşa məscidinin həyətinə dəfn edildi.