Buktreyler Festivalı — 2015-ci ildə aktyor, rejissor, prodüser Ruslan Sabirli tərəfindən təsis[1][2][3]edilmişdir. Dünyanın bir çox ölkələrində kitaba və mütaliəyə maraq oyatmaq məqsədilə Buktreyler Festivalları keçirilir və 2016-cı ildən etibarən isə Qafqazda ilk dəfə Azərbaycanda keçirilməyə başlamışdır.
Ədəbiyyat və kinematoqrafı özündə cəmləşdirən (book – kitab, trailer – treyler, tizer, anons) bu unikal layihənin əsas məqsədləri cəmiyyətdə ədəbiyyata, mütaliəyə maraq oyatmaq, kitabları təbliğ etmək, istedadlı kinematoqrafları kəşf etməkdir. Bu gün də Qafqazda analoqu olmayan bu layihə mahiyyət etibarilə istənilən şəxslərin kitaba çəkdikləri treylerlərin müsabiqəsi formatında keçirilir və qaliblər müəyyən olunaraq mükafatlandırılır.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx/tizer/treyler və ya onun məzmunundan bəhs edən qısqametrajlı filmdir. Buktreyler ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən bir anlayışdır.
Festivalın loqosu vərəqlənən kitab səhifələri və kino kadrının birləşməsindən yaranıb Buktreylerin kino və kitabı özündə cəmləməsini təsvir edir. 2017-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınmışdır.
Buktreyler Festivalı nəyinki öz ətrafında istedadlı gəncləri, həmçinin cəmiyyətimizin dəyərli ziyalılıranı, əməkdar və xalq artistləri kimi insanları birləşdirmiş, intelligent insanların festivala istər münsiflər heyəti, istərsə də qonaq qismində cəlb edilməsinə nail olmuşdur. Beynəlxalq Muğam Mərkəzində baş tutan Qaliblərin Mükafatlandırılması Mərasimində millət vəkili Qənirə Paşayeva kimi dəyərli qonaqlarımız iştirak etmiş, tədbirin aparıcısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva, musiqili qonaqları isə muğam ustası Əməkdar artist Fərqanə Qasımova, "Nəsimi ili"ndə isə Novruz Novruzlunun yaratmış olduğu "Savalan" qrupu kimi sənətçilər olmuşdur. Buktreyler Festivalı gənclərin hər il həyəcanla gözlədiyi kino və kitabı özündə cəmləyən mədəni-kütləvi hadisəyə çevrilə bilmişdir.
Keçirildiyi illər ərzində Festivalın münsiflər heyətinə Xalq artisti, kinossenarist Ramiz Fətəliyev; Xalq yazıçısı Çingiz Abdullayev; Xalq Artisti, kinorejissor, ssenarist Oqtay Mirqasımov; Xalq artisti, kinorejissor, ssenarist Şeyx Əbdül; Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov; Əməkdar incəsənət xadimi, yazışı Orxan Fikrətoğlu; Əməkdar incəsənət xadimi, kinorejissor Elçin Musaoğlu; Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev; Əməkdar incəsənət xadimi, kinorejissor Ülviyyə Könül; Əməkdar incəsənət xadimi, prodüser Müşfiq Hətəmov; Əməkdar artist, aktrisa Gülzar Qurbanova; Əməkdar artist, aktrisa Məlahət Abbasova (Türkiyə); Yazıçı publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı; Əməkdar Mədəniyyət İşçisi, ssenarist Yusif Şeyxov; Əməkdar Mədəniyyət İşçisi, kinooperator Nadir Mehdiyev, Əməkdar artist, aktrisa Mehriban Zəki; Xalq artisti, prodüser Murad Dadaşov, şair, yazıçı, drammaturq İlqar Fəhmi kimi tanınmış, dəyərli peşəkar ziyalılar daxil olmuşdur.
Keçirildiyi illər ərzində Buktreyler Festivalı cəmiyyətdə böyük maraqla qarşılanaraq TV və KİV-lərdə: AzTV, Mədəniyyət TV, İctimai TV, Xəzər TV, ATV, ARB, CBC, CVN (Cavan TV), GunAz TV kimi televiziya, həmçinin Media FM, Anten FM, Space Radio, İctimai Radio kimi radio kanallarında işıqlandırılmış, həm festivalöncəsi, həm də festivalsonrası mütəmadi süjetlər efirə getmişdir.
Qaliblər Münsiflər Heyəti tərəfindən dəyərləndirilərək aşağıdakı nominasiyalarda və məbləğlərdə mükafata layiq görülürlər:
I yer (1 nəfər) – 1.000 AZN
II yer (2 nəfər) – 800 AZN
III yer (2 nəfər) – 500 AZN
"Tamaşaçı simpatiyası" nominasiyası — 500 AZN
"Ən yaxşı mobil buktreyler" nominasiyası – 1.000 AZN