Cəlil Məmmədquluzadənin Ev Muzeyi – Böyük publisist və ədib Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmış ev muzeyi.
Cəlil Məmmədquluzadənin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 31 dekabr, 1998 |
Mövzu | Azərbaycan ədəbiyyatı |
Ölkə | |
Yerləşir | Azərbaycan, Naxçıvan şəhəri, İ. Məmmədov küçəsi |
Direktor | Aytən Ələkbərova |
Muzey Cəlil Məmmədquluzadənin Naxçıvan şəhəri, İdris Məmmədov küçəsində yerləşən evində, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin 1998-ci il, 31 dekabr tarixli sərəncamı ilə yaradılmışdır. Muzeyin açılışı 13 oktyabr, 1999-cu ildə baş tutmuş və açılış mərasimində şəxsən iştirak edən H. Əliyev nitq söyləmişdir.
Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsində məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır.[1]
Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası şərq memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış evidir. Bina XIX əsrin ortalarında çiy kərpicdən tikilmiş və sonralar bişmiş kərpiclə üzlənilmişdir. Onun ümumi sahəsi 100 m², divarların qalınlığı isə 78 sm-dir. Bina iki mərtəbəlidir. İkinci mərtəbədə 2 otaq, 1 vestübül və 1 açıq balkon yerləşir. Otaqlara giriş və eyvana çıxış mərkəzdəki vestübüldəndir. Birinci mərtəbə açıq balkonun altında yerləşir və 2 otaq, 1 vestübüldən ibarətdir. Birinci mərtəbəyə və həyətə balkondan açılmış kərpic pilləkənlər vasitəsilə enilir. Hər iki mərtəbədəki otaqlarda məişət əşyaları qoymaq üçün çoxlu sayda taxçalar var. Bina ikinci mərtəbədə, girişdən sağdakı otağın divarında yerləşdirilmiş buxarı vasitəsilə isidilirmiş.[2]