Cəmil Müfidzadə

Cəmil Miryusif oğlu Müfidzadə (24 fevral 1934, Ordubad rayonu, Naxçıvan MSSR20 dekabr 2019, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2002).[1]

Cəmil Müfidzadə
Cəmil Miryusif oğlu Müfidzadə
Doğum tarixi
Doğum yeri Ordubad, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
Janr qrafika
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1982

Cəmil Müfidzadə 24 fevral 1934-cü ildə Ordubadda anadan olmuşdur. O, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. "Ümumittifaq sərgisinə eksponatların yola salınması" tablosu onun diplom işi idi. Rəssam daha sonra 1955-1956-cı illərdə Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsini bitirmişdir. Cəmil Müfidzadənin növbəti diplom işi "Neft daşları" mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olmuşdur.[2]

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə "Ofort" adlı dərsliyin müəllifidir.

Görkəmli rəssam 20 dekabr 2019-cu ildə Bakıda vəfat etmişdir.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rəssamın işlədiyi "Doğma düzənlər" ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdur. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) "Qaldırıcı kranlar təmirdə" adlı ofort ilə iştirak etmişdir.[2]

Cəmil Mufidzadənin ksiloqrafiya texnikasında işlədiyi "Bakı albomu" (1962-1966), "Neft daşları" (1965), "Qala divarları"(1966), "Parkda" (1966), "Qız qalası" (1966), "Xəzər üzərində axşam" (1966), "Romantiklər" (1966), "Damda" (1966) və s. əsərlərini qeyd etmək olar. Rəssamın yaradıcılığında "İçərişəhər" (1965-2000) silsiləsi xüsusi yer tutur. "Əcdadlarımızın yaşayış yerləri" (1968), "Göy pəncərəli evlər" (1968), "Babaların yurdu" (1968), "Köhnə Bakı" (1970), "Azərbaycan qadını keçmişdə" (1971), "Şirvanşahlar sarayı" (1971), "Xan sarayı" (1977,1992), "Köhnə evlər" (1977), "Qədim Bakı" (1977), "Yeni Məscid" (1977), "Türbə" (1984), "Dəvələr" (1985), "Qız qalası" (1985), "İçərişəhər" (1991), "Təndir" (1992), "Suçular" (1993), "Şirvan qapıları" (1993), "Namaz" (1993), "Tut ağacı", "Karvansaray" (2003) və digər əsərləri İçərişəhərə həsr edilmişdir.[4]

Onun qarışıq texnikada işlədiyi ilk 4 əsəri 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində "Azərbaycanın qədim memarlıq abidələri" adı ilə nümayiş olunmuşdur. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi "Abşeron nefti" silsiləsi 1967-1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın "Bakı-neft paytaxtıdır", "Abşeron nefti", "Çənlər parkı", qarışıq texnikada isə "Neft ehramı", "Neft saxlancı", "Neft mədənlərində" əsərlərini misal göstərmək olar.

1960-1970-ci illər yaradıcılığıda yer alan "Buhenvald" (1965-1967), "Sülhün keşiyində" (1970-1972), "Bakı-neft paytaxtıdır" (1967-1970), eləcə də 1980-ci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra işlədiyi "Bu bir daha təkrar olmamalıdır" (1982-1983) silsilələrində C.Müfidzadə dövrünün qarşılaşdığı təzadlı hadisələrə yaradıcı mövqeyini bildirmişdir. Rəssamın, eyni zamanda, Xınalıq kəndinə həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur.

Rəssam "Monqolustan torpağında" (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer almışdır. Silsilədə "Axırıncı tikan", "Qurumuş çeşmə başında", "Əsrlərin görüşü" və "Naməlum səs" əsərləri yer alır.[5]

Cəmil Müfidzadənin digər qrafik silsiləsindən "Şimal" (1976-1979), "Bəyaz gecələr", "Şaxta 45 dərəcədədir", "Şimalın adi günləri", "Balıqçı adası" lövhələrini qeyd etmək olar. Onun "Misir təəssüratları" (2004-2006) silsiləsinə "Tənha yolçu", "Misir tarixi", "İki dost", "Daimi dostlar" tabloları aiddir.

Xalq rəssamının Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunmuşdur.[6]

Cəmil Müfidzadənın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P.Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.

  • Qrafika ustası[ölü keçid]
  • Abdullayeva, N. "Cizgilərə hopan ömür" Azərbaycan mövzusu onun qrafik lövhələrinin leytmotivinə çevrilib: [Vəcihə Səmədova adına sərgi salonunda Xalq rəssamının yubiley sərgisinin açılış mərasimi keçirilib] //Palitra.- 2014.- 15 mart.- S.11.
  • Abdullayeva, S. Cəmil Müfidzadənin "Cizgilərə hopan ömür" sərgisi açılıb: [Vəcihə Səmədov adına sərgi salonunda Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustasının, eyniadlı sərgisinin açılışı haqqında] //525-ci qəzet.- 2014.- 13 mart.- S.7.
  • Azəri, L. "Cizgilərə hopan ömür": Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi: [Vəcihə Səmədova adına sərgi salonunda] //Mədəniyyət.- 2014.- 12 mart.- S. 2.
  • Əliyev, Z. Cizgilərə hopan ömür: [Xalq rəssamı, görkəmli qrafika ustası, professor Cəmil Müfidzadə haqqında] //Respublika.- 2014.- 12 mart.- S.7.
  1. Soltanlı, S. "Dünyanın 4/5-ü" rəssamın fotolarında: [Xalq rəssamı Cəmil Müfidzadənin eyniadlı kitabı haqqında]. Mədəniyyət. 2015.
  2. 1 2 "Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib" (az.). 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
  3. "Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib" (az.). 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
  4. "Azərbaycan Respublikasının Xalq rəssamı Cəmil Miryusif oğlu Müfidzadə vəfat edib" (az.). 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
  5. "Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib" (az.). 2019-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
  6. ""Cizgilərə hopan ömür" Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi" (az.). 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
  7. "Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekаbr 1982-ci il tarixli Fərmanı" (PDF) (az.). 2020-01-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-28.
  8. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (az.). 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.