Cənubi Xəzər neftli-qazlı hövzəsi — Əsasən, Azərbaycan Respublikası ərazisində, Gürcüstanın şərq, Türkmənistanın qərb hissəsində yerləşən neftli-qazlı zona. Sahəsi 200 min km²-dən çoxdur. Tektonik cəhətdən Cənubi Xəzər çökəkliyinin (Lənkəran çökəkliyinin), Kür dağarası əyilmənin, Aladağ-Messarial pilləsinin və Kopetdağ meqantiklinoriumunun qərb qurtaracağının daxil olduğu ərazi Alp geosinklinalı sistemində gömülmüş böyük bir sahəni əhatə edir. Cənubi Xəzər neftli-qazlı hövzəsi şimaldan Böyük Qafqaz meqantiklinoriumu, Orta-Xəzər dərinlik qırılması və Böyük Balxan antiklinoriumu, qərbdən Dziruls massivi, cənbdan Kiçik Qafqaz və Əlburz dağ sistemi, şərqdən isə Kopetdağ meqantiklinoriumu ilə sərhədlənir. Ən dərin gömülmüş hissədə bünövrənin yatma dərinliyi 20 km-dən çoxdur.[1]
Cənubi Xəzər neftli-qazlı hövzəsində neft-qaz hasilatının çoxəsrlik tarixi var. Azərbaycanda və Türkmənistanda əl ilə qazılmış quyular vasitəsilə neftin hasil edilməsi qədim zamanlarda mövcud olmuşdur. Azərbaycan ərazisində Cənubi Xəzər neftli-qazlı hövzəsi sahəsində dünyada ən qədim neftçıxarma rayonu – Abşeron (Bakı) yerləşir. Azərbaycan dünya neft sənayesinin inkişaf tarixində çox böyük rol oynamışdır. Məhz burada əvvəl quruda, sonra isə dənizdə yataqların mənimsənilməsinin bir çox üsulları ilk dəfə işlənilmiş və tətbiq edilmişdir.[2]
1847-ci ildə Abşeron yarımadasında Bakı şəhərinin yaxınlığında, Bibiheybət yatağında, sonra isə Balaxanı yatağında dünyada ilk dəfə neft quyularının mexaniki üsulla qazılması metodikası tətbiq edilmişdir. 1949 -ildə Xəzərin Azərbaycan sektorunda, sahildən 40 km məsafədə açıq dənizdə dünyada ilk neft yatağı – Neft Daşları kəşf edilmişdir. XX əsrin əvvəllərində əyalət ərazisində neft-qaz axtarış işləri planlı şəkildə aparılmağa başlamışdır. Cənubi Xəzər neftli-qazlı hövzəsi sahəsində axtarış qazıma işləri, əsasən, Pliosen çöküntülərində aparılmışdır. Əyalətin əsas neftli-qazlı kompleksi Azərbaycanda Orta Pliosenin Məhsuldar qat çöküntüləri, Türkmənistanda isə onun analoqu olan Qırmızıqat çökün tüləri ilə əlaqədardır. Məhsuldar qat bir sıra qum, qumdaşı və gillərin ritmik növbələşməsindən ibarətdir. Onun maksimal açılmış qalınlığı Cənubi Xəzər çökəkliyinin dərin sulu hissə sində (Naxçıvan sahəsi) 5000 m-ə çatır. Məhsuldar qatın Abşeron fasiyası maksimal qumluluqla xarakterizə olunur. Abşeron yarımadasında yataqlarında məhsuldar qat kollektorları yüksək keçiriciliyə və məsaməliliyə malik kvars qumlarından ibarətdir. Kəsilişdə 40-a yaxın neftli-qazlı obyekt ayrılır. Laylar tağ şəkilli olub, tektonik və litoloji cəhətdən ekranlaşmışdır. Yataqlar antiklinal quruluşa aid edilməklə bir çox müxtəlif amplitudlu qırılmalar və palçıq vulkanları ilə mürəkkəbləşmişdir. Neftlər sıxlığı 850–910 kq/m³ olan naften-metan tərkiblidir; kükürdün miqdarı 0,4%, parafinin miqdarı 18%-ə qədərdir. Qaz kondensatının tərkibində yüngül karbohidrogenlər üstünlük təşkil edir, parafin, qatran, asfalten yox dərəcəsindədir. Kondensatın sıxlığı 729–813 kq/m³-dir. Sərbəst qazlar tərkibində çox az miqdarda CO2, N2 olan metandan ibarətdir.
Miosen, Paleogen və Mezozoy çöküntülərində aparılmış axtarış-kəşfiyyat qazma işlərinin həcmi müqayisədə böyük deyildir. Azərbaycanda Paleogen və Neogen çöküntülərində axtarış işlərinə 1926-ci ildən, Mezozoy çöküntülərində isə 1949-cu ildən başlanılmışdır. Maykop (Miosenin alt hissəsi – Üst Paleogen) lay dəstəsinin sənaye neft-qazlılığı 1938-ci ildə Siyəzən sahəsində müəyyən edilmişdir, sonradan Acıdərə (1947), Naftalan (1950), Umbakı (1951, Orta Miosen – Alt Paleogen), Şərqi Hacıvəli (1952) və s. kəşf edilmişdir. Mezozoyun Təbaşir çöküntülərində sənaye əhəmiyyətli neft yatağı 1971-ci ildə Muradxanlı sahəsində, 1981-ci ildə Zərdab sahəsində açılmışdır; Paleogenin Eosen çöküntülərinin sənaye əhəmiyyətli neft-qazlılığı 1983-cu ildə Tərsdəllər sahəsində, 1984-cü ildə Cəfərli sahəsində müəyyən edilmişdir. Ümumiyyətlə, Cənubi Xəzər neftli-qazlı hövzəsində təqribən 120, o cümlədən Azərbaycanın quru və dəniz sahələrində 80 yataq kəşf edilmişdir.[3]
Cənubi Xəzər neftli-qazlı hövzəsinin Azərbaycan hissəsində Pliosen çöküntülərində – quruda Balaxanı-Sabunçu-Ramana, Bibiheybət, Binəqədi (1896), Suraxanı (1904), Lökbatan-Puta-Quşxana (1925), Neftçala (1931), Qala (1932), Qaradağ (1936), Buzovna-Maştağa (1940), Kürovdağ (1955), Mişovdağ (1956), Kürsəngi (1960), dənizdə Neft Daşları (1949), Qum adası -dəniz (1952), Səngəçal–Duvannı–Xərə Zirə (1963), Bahar (1968), Bulla-dəniz (1973; indiki Xərə Zirə dəniz), Günəşli (1979), Çıraq (1984), Azəri (1985), Kəpəz (1988), Qarabağ (1998), Əşrəfi (1998), Şahdəniz (1999, dünyada ən iri dəniz kondensat yatağı), Ümid (2010), Abşeron (2011) və s. yataqlar kəşf edilmişdir.