Əşrəfi yatağı | |
Ölkə | Azərbaycan |
Kəşfi | 1970 |
İstismarı | 1997 |
Ehtiyatı | 6 milyon ton |
Hasilatçılar: | Şimali Abşeron Əməliyyat Şirkəti (ŞAƏŞ) konsorsiumu: Amoco (30%), SOCAR (20%), Itochu (20%), Unocal (25.5%), Delta Neft Şirkəti (4.5%) |
Əşrəfi yatağı — Xəzərin Azərbaycan sahilində, Bakının 105 kilometr cənub-şərqində, Qarabağ neft yatağının qərbində yerləşən qaz və neft yatağı.[1][2]
Dan Ulduzu-Əşrəfi bloku üçün ARDNŞ və Şimali Abşeron Əməliyyat Şirkəti (abr. ŞAƏŞ) konsorsiumu arasında kəşfiyyat, inkişaf və hasilat haqqında istehsal bölgüsü razılaşması (İBR) 14 dekabr 1996 tarixində imzalanmışdır. Müqavilə sahəsi 453 km² idi.[3] Yatağın yerləşdiyi ərazidə suyun dərinliyi 160–180 metr arasındadır.[1] Razılaşmaya əsasən, 3 kəşfiyyat quyusu qalılacaqdı, əgər uğurlu olarsa, istehsalat 2003-cü ildə başlayıb, 2007-ci ildə 7 milyon tona çatacaq hasilat ilə bitəcəkdi. Ümumi kapital investisiyası 2.5 milyard dollar olacağı ehtimal olunur.[4] 3 kəşfiyyat quyusunun qazılmasından sonra Dan Ulduzunda 2 milyon ton neft, 1998-ci ilin yanvar ayında isə, Əşrəfi yatağında 6 milyon ton neft aşkar edilmişdir.[5] 1998–2001-ci illərdəki kəşfiyyat mərhələsində neftin bir barrelinin qiyməti 20 dollardan aşağı idi.[6] Enerji qiymətlərinin aşağı olması səbəbindən blok kommersiya cəhətdən etibarlı sayılmamış və beləliklə də tərk edilmişdir. 7 mart 2000 tarixində kəşfiyyat müqaviləsi bitmiş və konsorsium tərəfindən yenilənməmişdir.
Layihə Amoco-nun (BP tərəfindən alınmışdır) operatoru olan Şimali Abşeron Əməliyyat Şirkəti (30%), ARDNŞ (20%), Itochu (20%), Unocal (25.5%) və Delta Neft Şirkəti (4.5%) tərəfindən idarə olunurdu.[7] Şirkət kəşfiyyat üçün ümumi 64,5 milyon dollar sərf etmişdi.[6] Sahənin inkişafı üçün ilk hüquq 1992-ci ildə "Amoco" və "Unocal" şirkətlərinə verilmişdir. Digər tərəfdaşlar 1990-cı illərin ortalarına qatılıblar.
2004-cü ilin əvvəlində ARDNŞ 2007-ci ildə Dan Ulduzu və Əşrəfi yataqlarındakı layihənin canlandırılmasını planlaşdırdığı açıqlamışdı.[8] ARDNŞ 2015-ci ilə qədər 19 quyu qazmağı planlaşdırırdı, bu da 2,76 milyard manat məbləğində sərmayə tələb edirdi.[9][10]