Cenni Karolin Marks Longe (1 may 1844[1], Paris – 11 yanvar 1883[1], Arjantöy) — C. Vilyams təxəllüslü siyasi jurnalist, xarici dil müəllimi, Cenni fon Vestfalen və Karl Marksın ən böyük qızı.
Cenni Longe | |
---|---|
fr. Jenny Longuet | |
Doğum tarixi | 1 may 1844[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 1883[1] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sidik kisəsi xərçəngi[d] |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Atası | Karl Marks[3] |
Anası | Cenni Marks[3] |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Cenni Karolin Marks 1 may 1844-cü ildə Parisdə Cenni fon Vestfalen və Karl Marksın ailəsində dünyaya göz açmışdır. Ailə üzvləri və yaxın dostları onu anasından fərqləndirmək üçün Cenniçen deyə çağırırdılar. O, zəif uşaq olsa da, Marks ailəsində uşaqlığını yaşaya bilən və sağ qalan ilk övlad idi.[4]
Cenni 1868-ci ildə 24 yaşında olarkən valideynlərinə maddi dəstək olmaq məqsədilə fransız dili müəllimi kimi işləməyə başladı.[4] O, həmçinin 1870-ci ildə C. Vilyams təxəllüsü ilə sosialist mətbuatına Britaniya hökumətinin irland siyasi məhbuslarla rəftarından bəhs edən bir sıra məqalələr təqdim etmişdi.[5]
O, gələcək həyat yoldaşı, fransız jurnalist və radikal siyasi aktivist Şarl Longe ilə 1871-ci ildə tanış olmuşdu.[6] Cütlük 1872-ci ilin martında nişanlanmış və elə həmin il oktyabrın 10-da qeydiyyat idarəsində nikaha daxil olmuşdular.[7] Bu zaman Cenni soyadını Longe olaraq dəyişmişdi.[8]
Valideynləri kimi, gənc Cenni də evliliyinin ilk illərində iqtisadi çətinliklərlə üzləşmişdi.[9] Onlar evləndikdən dərhal sonra Şarlın müəllim kimi iş tapa biləcəyinə ümid edərək Oksforda köçdülər, lakin Şarl iş tapa bilmədi.[9] Cenni fransızca, almanca və nəğmə dərsləri verən fərdi repetitor kimi çalışmaqla ailəsi üçün cüzi də olsa, gəlir əldə edirdi.[9]
1874-cü ildə Cenni və Şarl məktəbdə müəllim kimi iş tapdıqdan sonra ailənin maddi vəziyyəti nisbətən yaxşılaşdı. Bu zaman Cenni alman dilindən dərs deyirdi.[10] Məktəbdə aldığı minimum əməkhaqqına fərdi dərslərdən əldə etdiyi gəlir də əlavə olunurdu.[11] Onun həyat yoldaşı London Kral Kollecində fransız dili müəllimi kimi işə başladıqdan sonra nəhayət Londonda kiçik bir ev tuta bildilər.[11]
Cenni Longe evliliyinin, demək olar ki, hər ilində hamilə qalırdı.[12] O, 1873-cü ilin sentyabrında ilk oğlunu dünyaya gətirmişdi, lakin uşaq növbəti yay ishaldan ölmüşdü.[12] İkinci oğlu Jan Loran Frederik Longe Fransa Sosialist Partiyasının liderlərindən olmuşdu.[12] Ailədə onu Conni deyə çağırırdılar.
Cütlüyün 1878-ci ildə doğulmuş və beş yaşında vəfat etmiş üçüncü oğlunun əqli geriliyi və xəstəliyi vardı.[12] Cenninin dördüncü oğlu Edqar Longe isə həkim idi və Fransa Sosialist Partiyasında aktivist kimi fəaliyyət göstərmişdi.[13] Ailədə onu Canavar deyə çağırırdılar.
1880-ci ilin iyulunda Fransa hökuməti tərəfindən verilən siyasi amnistiya Şarl Longeyə doğma ölkəsinə qayıtmaq imkanı verdi və o, fürsətdən istifadə edərək Jorj Klemanso tərəfindən təsis edilmiş radikal gündəlik qəzet olan "Ədalət" (fr. La Justice) qəzetində redaktor vəzifəsini tutduqdan sonra vətəninə qayıtmağa tələsirdi.[14] Lakin bu hadisələrə qədər xərçəng xəstəliyinə tutulmuş Cenni bir müddət yaşlı valideynlərinin yanında olmaq üçün üç oğlu ilə birlikdə Londonda qaldı.[14]
1881-ci ilin fevralında Cenni ərinə qoşulmaq üçün oğulları ilə birgə Fransaya köçdü.[15] Ailə Paris yaxınlığındakı Arjantöy qəsəbəsində məskunlaşdı. Burada Cenninin övladlarının sevimli babası Karl Marks onları müntəzəm olaraq ziyarət edirdi.[16]
Səhhətinin pis olmasına baxmayaraq, Cenni 1881-ci ildə digər oğlu Marsel Longeni dünyaya gətirmişdi.[17] Marsel sonralar jurnalist kimi fəaliyyət göstərmiş, həmçinin Fransanın "Sübh" (fr. L'Aurore) qəzeti üçün çalışmışdı.[18] Cütlüyün sonuncu övladı 1882-ci ilin sentyabrında dünyaya gəlmişdi. Cenni qızına öz adını qoymuşdu.[17]
Qızının doğulmasından cəmi dörd ay sonra – 11 yanvar 1883-cü ildə Longe, ehtimal ki, bir müddət onu narahat edən sidik kisəsi xərçəngindən 38 yaşında Arjantöy qəsəbəsində vəfat etdi. Atası Karl Marks ağır xəstə olduğundan Fransada dəfn mərasimində iştirak edə bilməmiş və iki ay sonra Londonda dünyasını dəyişmişdi.