Con Rayder

Con Rayder (ing. John Ryder) — professor, Xəzər Universitetinin rektoru.

Con Rayder
John Ryder
Doğum tarixi (73 yaş)
Doğum yeri Nyu-York, ABŞ
Milliyyəti amerikalı
Fəaliyyəti filosof

Con Rayder 1951-ci il sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olmuşdur.

Bakalavr təhsilini 1973-cü ildə Kortlandda Nyu-York Dövlət Universitetində bitirmiş, Stony Brook Universitetində (Nyu-York Dövlət Universiteti ilə bağlı) təhsilini davam etdirərək, 1977-ci ildə fəlsəfə ixtisası üzrə magistr elmi dərəcəsi almışdır. Həmin universitetdə doktoranturada oxumuş, 1982-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1980–1985-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin mühazirəçisi olmuş, 1985–2002-ci illərdə həmin universitetin professoru vəzifəsini daşımışdır.

1991–1996-cı illərdə universitetin fəlsəfə departamentinin müdiri, 1995–1996-cı illərdə Şərqi və Mərkəzi Avropaşünaslıq Layihəsinin yaradıcısı və direktoru olmuşdur.

1996–2002-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1700 tələbənin təhsil aldığı, 160 akademik proqramın həyata keçirildiyi fakültənin 16 akademik departamentinə və 3 mərkəzinə rəhbərlik etmişdir. 2002–2010-cu illərdə Con Rayder Amerika və Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşdur. Mərkəz Nyu-York Dövlət Universiteti ilə Moskva və Peterburq Dövlət universitetləri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və digər Rusiya universitetləri arasında bakalavr, magistr və fəlsəfə doktoru dərəcələri üzrə ikitərəfli (məzunlar iki diplom – yəni, eyni zamanda hər iki universitetdən diplom alır) müxtəlif təhsil proqramlarının həyata keçirilməsini, eyni zamanda, qarşılıqlı təhsil proqramları əsasında Nyu-York Dövlət Universiteti alimlərinin Rusiya ali təhsil müəssisələrində, Rusiya alimlərinin isə Nyu-York Dövlət Universitetində mühazirə oxumaq üçün səfərlərini təşkil edir. Mərkəzin Rusiyadakı ofisləri Moskva və Peterburq Dövlət universitetlərində yerləşir.

2002-ci ilin fevral ayından Nyu-York Dövlət Universitetinin (SUNY) Beynəlxalq proqramlar şöbəsinin direktoru olmuşdur. Əsas vəzifəsi dünya institutları ilə əməkdaşlıq əlaqələri qurmaqdan ibarət olan şöbənin daha çox nəzərə çarpan uğurlarından biri Türkiyə, Rusiya, Çin, Meksika və digər ölkələrin ali təhsil müəssisələri ilə ikitərəfli proqramların hazırlanması və həyata keçirilməsi olmuşdur.

Con Rayder 2010-cu ilin sentyabr ayında Xəzər Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.