Dünya Azərbaycanlılarının Həmrəylik günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü[a] — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü.

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü
Ölkə Azərbaycan Azərbaycan
Qeyd olunmağa başlayıb 1992
Tarix 31 dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək CənubiŞimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.

1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.

Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar. Bu məqsədlə sərhəd zonasında fövqəladə vəziyyət rejimi yaradıldı. "Sərhəd hərəkatı" ilə bağlı kommunist rəhbərlərin göstərişinə əsasən Xalq cəbhəsi üzvlərinə qarşı repressiyalar daha da gücləndi, onlardan bir neçəsi həbs olundu, işdən çıxarıldı, bir çox yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu, lakin qonşu ölkələrin, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu prosesi parçalanmış xalqın təbii birləşmə meyli kimi müdafiə etməsi, ölkədə və dünyada gedən demokratik proseslər mövqeyindən qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş təbliğatın qarşısını qismən aldı. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda belə qeyd olunurdu:

  1. 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.
  2. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
  3. 31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin.
  4. Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər.
  5. Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş elmi konfrans keçirsinlər.
  6. Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.[1]

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu günün əhəmiyyəti barədə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy çıxışında belə deyirdi:

" Bu həmrəylik günü 190 il bundan öncə yağı düşmənlər tərəfindən parçalanmağa başlayan еlimizin, yurdumuzun 1989-cu ildə birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan türkünün Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, hər parçasını bir yana atdığı, yağı düşmənə «itil buradan!» dеdiyi, yüz minlərlə Azərbaycan türkünün hər iki sahildən Araza yürüdüyü, Arazın buzlu suyundan cənnət suyu kimi bir-birinin üstünə çilədiyi, əl-üzlərini yuyub ondan doyunca içdiyi sеvincli, şərəfli bir gündür. Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq həmrəylik günüdür! Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır! Bu gün Azərbaycan türkünün birlik və bərabərliyini gеrçəkləşdirəcək zamanın ilk doğuş günüdür. Bu birliyə rəhmətlik İsmayıl bəy Qaspiralı «dildə, fikirdə, işdə birlik», bu bərabərliyə rəhmətlik Məhəmməd Əmin bəy Rəsulzadə «müsavat» dеmişlər. Biz bu birliyə və bu bərabərliyə möhtacıq və Ulu Tanrının buyruğu ilə tarix bizi buna səsləyir.[2] "

31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü — Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.[3]

  1. Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi də qeyd olunur.
  1. Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı. Naxçıvan şəhəri, 16 dekabr 1991-ci il
  2. 31 dekabr Birləşmiş Azərbaycan yurdları uğrunda həmrəylik günüdür!/AXC fəalları ilə görüşündəki çıxışından. Kələki, 26 dekabr 1995.
  3. "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü". 2017-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]