Qafqaz İslam Ordusunun Dağıstan hərəkatı — 1918-ci il oktyabrın 1-dən başlayaraq, həmin il noyabrın sonlarınadək Qafqaz İslam Ordusunun türk hərbi hissələrinin yerli könüllü dəstələrlə birlikdə Dağıstanın şovinist-biçeraxovçu rus qüvvələrindən təmizlənməsi üçün həyata keçirdiyi hərbi əməliyyat.[1].
Türkiyədən hərbi yardım alıması və bununla da bölgədəki milli azadlıq hərəkatının möhkəmləndirilməsi üçün Dağıstan nümayəndə heyəti hələ 1918-ci ilin aprel-may aylarında Trabzon, İstanbul və Batumda hərbi nazir Ənvər paşa və Osmanlı dövlətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşmüşdülər. 1918-ci il mayın 11-də Şimali Qafqaz Cümhuriyyəti elan edildikdən sonra Türkiyənin hərbi yardımına ehtiyac xüsusilə aktuallaşmışdı. Çünki Dağıstanın müstəqilliyini tanımayan Sovet Rusiyasının hərbi qüvvələri Petrovsk-Port (indiki Mahaçqala), Temirxan-Şura, Dərbənd şəhərlərini, habelə Dərbənd-Petrovsk dəmir yol xəttini nəzarət altına ala bilmişdi. 1918 il avqustun ikinci yarısında isə Dağıstan ərazisi Azərbaycandan sıxışdırılmaqda olan biçeraxovçu hərbi qüvvələrin təcavüzünə məruz qaldı. Əvvəl Dərbənd, sonra isə Petrovsk-Port bu qüvvələrin əlinə keçdi.
Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Dağıstanın ələ keçirilməsi üçün 15-ci piyada diviziyası komandanı yarbay Süleyman İzzət bəyə 20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi. Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 61 Qafqaz İslam Ordusunun Şimali Qafqazdakı hərbi hərəkat planı belə idi: Dağıstan hərbi hərəkatı ilə təlimatlandırılan 15-ci piyada diviziyası sürətlə Xaçmaz istiqamətində hərəkət edəcək və Dərbənd qısa bir müddətdə ələ keçiriləcəkdi. Hərbi birliklər şəhərin 5 kilometrliyinə qədər irəliləyəcək və burada mövqe tutacaqdı. Əldə edilən mövqe, bəzi hərbi qüvvələrlə gücləndiriləcək 107-ci Qafqaz alayından ibarət Dərbənd dəstəsinə təhvil verildikdən sonra 15-ci piyada diviziyası geri çəkiləcəkdi. Xaçmaz dəstəsi də 15-ci piyada diviziyasının tabeliyinə veriləcəkdi[2].
Lazımi hazırlıqlar başa çatdıqdan sonra, 15-ci piyada diviziyasının bəzi hissələri 1 oktyabrda Biləcəri stansiyasından Dağıstana getmək üçün qatarlara mindirildilər. Əvvəlcə 15-ci piyada diviziyasına tabe olan 56-cı alay yola çıxdı, 36-cı alay isə daha sonra hərəkət edəcəkdi. Quba və Xaçmaz bölgəsini düşmən işğalından qurtaran minbaşı Səbri bəyin komandası altında olan Xaçmaz dəstəsi də diviziyanın toplaşma yeri olan Xaçmazda türk hərbi birliklərinə qoşulmağa başladı. 38-ci piyada alayının əsas döyüşkən heyətindən bir bölüyün Bakıda saxlanılması əmr edildi. Buna görə də müharibə gücü bir xeyli zəifləmişdi və Xaçmaz bölgəsindəki qüvvələrlə gücləndirilməsi planlaşdırılırdı.
Süleyman İzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, 15-ci piyada diviziyasına daha sonra iki zirehli qatar veriləcəkdi. Bu hərbi hərəkatın davam etdiyi əsnada, 15-ci piyada diviziyasının İstanbula göndərilməsi məsələsi ortaya çıxdı. Bu səbəbdən 38-ci piyada alayının Dağıstan hərəkatında iştirak etməli olan heyəti yola çıxmaq üçün Bakıda qatar gözlədiyi halda, Nuru paşa təftişlər apardığı Ağdamdan Xaçmaza getmək üçün Bakıya gəldi[3].
Dağıstana real hərbi yardımın göstərilməsi üçün şərait Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra yarandı. Dağıstanın azad edilməsi ilə, həm də Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərinin təhlükəsizliyi təmin olunurdu. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa oktyabrın 1-də 15-ci piyada tüməninə Dağıstana doğru hərəkət etmək əmri verdi. 15-ci tümənə və ona kömək edəcək Dağıstan könüllülərindən ibarət qüvvəyə Şimali Qafqaz Ordusu komandanı Yusif İzzət paşa başçılıq edirdi. Əslən çərkəz olan Yusif İzzət paşa, həm də Şimali Qafqaz Cümhuriyyətində Osmanlı dövlətinin təmsilçisi idi. Ordunun qərargahı rəisliyinə İsmayıl Həqqi bəy (Berkok) təyin edilmişdi.
Avqustun 29-da İstanbuldan Batuma gələn Yusif İzzət paşa oradan Şimali Qafqaz Cümhuriyyətinin başçısı Əbdülməcid Çermoyevlə birlikdə oktyabrın 5-də qatarla Bakıya gəldi.
Əvvəlcə bir zirehli qatar, daha sonra 56-cı piyada alayı Dağıstana hərəkət etdi. Oktyabrın 5-də 38-ci piyada alayı da Dərbənd cəbhəsinə gəldi. Xaçmaz mühafizə dəstəsi də 15-ci piyada tümeninin sərəncamına verilmişdi. Oktyabrın 5-də 56-cı alayla Derbənddəki Biçeraxov qüvvələri arasında qanlı döyüş oldu. Türklər 25 əsgər itirdilər, bir zabit və 28 sıravi isə yaralandı. Ertəsi gün 38-ci piyada alayı da döyüşə qoşuldu. Günortaya yaxın Dərbənd şəhəri bütünlüklə ələ keçirildi. 1918-ci il oktyabrın 13-də Şimali Qafqaz Cümhuriyyəti rəsmən elan olundu. Mərasimdə Əbdülməcid Çermoyev, Yusif İzzət paşa və Nuru paşa iştirak edirdilər.
Qafqaz İslam Ordusu hissələri oktyabrın 20-dən Petrovsk-Port istiqamətində hərəkətə başladılar. Biçeraxovun qüvvələri geri çəkilərək, şəhərin darvazası rolunu oynayan Tərki dağında müdafiə mövqeyi tutmuşdular. Oktyabrın 27-də Petrovsk-Port şəhəri cənub və qərb tərəflərdən mühasirəyə alındı. Dağıstanın azad olunması uğrunda döyüşlərdə albay Akif bəyin komandanlıq etdiyi Azərbaycan alayı da iştirak edirdi.
Qafqaz İslam Ordusunun Dağıstan hərəkatı zamam Türkiyədə gərgin siyasi hadisələr cərəyan edirdi. Hələ oktyabrın 8-də "İttihad və Tərəqqi" partiyası iqtidarı istefa vermiş, Əhməd İzzət paşanın başçılığı ilə yeni hökumət təşkil olunmuşdu. Bu hökumət oktyabrın 1-də Antanta nümayəndələri ilə Mudros barışığını imzalamaq məcburiyyətində qalmışdı. Bununla əlaqədar yeni hökumət Cənubi Qafqazdakı və Dağıstandakı qüvvələrin Türkiyəyə geri çəkilməsi haqqında göstəriş verdi. Nuru paşa bu göstərişə əməl etməyərək, xilaskarlıq əməliyyatını davam etdirdi.
Tərki dağına hücum noyabrın 5-də sübh tezdən başladı. Müdafiə olunanlara iki hərb gəmisi də yardım göstərirdi. Türk qüvvələri düşmənin sərt müqavimətini qıra-qıra bir-birinin ardınca taktiki əhəmiyyətli təpələri ələ keçirirdi. Hücum ayın 6-da davam etdirildi. Duruş gətirə bilməyən Biçeraxov qüvvələri şəhəri tərk edib qaçdılar. Beləliklə, Petrovsk-Port şəhəri də azad olundu. Bu şəbər uğrunda döyüşlərdə 113 rürk əsgəri və 5 zabit şəhid olmuş, 318 sıravi əsgər və 10 zabit isə yaralanmışdı. Ümumiyyətlə, Dağıstan hərəkatında türklərdən 192 nəfər şəhid olmuş, 362 nəfər yaralanmış, 20 nəfər isə itkin düşmüşdü.
Türk hərbi qüvvələri Dağıstanda çox qala bilmədilər və Mudros barışığının tələblərinə uyğun olaraq, noyabrın 26-da Petrovsk-Portdan Dərbəndə, oradan Bakıya çəkildilər, daha sonra isə Azərbaycanı tərk etdilər.