İsmayıl Səməd oğlu Həsənzadə (1884, Tiflis – 1938, Tbilisi) — Azərbaycan aktyoru və jurnalisti. "Molla Nəsrəddin" jurnalının mürəttibi (1906–1910) olmuşdur.[1][2][3][4][5]
İsmayıl Həqqi | |
---|---|
İsmayıl Səməd oğlu Həsənzadə | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, mürəttib[d], aktyor |
İsmayıl Həqqi 1884-cü ildə Tiflisdə anadan olub. Onun adı ilk Azərbaycan mürəttibləri olan Allahverdi Feyziyev, Paşa Məmmədov, Müslüm Bağırov və Ələsgər Məmmədov ilə yanaşı çəkilir.
İsmayıl Həqqi əmək fəaliyyətinə "Şərqi-rus" mətbəəsində başlayıb. Sonralar o, bu nəşriyyatın bazasında yaradılmış "Qeyrət" və "Molla Nəsrəddin" mətbəələrində mürəttib olaraq fəaliyyətini davam etdirmişdir.
Əslən Tiflisdən olan görkəmli ziyalı, tanınmış alim Lomonosov adına Moskva Dövlət Universitetinin professoru mərhum Əziz Şərif xatirələrində yazır: "İsmayıl Həqqi Azərbaycanca və farsca mükəmməl savad sahibi olmaqla bərabər, öz istedadı və səyi nəticəsində ruscanı da yaxşı mənimsəmişdi. Öz ictimai və mədəni fəaliyyətini, insanlarla rəftarı, dostlara sədaqəti, bütün həyatı ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı idi. Onun balaca mətbəəsi də maarif və mədəniyyət ocağı hesab edilirdi".
Ürəyi vətən və millət sevgisiylə çarpan Molla Nəsrəddinçi İsmayıl Həqqi həm də istedadlı aktyor olub. O, Tiflisdə fəaliyyət göstərən Azərbaycan teatrının tamaşalarında biri-birindən maraqlı obrazlar yaradıb. Onun ifasındakı Hacı Qara obrazı səhnə sənətimizin tarixində əbədi qalacaq kamil surətlərdən biridir. O, bu teatrda Rza Təhmasib, Məmmədəli Sidqi, Mustafa Mərdanov, Əsgər Naxçıvanlı, Həsən Səbri, Adil Hacızadə, Məmməd Cəfərli və başqaları ilə birlikdə "İbrət" adlı dram dərnəyində fəaliyyət göstərirdilər. Teatr "Nadir Şah", "Pəri cadu", "Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal alan", "O olmasın, bu olsun" kimi milli tamaşalarla yanaşı, Şekspirin "Otello", Molyerin "Jorj Danten" dramlarına da səhnə həyatı vermişdi. "İbrət" iki yerə parçalanır.
İsmayıl Həqqi bir qrup məsləkdaşı ilə birlikdə ikinci "İbrət" qrupunda yer alır. "İbrət"in parçalanması heç də xeyirli əlamət deyildi, bu dövrdə Tiflisə gələn Əbdürrəhim bəy Haqverdiyevin tövsiyəsi və nüfuzu sayəsində hər iki cəmiyyətin nümayəndələrinin iştirakı ilə iclas keçirildi və bu iclasda iki cəmiyyət yenidən birləşdi.
Cəmiyyəti idarə etmək üçün seçilən idarə heyətinin tərkibinə Ələkbər Seyfi, Həsən Səbri, Əlimirzə Nərimanov, Əsgər Naxçıvanlı kimi ziyalılarla bərabər İsmayıl Həqqi də seçilir.
İsmayıl Həqqi özü o günləri belə xatırlayır: "Həmən iclasda Mirzəli Abbasov, Nadir İbrahimov və mən növbəti rejissorluq vəzifəsinə irəli çəkildik".
Tiflis teatrı dəfələrlə Təbrizdə qastrol səfərlərində olmuşdu, Yevdokimovun quruluşunda tamaşalar böyük şöhrət qazanmışdı. 1926-cı ildə teatr Orta Asiyada, Türkmənistan və Özbəkistan səhnələrndə Ü.Hacıbəylinin "Leyli və Məcnun", H.Cavidin "Şeyx Sənan" əsərləri ilə çıxış edir, İsmayıl Həqqi qastrol səfərlərində oynadığı rollarla şöhrət qazanmışdı.
37-ci il İsmayıl Həqqiyə "Vətən xaini", "xalq düşməni" damğası vurdu. Onun zəngin kitabxanası və arxivi yoxa çıxdı. Tiflisdə yaşayan tədqiqatçı Mirzə Məmmədoğlu deyir ki, Bəxtiyarlının yazdığına görə, Həqqi 1938-ci ildə həbsxanada ölüb.
Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyinin 21.03.2001-ci il tarxli 22/8 6-9 nömrəli arayışı: Zaqafqaziya Diyar Hərbi Tribunalının 27 sentyabr 1957-ci il tarixli qərarı ilə SSRİ DDİK fövqəladə iclasında 1938-ci il 28 iyun tarixli qərarı ilə Cinayət Məcəlləsinin 58-ci (silahlı üsyan) maddələrinə uyğun olaraq ən ağır cəza (güllələnmə) verilən, 1884-cü il doğumlu vətəndaş İsmayıl Həsənzadə Həqqinin cinayət işinə xitam vermiş, onun hərəkətində cinayət tərkibinin mövcud olmadığına görə ona bəraət vermişdir.
İsmayıl bəy Şeytanbazar məhəlləsində yaşayırdı. Burda onun kiçik bir kitab dükanı vardı. Bu dükanda məktəb ləvazimatları, dərsliklər, dərgilər və bədii ədəbiyyat nümunələri satılardı. Axşamlar İsmayıl Həqqi bu dükanda oturub çay içə-içə əqidə və məslək dostları ilə uzun-uzadı söhbətlərdən xüsusi bir zövq alardı. Mirzə Cəlil, Əliqulu Qəmküsar, Məmmədəli Sidqi, Məmməd Cəfərli, İbrahim İsfahanlı tez-tez bu dükana gəlib-gedərdilər.
İsmayıl Həqqinin dişiylə-dırnağıyla yaratdığı "Şərq" mətbəəsi də bu məhəllədə yerləşirdi. O dönəmdə "Molla Nəsrəddin" məcmuəsi İsmayıl Həqqinin "Şərq" mətbəəsində çap olunurdu. Cəlil Məmmədquluzadə Tiflisdə olmayanda məcmuəni Əliqulu Qəmküsara, Məmmədəli Sidqiyə və İsmayıl Həqqiyə tapşırardı.
İsmayıl Həqqi yeddi övlad atası idi. Onun böyük oğlu Niyazi atasının yolu ilə gedib, uzun illər mətbuat səhifəsində çalışıb, Ənvər mühəndis, Osman aktyor olub.