Dirsə xan oğlu Buğacın boyu

Dirsə xan oğlu Buğacın boyu. Rəssam Mikayıl Abdullayev

Dirsə xan oğlu Buğacın boyu - Kitabi Dədə Qorqud dastanına daxil olan boylardan biri.

«Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. «Kitabi-Dədə Qorqud» dastanı haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer vermişdir. Lakin «Kitabi-Dədə Qorqud» dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanmışdır. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olmuşdur. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar etmişdir.[1] 1952-ci ildə isə italyan şərqşünası Ettori Rossi Vatikan kitabxanasında 6 boydan ibarət başqa bir nüsxəni üzə çıxarıb, geniş elmi müqəddimə ilə nəşr etdirir.[2] 2019-cu ildə isə «Kitabi Dədə Qorqud»un yeni bir nüsxəsi – hazırda elm aləmində “Türkmənsəhra nüsxəsi” adı ilə tanınan nüsxənin olması barədə yeni faktlar üzə çıxdı.[3] Dirsə xan oğlu Buğacın boyu həm Drezden nüsxəsinə həm də Vatikan nüsxəsinə həm də Türkmənsəhra nüsxəsinə daxil olan ortaq boylardan biridir. Bu boy Drezden nüsxəsində “Dirsə xan oğlu Buğac xan boyu” adlanır və ilk sıradadır. Vatikan nüsxəsində isə “Hekayəti Dirsə xan oğlu Buğac xan” adlanır ikinci boydur. Türkmənsəhra nüsxəsində isə boyun adı “İza Berilədiərən Nəsilsiz” adlanır və ilk boydur.[4][5]

Bayandur xan hər il məclis təşkil edər, Oğuz bəylərini bu məclisdə toplayarmış. Yenə bu ziyafətlərin birində xan əmr edir ki, bir yerdə 3 ayrı rəngdə - qırmızı, ağ, qara rənglərdə otaqlar qurulsun. Oğlu olanlar ağ otaqda, qızı olanlar qırmızı otaqda, övladı olmayanlar isə qara otaqda otursun. Məclisdə iştirak edən xanlardan Dirsə xanın övladı olmadığı üçün xan qara otaqda oturur. Dirsə xan bu vəziyyətdən olduqca hiddətlənir və məclisi tərk edir. Dirsə xan evə üz tutur və yoldaşından övladları olmamasının səbəbini soruşur. Yoldaşı isə bunun Allahın qisməti olduğunu söyləyir və bildirir ki, övlad istəyirsə böyük bir ziyafət tərtib etsin, bütün Oğuz bəylərini ətrafına toplasın, yoxsullara və aclara əl tutsun, borclunu borcundan xilas etsin. Dirsə xan yoldaşının təklifi ilə məclis qurur və məclisin sonunda əlini Tanrıya açıb dua edir. Nəticədə bir müddət sonra Dirsə xanın bir oğlu dünyaya gəlir.

Oğlan 15 yaşına çatdıqda 3 dostu ilə birlikdə aşıq oynayarkən Bayandur xanın buğasının hücumuna məruz qalır. Böyük bir mübarizədən sonra buğanı öldürür. Dədə Qorqud gəlir, oğlana Buğac adı verir. Oğlan atasından taxt və bəylik alır.

Buğac xanın bəylik allıb, taxt sahibi olması Dirsə xanın ətrafındakı adamları qorxuya salır. Onlar Dirsə xanın yanına gəlib deyirlər:

Dirsə xan sənin oğlun qalxıb yerindən durdu, köksü gözəl böyük dağa çıxdı. Sən var ikən ov ovladı, quş vurdu. Anası ilə dilbir olub, atasına qəsd etmək istəyir. Belə oğul nəyinə gərəkdir. Öldürsənə!”[6]

Dirsə xan oğlu ilə ova çıxır və oğlunu ox ilə vurur. Ovdan qayıtdıqda oğlun görməyən ana qırx incə belli qızla Buğacı axtarmağa başlayır. Nəhayət oğlunu qanlar içində tapır. Buğac deyir:

Ana ağlama, qorxma. Bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramın üstündə əl gəzdirdi. Bu yaradan sənə ölüm yoxdur, dağ çiçəyi ilə ana südü dərmanındır dedi. ”[7]

Nəticədə Buğac ana südü və dağ çiçəyinin köməyi ilə 40 gün sonra sağalır. Bundan xəbər tutan 40 namərd xəyanətlərinin üzə çıxmasından təşvişə düşüb Dirsə xanın əl qolunu bağlayaraq kafir ellərinə aparmağa qərar verirlər. Buğac xan arxalarından yetişir və atasını 40 namərdin əlindən xilas edir. Xanlar xanı Bayandur xan gələrək oğlana yenidən bəylik verir.[8]

Hekayədə adı çəkilən obrazlar bunlardır: Bayandur xan, Dirsə xan, Dirsə xanının xanımı, Dədə Qorqud, Buğac, Xızır, 40 namərd, qırx qız.

Bayandur xan- Onun adı bu boyda 17 dəfə çəkilir. Onlardan üçündə “Xanlar xanı Xan Bayandur”, 13-də “Bayandur xan”, birində isə “Kam Qanın oğlu ” kimi bəhs olunur.[9] Hekayədə hadisələri başladan şəxsdir. Dədə Qorqud onu klassik və ənənəvi romandakı kimi təqdim edir. O, ildə bir dəfə məclis təşkil edir, Oğuz bəylərinə qonaqlıq verir, atdan ayğır, dəvədən öküz, qoyundan qoç kəsir. Bayandur xan hekayənin əsas hadisəsini ortaya qoyur. Bütün hekayə bu hadisədən başlayır. Bayandur xanın bəylər üzərində hakim rolu var. Onun ordusu var, böyüyən hər bir gənc onun ordusuna qoşulur. Bayandur xan öküz və dəvəsini ildə iki dəfə yayda və payızda güləşdirir. O, bəylərlə onların döyüşünü izləyir. Dirsə xanın oğlu öküzü məğlub edir.[10]

Dirsə xan qorxur ki, oğlunun mənəvi dəyişməsindən Bayandur xana şikayət edəcəklər. Bayandur xan hekayədə daha sonra görünmür. Bayandur xan adi tip deyil, xarakterdir. Cəmiyyətin davamlılığının nəsildən-nəslə keçəcəyini bildiyi üçün çadırlar qurmağı planlaşdırmış və buna nail olmuşdur. Dirsə xan isə qara çadırda oturmuş insanların prototipidir. Bu prototipin arxasından yüz minlərlə insanın təcrübəsini görə bilərik. Tarixdə nəsil artırmağa təşviq edən bir çox hadisələr var, lakin bu hekayədəki üsul etika və estetika cəhətdən daha məntiqlidir.

Dirsə xan - Haqqında İç Oğuzdan, yoxsa Dış Oğuzdan olması barədə heç bir məlumat olmayan Dirsə xanın adındakı “xan” ifadəsindən də anlaşıldığı kimi, Oğuz cəmiyyətini təşkil edən tayfalardan birinin başçısıdır. O, hekayədəki hadisələri davam etdirən şəxsdir.[10] Hekayənin sujeti Buğac xanın anadan olub, ad almasına kimi birbaşa Dirsə xanın ətrafında cərəyan edir. Onun övladı yoxdur. Bu səbəbdən o, Bayandur xan tərəfindən təşkil edilən məclisdə qara otaqda oturur. Oğlu-qızı olmayan Dirsə xana oxşar münasibətə qazaxların “Koblandı batır” dastanında və “Dudar qız”, “Çəlkildək” və “Əlibək Batır” kimi rəvayətlərində rast gəlmək mümkündür.[11] Dirsə xanın obasına qayıtdıqdan sonra arvadına söylədiyi sözlər arasında qəzəb və kin-küdurəti də göstərən aşağıdakı cümlə onun başqa bir xüsusiyyətinə diqqət çəkir:

“Bir adamın ki, oğlu-qızı olmaya,

onu Allah qarğayıbdır, biz də qarğayırıq dedilər"

Dirsə xan xanlar xanı Bayandurun istisna rəftar göstərməsi ilə övladsızlığının səbəbini arvadından “Səndəndir, yoxsa məndən?” deyə soruşur. Beləki, Dirsə xan uşaqsızlığı bütünlüklə xan qızı olan arvadından yaranan problem kimi görmür. Bu cümlə Dirsə xanın mənsub olduğu Oğuz cəmiyyətinin mədəni və inkişaf etmiş olduğuna işarədir.[12]

40 namərd ona oğlundan yalan xəbərlər gətirdikdə bu hadisəni araşdırmadan onların sözünə inanır. Bu cəhətdən Dirsə xan Yusif və Züleyxa hekayəsindəki Yusifin atası ilə oxşardır. Lakin hadisələrin inkişafı və tragik tərəfləri fərqlidir. Öz adamları tərəfindən təhrik edilən Dirsə xan oğlunun bu davranışı ilə onu Oğuz cəmiyyətində çətin vəziyyətə saldığını düşünür.[13] Bu söhbətlərin Bayandur xana çatması ilə nüfuzdan düşəcəyindən qorxur. Digər tərəfdən ailədəki nüfuzunu da itirdiyini hiss edir və oğlunu öldürmək qərarına gəlir. Ata-oğul arasında baş verən münaqişə atanın oğluna sui-qəsd törətməsi ilə kuliminasiya nöqtəsinə çatır. Törədilən xəyanət oğuz cəmiyyəti tərəfindən heç vaxt qəbul edilməyən bir davranışdır. Ancaq bu hadisə Dirsə xanın atalıq şüurunun formalaşması baxımından zəruri görünür.[14]

Nəhayət hadisələrin sonunda Dirsə xan atalıq şüuruna, oğul isə övlad şüuruna çatmışdır. Ana və Xızırın müdaxiləsi ilə böhran sonlanır, ailə ilə cəmiyyətin birliyi və bütövlüyü arzu olunan səviyyədə qurulur. Müvəffəqiyyətlərinə görə Bayandur xan tərəfindən bəylik verilən Buğac xan səhnədə layiqli yerini tutarkən, ata səhnədən ayrılma vaxtının gəldiyini anlayır.[14][15]

Dirsə xanın xanımı Xan qızı - Dirsə xanın xanımı və Buğac xanın anası haqqında boyda ətraflı məlumat verilmir. Biz sadəcə hekayədə bir neçə yerdə onun “xan qızı” olduğunu anlayırıq. Belə ki, Dirsə xan Bayandur xan tərəfindən qurulan məclisi tərk edib evinə döndükdə xanımına “xan qızı ” deyə müraciət edir. Bir digər hadisədə, atası ilə ova göndərdiyi oğlunu görməyən ananın sərf etdiyi sözlərdən “xan qızı” olması bir daha təsdiqini tapır.

Xan atamın qatına mən varayım

Ağır xəzinə ilə bol ləşkər alayım.[16]

Daha sonra xanımı Dirsə xana müraciət edir:

“Xan babamm göygisü, Qadın anamın segisi,

Atanı-anam verdigi,

Göz açuban gördügim,

Könül verib sevdigim a Dirsə xan”.

Digər tərəfdən burada qədim türkün bütöv nikah-evlənmə məcəlləsi əks olunur: qızın ərə köçməsində ata-ananın ciddi iştirakı var - babamın (atamın) göygüsü, anamın segisi deyilir. Bu o deməkdir ki, ata və ana bu izdivaça birgə razılıq verir. Eyni zamanda qadın “göz açuban gördügüm” (yəni başqa heç kəsdə gözü olmayıb), “könül verib sevdigim’ ifadələrini işlədir. Beləliklə, qızın ər seçməkdə hüququ söylənir. Bu, yüksək cəmiyyətin xüsusiyyətidir. Həmin cəmiyyətdə qadın hüququnu bu sözlər də təsdiqləyır - Dirsə xan qadınına, qadını da ona eyni sözlər-təyinlərlə müraciət edir.[17]

Onun fiziki xüsusiyyətlərinə yenə Dirsə xanın məclisdən qayıtdıqdan sonrakı xanımına müraciətində rast gəlirik. O başın baxtı, evin taxtıdır. Səlvi boyludur və qara saçları topuğuna qədər uzanır. Qaşları qurulu yay, yanaqları almaza bənzəyir.[18] Buğac xanın hekayəsində ağıl, sağlam düşüncə, tarazlıq, uzlaşma və sədaqəti təmsil edən xan qızı, Dirsə xanın kənarda qalmasına səbəb olan uşaqsızlıq probleminin həllində başlıca rol oynayır.[19]

Buğac xan - Uşaq, xüsusən də oğlan uşağı maldar və döyüşçü cəmiyyət olan Oğuz cəmiyyəti üçün əvəzsiz sərvətdir. Onun yoxluğu bir tərəfdən ailə anlayışının yox olması deməkdir, digər tərəfdən isə arzulanan sosial bütövlüyün əldə edilməsində maneədir.[13] Bu hekayədə“ acların doydurulması, borclunun borcdan qurtulması, böyük məclis qurulması, Oğuz bəylərinin duaları” nəticəsində ana rəhminə düşən Buğac xan 9 ay sonra dünyaya göz açır. Doğulduqdan sonra baxıcılara verilən Buğac xan on beş yaşında ikinci dəfə qarşımıza çıxır. [20]On beş yaş onun yeniyetməlik dövrüdür və rəvayət obrazın yetişib, fərdiləşməsi üçün lazım olan mühiti hazırlayır. Bu proses Bayandur xanın buğası ilə güləşməsi və Dədə Qorqud tərəfindən ad alması ilə başlayır. Qəhrəmanın vəhşi heyvanla, xüsusilə buğa ilə güləşib qazanması qədim epik ənənlərdən biridir və ilk dəfə Oğuz Xaqan dastanının Uyğur nüsxəsində qarşımıza çıxır. Türk alim Ziya Gökalp buğa ilə mübarizəsinə diqqət çəkərək Buğac xanın Oğuz xan olduğu fikrini irəli sürmüşdür.[21]

Beləliklə buğa ilə mübarizəsini qazanıb ad alması üçün məclis təşkil edilməsi Dirsə xanın oğlunun cəmiyyət tərəfindən mənimsənib, fərdiləşməsi deməkdir.[22]

Daha sonra atası tərəfdən sui-qəsdə məruz qalan oğul ana və Xızırın köməkliyi ilə ölümdən xilas olması, Dirsə xanı övlad qatili olmaqdan xilas edir. Həmçinin ailə bütövlüyünün aradan qalxmasına da mane olur. Sonda onu öldürmək istəyən atasını anasının təşviqi ilə xilas etməklə Buğac xan əsl alp, bacarıq və fəzilət sahibi olur. Bu hadisə həm də Oğuz cəmiyyətinə xas dəyərləri əks etdirmək baxımından da əhəmiyyətlidir. Çünki Oğuz cəmiyyətində oğul atasının arxasında durmalı, ata nə səhv edirsə etsin, onu düşmən əlində qoymamalıdır. Onun bu fəziləti də Dirsə xanın öz rolunu qəbul etməsinə əhəmiyyətli dərəcədə kömək edir.[23]

Dədə Qorqud və Xızır - Dədə Qorqud həm bəşəri, həm də mifik xüsusiyyətlərə malik şəxsiyyətdir. O, həm müşahidəçidir, hadisələrin həlledici məqamlarında peyda olub ad verər, mükafatlandırar. Amma hadisələrin sonunda keçmiş və gələcək kimi şərh edilən dünya Günəş-Ay üçlüyünə indeksləşdirilən zamandan kənara çıxır. Dədə Qorqud danışarkən hekayədəki bütün personajlar dünyasını dəyişsə də o, fövqəlbəşəri kimliyi ilə hələ də mövcuddur.[24]

Burada Xızır Dədə Qorqud kimi mifik şəxsiyyətdir. Dağda ölü qalan Buğac xanın yarasını müalicə edir, ana südünü, dağ çiçəyini dərman kimi göstərir.

Heyvanların da hekayədə missiyaları və funksiyaları var. Qoyun, qoç, dəvə, şir, pələng, ilan, qarğa, qarğa, turqay kimi it və quşlar dekorativ deyil, funksiya daşıyır. Onlar cansız təbiət rəmslərindəki kimi qeyri-funksional heyvanlar deyillər.[24]

Ağ otaq - Oğlan övlad sahibi olan bəylərin oturduğu otaqdır. Burada ağ saflıq və məsumiyyət simvoludur. Eyni zamanda, həmin şəxsin keçmişdə bəndə olaraq heç bir günah etmədiyinin də göstəricisi sayıla bilər. Beləki, Allah keçmişdə saleh əməllər edənləri rəftarına görə mükafatlandırmış və nəslin davamına görə onların oğlan övladı dünyaya gəlmişdir.[25]

Oğlan cəmiyyət üçün parlaq gələcəkdir. Döyüşçüdür. Öz xalqını qorumaq onun borcudur. Döyüşçü cəmiyyət olan oğuzlar arasında kişi fiquru cəmiyyətin yaşaması, soy-kökü davam etməsi, zəngin, firavan və təhlükədən uzaq həyat üçün zəruridir. Oğul sahibi olmamaq həm də adın itməsidir. Oğuz cəmiyyətində ad almaq üçün kişi çox çətin şəraitdə öz gücünü sübut etməlidir.[25]

Qırmızı otaq - Qız övladı olan bəylərin oturduğu otaqdır. Qız Oğuz cəmiyyətində məhsuldarlığı və bolluğu simvollaşdırır. O tərbiyəçi, cəmiyyəti təhsil və sosial baxımdan formalaşdıran, nəsil yetişdirici kimi keyfiyyətlərinə baxmayaraq, həm də xarici təhlükələrə açıq vəziyyətdədir.[25]

Qara otaq - Övladı olmayan bəylərin qonaq olduğu yer kimi yoxsulluğa, məhrumiyyətə işarədir. Uşaqsızlıq gələcəksizlik, sonluq və məhdudiyyət deməkdir. Burada qara rəng ölümü təmsil edir. Ağ çadır həm soyun, həm də adın davamını təmin etdiyi halda, qırmızı çadır nəslin davamını təmin etsə də, adın davam etdirilməsinə zəmanət vermir, ancaq qara çadır hər ikisinin, adın və soyun sonudur.[26]

Xızır arxetipi - Hekayələrdə qəhrəmanlar bəzi maneələri ağılları ilə həll edir, digərlərinə isə fiziki gücləri ilə qalib gəlirlər.[27] Qəhrəmanlar çətinliyə düşəndə, problemlərini həll etməyə gücü çatmayanda, qarşılaşdıqları maneələri və çətinlikləri necə aşacaqlarını bilmədiklərində, bir sözlə, çarəsizliyə və ümidsizliyə qapıldıqda, həmişə onların köməyinə gələn bir müdrik, bir şaman, bir Xızır var. Şamanizmdə və Anadolu ələviliyində adına tez-tez rast gəlinən Xızırın bu inanclarda mövcud olan “təbiət ruhu” və ya insanın “öz nurundan” yaradıldığını söyləmək mümkündür. [28]

Kölgə arxetipi - O, adətən dəyişikliyə və inisiasiyaya məruz qalan insanların aşağı mənliyində yatan gizli cəhət kimi özünü göstərir. “Kölgə qəhrəmana fərdiləşmə prosesində irəlilədikcə yetkinləşməyə imkan verən əks qüvvədir.”[29]Kölgə arxetipləri kimi görünən qırx namərd əslində paxıllıq etmək, yalan danışmaq və öz maraqlarını qorumaq üçün oğlu ataya öldürtməklə Dirsə xanın oğluna qarşı hiss etdiyi paxıllıq hissinin simvoludur. Bu hissdən kor olan Dirse xan qurban kəsməklə və dua etməklə əldə etdiyi hədiyyə olan oğlunu çox sorğu-sual etmədən öldürməklə zəifliyini göstərir. Burada kölgə işığa qalib gəlir və "alp tipi" olan Dirsə xan öz zəifliyinə təslim olur.[30]

«Ana südü», «dağ çiçəyi» arxetipləri - Azərbaycan arxaik düşüncəsində ilkin etnik-mental arxetiplərə aiddir. «Ana südü» mifoloji semantikası etibarilə təkcə ana xaqanlığın yox, eyni zamanda onunla bağlı ana kultunun, «dağ çiçəyi» isə ümumən təbiət kultunun, konkret olaraq, dağ və bitki kultlarının dastandakı arxetipik simvollarıdır.[31]

  1. Qafarlı, 2019. səh. 5
  2. Qafarlı, 2019. səh. 6
  3. Kəlbizadə, 2020. səh. 119
  4. Erdem, 1998. səh. 72
  5. Duru, 2023. səh. 97
  6. Kitabi Dədə Qorqud, 2004. səh. 180
  7. Kitabi Dədə Qorqud, 2004. səh. 182
  8. Kılıç, 1997. səh. 82
  9. Aday, 2017. səh. 417
  10. 1 2 Uç, 2003. səh. 50
  11. Aksoy, 2012. səh. 58
  12. Ekici, 2001. səh. 54
  13. 1 2 Ensiklopediya, 2000. səh. 73
  14. 1 2 Aksoy, 2012. səh. 59
  15. Ekici, 2001. səh. 57
  16. Abdulla, 1998. səh. 212
  17. Ensiklopediya, 2000. səh. 74
  18. Abdulla, 1998. səh. 212-213
  19. Aksoy, 2012. səh. 60
  20. Ekici, 2001. səh. 51
  21. Aksoy, 2012. səh. 68
  22. Ergin, 1997. səh. 184
  23. Aksoy, 2012. səh. 69
  24. 1 2 Uç, 2003. səh. 51
  25. 1 2 3 Aşkaroğlu, 2013. səh. 126
  26. Aşkaroğlu, 2013. səh. 127
  27. Aşkaroğlu, 2013. səh. 124
  28. İsmayılova, 2011. səh. 67
  29. Kanter, 2005. səh. 134
  30. Aşkaroğlu, 2011. səh. 130
  31. İsmayılova, 2011. səh. 69
  • Dirsə xan oğlu Buğac boyun bəyan edər // Kitabi-Dədə Qorqud ensiklopediyası: II cild. II. Bakı: Yeni Nəşrlər Evi. 2000.