Füzuli–Şuşa avtomobil yolu

Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu"Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur.[1]

Avtomobil yolu
Füzuli-Şuşa
Ölkə  Azərbaycan
Şəhərlər
Uzunluğu 101,5 km
Başlayır Əhmədbəyli
Bitir Şuşa
Örtüyü Asfalt-beton
Sahibi Azəryol
Vəziyyəti Tikilən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər.[2]

İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir.[1]

2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.[3]

Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır.[3]

Sərəncamda Nazirlər Kabinetinə, Maliyyəİqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir.[3]

İlham Əliyev Füzuli rayonunun Alxanlı kəndində yolun tikintisi ilə tanış olur.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir. Yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84.6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.[4][5]

Bundan başqa, layihə üzrə relyefin imkan verdiyi ərazilərə qədər hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olacaq.[6]

Avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur. Yeni tras üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli–Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.[4]

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.[6] Yeni tras iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.[4]

İlham Əliyevin Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürdüyü an

Şuşaya aparan yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik "Kolin İnşaat" başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.[6]

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni tras üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

İstifadəyə verilməsi

[redaktə | mənbəni redaktə et]

Füzuli-Şuşa yeni avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün qısa müddət ərzində müvəqqəti olaraq 2 hərəkət zolaqlı və çınqıl örtüklü olmaqla yeni yol inşa edilərək istifadəyə verilib.[4]

2021-ci il sentyabr ayında yol bütünlüklə istifadəyə verilib. 7 noyabrda isə yolun rəsmi açılışı olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmən günü Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. İlham Əliyev Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürüb.[2]

Əhmədbəyli-Füzuli–Şuşa avtomobil yolu sayəsində Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edib.[4]

  1. 1 2 "Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisiBu yol bizi Şuşaya aparacaq". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  2. 1 2 "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
  3. 1 2 3 "Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  4. 1 2 3 4 5 "Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  5. "Füzuli-Şuşa yolunun inşası davam edir". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  6. 1 2 3 "Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsinə - Start Verilib - FOTO". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]