Fenomen sinematoqrafının binası və ya Kukla Teatrının binası — 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası. Bina İosif Ploşkonun layihəsi üzrə fransız renessansı üslubunda tikilib.[1] Hazırda binada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərir.
Fenomen sinematoqrafının binası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Neftçilər prospekti, 36 |
Aidiyyatı | Azərbaycan Dövlət Kukla Teatrı |
Memar | İosif Ploşko |
Tikilmə tarixi | 1909—1910 |
Üslubu | fransız renessansı |
Vəziyyəti | yaxşı |
İstinad nöm. | 140 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XX əsrin əvvəllərində Bakının planlaşmasına və tamaşa müəssisələri tikintisinə yeni memarlıq mövzusu - səssiz kino göstərilməsi üçün sinematoqraf binası daxil olmuşdur. Hamının üzünə açıq olan ucuz sinematoqraf tezliklə tamaşaçıların etimadını qazanır. Bakıda sinematoqrafların ilk binası 1909-1910-cu illərdə yeni bulvarda mülki mühəndis İosif Ploşkonun layihəsi üzrə tikilmişdir. Bu binanın tikilməsi çox müzakirələrə səbəb olmuşdur. Kinematoqrafın layihəsi şəhər rəisi tərəfindən təsdiq olunduqdan sonra 1909-cu ildə yeni binanın tikilməsinə başlanıldı. Lakin şəhər hakimiyyəti "gəzinti və istirahət üçün nəzərdə tutulan bulvarda belə tikintiyə icazənin mümkünsüzlüyünü bildirdilər. Pavilyon bulvarın yaraşığını pozar və sıxlıq yaradar, buna görə də sökülməlidir"
Binanı bulvarın qurtaracağında, "Qafqaz və Merkuri" cəmiyyətinin anbarları ilə yanaşı ucaltdılar, 1910-cu ilin iyununda sinematoqraf "Fenomen" adı altında fəaliyyət göstərməyə başladı və əks fikirlərin yaranmasına səbəb oldu. Bulvarın ərazisində belə müəssisələrin yaradılmasının imkansızlığı haqqında mübahisələr olsa da, İ.Ploşkonun fransız renessansı üslubunda istedadlı memara xas olan ustalıqla sinematoqraf kimi yaraşıqlı binanın tikilməsi "Qafqaz və Merkuri" cəmiyyətinin çirkin anbarları ilə yanaşı olmasının yersizliyi fikrini yaratmışdı. "Fenomen" yeni bulvarda hələ yaşıllıqların sıx olmadığı vaxtda meydana gəlmişdi. Çiçəkliklərə və xiyabanlara bölünmüş bulvar bədii cəhətdən maraq oyatmırdı. Buna görə də sinematoqrafın memarlığı daha zərif görünürdü. İncə detallarla işlənmiş fasadlar sahildə hökmran mövqe tuturdular. "Qafqaz və Merkuri" cəmiyyətinin anbarlarını nəzərə almasaq, "Fenomeri'in binası ətraf tikililərin təsirindən azad idi və şəhərin başqa binaları ilə müqayisədə daha əlverişli mövqe tuturdu.[1]
İri ionik plyastrlarla işlənmiş, hündür stilobat (sütunlar üçün özül) üzərində duran və balyustradalı attika ilə tamamlanan baş fasad sahildə çox təntənəli və heyranedici şəkildə görünürdü. Cinahlarda olan iki qüllə ümumi tikintinin siluetini canlandıraraq şəhərin bütün binalarının memarlığı üçün ənənəvi olan kompozisiya üsullarını müəyyən dərəcədə davam etdirirdi. Bu üsul şəhər tikintisinin fərdi memarlıq tamlığına xidmət edirdi. Baş fasadın mərkəzi hissəsi bir qədər irəli çıxaraq yarımdairə tağla açıq geniş pilləkənlərin apardığı giriş portalını nəzərə çatdırmışdır. Fasadın kompozisiyasının təmtəraqlılığı künc divar oyuqlarında yerləşən heykəllər ilə daha da gücləndirilmişdir. Qeyd etmək lazımdır ki, Bakıda memarlıqla heykəltəraşlığın sintezi məhz İ.Ploşkonun yaradıcılığında nümayiş etdirilmişdir. İ.Ploşko sonralar dəfələrlə bu mövzuya qayıtmış, lakin işlər heykəltəraşlığın binanın memarlıq kompozisiyasında fəal iştirakı olmadan lakonik həll ilə məhdudlaşdırılmışdır.
"Fenomen"in tamaşaçılar üçün nəzərdə tutulmuş qalereyalan olan fasadlan da klassik üslubda gözəl işlənmişdir, lakin qəbul edilmiş kiçik order baş fasadın iri orderinə uyğun gəlmir və buradan da mərkəzi və yan hissələrin masştabının uyğunsuzluğu meydana çıxır. Aynabəndli qalereyaların yaradılması və orada restoranın yerləşdirilməsi sübhəsiz ki, binanın təntənəli monumental xarakterini pozur və onun memarlıq ahəngini zəiflədirdi.
Kinoteatrın açılışı dövründə müdiriyyət bulvardakı yeni kinematoqrafın texniki və memarlıq məziyyətlərini geniş reklam edərək bildirirdi ki, zal geniş və nəfis otaqdan ibarətdir, hər 15 dəqiqədən bir hava dəyişir, çünki orada havalandırma sisteminin ən son nailiyyətlərindən və xüsusi ozanatordan istifadə edilmişdir; zərərli sayılan sorucu ventilyasiya qolla əvəz edilmiş, havanın zala daxil edilməsi ozanotor, soyuducu kanallar və filtr vasitəsilə baş verir.[1]
Fenomenin binası 10 il ərzində kinematoqraf, kazino və s. kimi istifadə edilmişdir. 1921-ci ildə mülki-mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi üzrə o, əsaslı yenidənqurmaya məruz qalmış və "Satiraqit" fəhlə teatrına çevrilmişdir. Daha sonra burada 1932-ci ilə qədər Bakı Türk İşçi Teatrı və Musiliqi Komediya Teatrı fəaliyyət göstərdi. 1941-1945-ci illər ərzində burada "Müdafiə" kinoteatrı müharibədən sonra isə Azərbaycan Kənd Təsərrüfatı Muzeyi fəaliyyət göstərib. Kənd Təsərrüfatı Muzeyi təsis olunduqdan sonra binanın qarşısında olan və Ploşko tərəfindən qoyulmuş 4 heykəl götürülür və onların yerinə çoban və südçü heykəli qoyulur. 1970-ci ildən binada Azərbaycan Dövlət Kukla Teatrı teatrl fəaliyyət göstərir. 1980-ci illərdə bina təmir olunanda heykəllər yenidən bərpa edilirlər. Lakin 2007-ci ildəki əsaslı təmirdən sonra 1910-cu ildə binanın qarşısına qoyulmuş heykəllər götürülüb.[2] [3]