Fin bağı

Fin bağı

Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur.[1]

Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır.

Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər. Bu mənbələr fikirlərini əsaslandırmaq üçün 1573-cü ildə bağın tamamilə dağılmasına səbəb olan güclü zəlzələyə işarə edirlər. Bu mənbələrdə qeyd edilir ki, köhnə bağın xarabalıqları yeni bağın bir neçə yüz metrliyində yerləşir və “qədim bağ” adı ilə məşhurdur. Qədim bağ ən çox Elxanilər dövlətinin hakimiyyət dövründə genişləndirilmişdir. Bağda yerləşən tikilinin I Şah Abbas tərəfindən Qiyasəddin Cəmşid Kaşaninin layihəsi əsasında tikildiyi qəbul edilir. Lakin akademik qaynaqlar layihə müəllifinin Şeyx Bəhai olduğunu qeyd edirlər.[2]

Bağın genişləndirilməsi və quruculuq işləri I Şah SəfiII Şah Abbas dövründə də davam etmiş və kulminasiya nöqtəsinə çatmışdır. Giriş portalın üzərində yerləşən tikililər, Səfəvilərə məxsus yay evi və hamamlardan biri qeyd edilən dövrdə tikilmişdir. Səfəvilər dövlətinin hakimiyyətinin son illərindən Zəndlər sülaləsinin hakimiyyətinə qədər olan dövrdə, əfqan və Nadir şahın hücumları ilə eyni zamanda bağ diqqət mərkəzində kənarda qalmışdır. Kərim xan Zəndin hakimiyyəti dövründə ard-arda bir neçə zəlzələnin baş verməsindən sonra bağ və kompleksə daxil olan binalar restovrasiya olunmuş və “Kərim xanın istirahət otağı” tikilərək kompleksə daxil edilmişdir.[3]

Fətəli şah Qacarın hakimiyyəti illərində bir çox abidələr tikilərək, kompleksə əlavə edilmişdir. Bu gün kompleksə daxil olan digər abidələrin hamısı bu dövrün məhsuludur. Lakin Fətəli şahın ölümü ilə bağa qarşı laqeydlik hökm sürmüş və bir hissəsi məhv olmuşdur.

Pəhləvilərin hakimiyyəti dövründə bağ kompleksinə xüsusi diqqət ayrılmış, “Nizaməddin xəlvətxanası”nın xarabalıqlarının yerində İran Milli Muzeyinin binası, eləcə də kitabxana və hamamlar arasında yeni tikili tikilmiş, bir çox abidələrin üzərində isə yenidənqurma işləri aparılmışdır. Son dövrlərdə də kompleksə qarşı diqqətsizlik onun bəzi hissələrinin yararsız hala düşməsinə səbəb olmuşdur.[4]

  1. "«باغ فین پربازدیدکننده‌ترین اثر تاریخی استان اصفهان است» ‎(fa-IR)‎. به کوشش خبرگزاری جمهوری اسلامی. بازبینی‌شده در 2018-03-29". 2019-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  2. "«باغ فین پربازدیدکننده‌ترین اثر تاریخی استان اصفهان است» ‎(fa-IR)‎. به کوشش خبرگزاری جمهوری اسلامی. بازبینی‌شده در 2018-03-29". 2015-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-06.
  3. "«موزه ملی باغ فین کاشان بازگشایی می‌شود». خبرگزاری فارس نیوز، ۲ اردیبهشت ۸۸. بازبینی‌شده در ۲۵ مارس ۲۰۱۱". 2011-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  4. "«Bagh-e Fin» ‎(en)‎. THE GARDEN AND". 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.