Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (16 fevral 1547[1], Bəəlbək, Osmanlı Suriyası, Osmanlı imperiyası[3] – 1 sentyabr 1621[2], İsfahan, Səfəvilər[4]) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom.
Şeyx Bəhai | |
---|---|
ərəb. بهاء الدين محمد بن حسين العاملي | |
Doğum adı | بهاء الدين محمد بن حسين العاملي |
Doğum tarixi | 16 fevral 1547[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 sentyabr 1621[2] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Hüseyn əl-Həriti[d] |
Elm sahələri | riyaziyyat, astronomiya, fəlsəfə, ədəbiyyat, fiqh |
Tanınmış yetirmələri | Sədrəddin Şirazi[3][5] |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur).
O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir.
İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü.
O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər. Şeyx Bəhai tarixdə ədib, fəqih, təfsirçi, riyyaziyatçı, mühəndis, şair, həmçinin həkim və filosof kimi qalmışdır. O, cəbr, həndəsə, astranomiyanı Molla Əli Müzəhhəbdən, İbn Sinanın "Qanun" kitabından isə (tibb elmi) Həkimud-din Mahmud adlı alimin yanında dərs almışdır. Səfəvi şahları bu alimə çox yüksək qiymət verərək onu böyük dini və dövlət mənsəblərinə təyin etmışlər. Şeyx bir müddət Herat və İsfahan şəhərlərinin Şeyxul-İslamı olmuş, camaatın şəri məsələlər barəsindəki suallara cavab vermişdir.
Bir qədər sonra Şeyx Bəhai dünya və onun məqam və dövlətinə arxa çevirib bir növ tərkidünyalığa qapandı. Üzünü tutdu Mədinədə Peyğəmbərin (s) məqbərəsini də ziyarət etdi. Bundan sonra səyahətə başladı. Otuz ilə qədər səyahətlərdə oldu. Misiri, Suriyanı, Hicazı, İraqı, Fələstini, Əfqanıstanı, şəhərlərdən isə Qumu, Məşhədi, Girmanşahı, Heratı, Təbrizi, Gəncəni gəzdi dolaşdı. Çoxlu alimlərlə görüşdü, dərs aldı, kitablar yazdı. Nəhayət, İsfahan şəhərinə qayıdıb ömrünün sonuna kimi orada məskunlaşdı. Hər yerdən elm təşnələri və alimlər onun elm dəryasından bəhrələnməyə tələsdilər.
O, elə bir mükəmməl əxlaqa sahib olub ki, əgər dəryaların duzlu sularına qarışsaydı, onu şirin suya çevirərdi. Şeyx çox əzəmətli, kəramətli və səxavətli bir kişi idi. Geniş evi qərib və yetimlərin pənahı idi. Möhtaclar hər yandan onun evinə müraciət edər və heç vaxt əliboş qayıtmazdılar. Belə maddi rifah içərisində olan Şeyx həqiqi təqva, zöhd və tərkidünyalığın mücəssəməsi idi.
Həmçinin Şeyxin müxtəlif elmlərdən bəhs edən xeyli əsəri mövcuddur, o cümlədən.
Şeyxin Seyid Hüseyn adlı bir şagirdi yazır:" Bizim ustadımız, zəmanənin ən əfzəli, bəzi elmlərdə isə (çox ehtimal ki, sirli elmlərə işarədir) öz əsrinin və özündən qabaqkıların arasında misilsiz bir alim idi ki, heç kəs o elmlərə vaqif olmamışdı. Habelə, Şeyx təsəvvüfə (irfana) da çox təmayülü vardı. Münazirə və elmi mübahisələrdə çox insaflı adam idi. Mən 40 il onunla birgə oldum… Hətta Şah Abbas İsfahandan piyada Məşhədə İmam Rzanın (ə) ziyarətinə gedəndə də mən Şeyxin yanındaydım".
Qeyd olunduğu kimi, Şeyx, çox məharətli mühəndis olub, onun inşa etdiyi bir şamla suyu qızdırılan məşhur İsfahan hamamının hələ də sirri açılmayıb. Maraqlı burasıdır ki, bir çox yerlərdə, o cümlədən Azərbaycanda, Gəncə şəhərində Qoşa minarəli Şah abbas məscidi və yanındakı hamam da Şeyx Bəhaəddin dühasının məhsuludur. Bu məscid barədə "Lüğətnameyi-Dehxoda" kitabının 12-ci cildində belə məlumat verilir: "Gəncədə böyük abidlər, o cümlədən Bürclər, Cameə məscidi, Şah Abbas karvansarası və başqa abidələr gözə dəyir. Cameə məscidi birinci Şah Abbasın tikdirdiyi binalardan biri olub, memarı isə Şeyx Bəhaidir. Bu məscid hicri-qəməri tarixi ilə 1015-ci ildə inşa edilmişdir". Bakı Dövlət Universitetinin professoru M. Məmmədov bu məscid haqqında belə yazır: "Gəncədə olan Cümə məscidinin memarı Şeyx Bəhaəddindir ki, bir şamla qızdırılan məşhur şərq hamamını inşa etmişdir.[6] Astronomiya baxımından möcüzə sayılan məsciddə olan kərpiclər çox qəribə bir xüsusiyyətə malikdir. Belə ki, fəsillərdən asılı olmayaraq saat 13:00-da günəş şüasının daim pəncərədən daxilə eyni bir kərpicin üzərinə düşməsi müşaidə edilir. Bu möcüzəni əyani görmək üçün keçmişdə Avropa ölkələrindən buraya faytonla gəlmişlər. Məscidin digər möcüzəsi də odur ki, Şeyx Bəhaəddinin quraşdırdığı soba, bütün məscidi qızdırmaqdadır. Həmçinin yaxınlıqda olan hamam da çox qəribə isitmə sisteminə malikdir. Qazanxanadan borular hamamın döşəmələrinin altından keçib krantlara gəlir. Bu ona görədir ki, həm hamamın döşəməsi isti olur, həm də suyu soyutmaq (çimmək) üçün lazım gəlmir.
Şeyxin müsəlmanlara göstərdiyi xidmətlər əvəzsizdir. O, tikdiyi abidələr, yazdığı kıtablardan əlavə İslam aləminə elm korifeyləri olan Molla Sədra Şirazi, Molla Möhsün Feyz Kaşani və Məhəmməd Təqi Məclisi kimi böyük filosof, mühəndis və fəqihlər yetişdirmişdir. Ümumiyyətlə Şeyx Bəhainin həyatını mütaliə edəndə, Tanrının o cənaba etdiyi inayət və lütflərin böyüklüyü və hesaba gəlmədiyi insanı heyrətə salir. Ona əta olan nemətlərin hərəsi bir insanın həyatını dəyişə və xoşbəxtliyə çatdıra bilərdi. Müxtəlif sahələrə aid elm və bilgilərə yiyələnərək usdadlıq dərəcəsinə çatıb bəzilərində isə əsrinin yeganəsinə cevrilmişdir. İrfani və zahidlik məqamı, dünya zər-zibasına etinasızlıq onu Tanrının ən uca qürb dərəcəsinə yüksəltmişdir.
Onun İmam Əli (ə)-a və pak İmamlara (ə) sonsuz ehtiram və məhəbbəti vardı. Çoxlu sayda kitabları, dəyərli yetişdirmələri, saysız-hesabsız insanları Əhli-Beyt xəttinə irşad etmək də ona məxsus idi.
Hesaba gəlməz maddi və mənəvi nemətlərə malik idi. Süfrəsindən yetimlər, fəqirlər faydalanırdı. Məhrum və kasıb təbəqəyə həmişə onun diqqət mərkəzində idi.
Ona əta olan nemətlərdən biridə də alim, əməlisaleh, ləyaqətli bir həyat yoldaşının olması idi. Bu xanımın adı Mühəddisə idi. O, məşhur alim Şeyx Əli Minşarın qızı idi və ondan da dərs almışdı. Nəql edirlər ki, o qadın fiqh və hədis tədris edirdi və çoxlu sayda qadınlar onun elmindən bəhrələnmişdi.
Atasından o qadına dörd minə qədər kitab qalmışdı. Şeyx Bəhainin möhtərəm atasına gəldikdə isə bunu demək olar ki, o cənab dahi din alimi Şəhidi Saninin tələbəsi və həqiqi mənada sirdaşı olmuşdur. Elmdə böyük dərəcələrə çatması səbəb oldu ki, Səfəvi şahı Təhmasib onu əvvəlcə Qəzvinə, sonra isə Herata Şeyxul-İslam təyin etsin. Şah onu Herata göndərdi, oranın valisi Əmir Şahquluya tapşırdı ki, ona tam mənada tabe olsun, ona heç kim müxalif olmasın. Namazdan sonra o cənabın mübarək xütbə və buyruqlarından bəhrələnmək üçün öz oğlu Sultan Məhəmməd Xudabəndənin isə cümələr məscidə aparsın.
Şeyxin atası bir neçə ildən sonra şah Təhmasibdən, öz oğlu ilə birlikdə həccə getməyə icazə istədi. Şah təkcə getməsinə razı oldu, oğlunu isə qalıb dini elminin tədrisi ilə məşğul olmasını məsləhət gördü.
O, həcci yerinə yetirib Bəhreyn tərəfdən geri dönəndə bir yuxu gördü. Yuxusundakı göstərişə əsasən Bəhreyndə məskunlaşdı və ömrünün sonunadək orada yaşadı və qəbri də Bəhreyndədir.
Bir gün Şah Abbas Şeyx Bəhayiyə deyir: "Ürəyim istəyir ki, səni ölkənin qazisi təyin edəm. Necə ki, maarifi nizama salmısan, ölkə məhkəməsini də nizama salardın". Şeyx Bəhayi deyir: "Mənə bir həftə möhlət ver". Şah Abbas da qəbul edir. Sabahısı günü Şeyx öz uzunqulağına minir və şəhərin kənarında olan ibadət yerinə gedir və uzunqulağının yüyənini ağaca bağlayır. Dəstəmaz alır və əsasını kənara qoyub, namaz qılmaq istəyir. Bu zaman oradan keçən bir şəxs Şeyxi tanıyır və qabağa gəlir və salam verir. Şeyx namaza başlamamışdan əvvəl salamın cavabını verir və deyir: "Ey Allahın bəndəsi! Mən bilirəm ki, ölüm saatım yaxınlaşmışdır. Namazda yer məni udacaqdır. Sən burada otur və mən öləndən sonra uzunqulağımı və əsamı götürərsən. Mənim şəhərdə olan mənzilimə xəbər verərsən. Deyərsən ki, Şeyx yerin altına gedibdir. Ancaq Əzrayili (ə) görməyə qüdrətin olmadığı üçün gözlərini yum. 70 dəfə "Tövhid" surəsini dedikdən sonra açarsan. O zaman uzunqulağımı və əsamı götür və get".
Kişi Şeyxin bu sözlərini eşidib titrəməyə başladı və yerə oturdu və gözlərini yumdu. Şeyx də namaz yerində əmmaməsini qoyub divarın arxasına getdi. Oradan da küçəyə qaçdı. Gizli şəkildə özünü evinə çatdırdı və ev əhlinə dedi: "Bu gün kim məni soruşsa deyin ki, ibadət yerinə gedib və hələ də qayıtmayıbdır. Sabah səhər də mən gizli şəkildə şahın yanına gedəcəyəm, məqsədim var".
Şeyx Bəhayi səhər günəş çıxmamış saraya getdi. Yaxın insanlardan olduğu üçün saraya icazəsiz girdi. Şah onunla görüşür və Şeyx şaha deyir: "Mən dünən bir yolçuya dedim ki, gözlərini yum ki, məni yer udacaqdır. Gözünü yuman kimi mən özümü gizlətdim. Evimə getdim və məni ev əhlindən başqası görməmişdir. Əmmaməmi, uzunqulağımı da orada qoymuşan və dünəndən bəri şəhərdə şayiə yayılıb ki, məni yer udmuşdur. İnsanlar bu sözə o qədər inanıb ki, kimdən soruşsan deyir ki, mən gözümlə gördüm ki, yer Şeyxi uddu". Şah əmr edir ki, insanlar şah məcsidinin meydanında toplaşsınlar. O qədər insan gəlir ki, keçid yolları bağlanır. Şah əmr edir ki, hər bir məhəllə özü üçün ən fazil və ağıllı bir insan seçsin və onu öz vəkili etsinlər. Həmin şəxs də gəlib şəhadət versin ki, Şeyx yoxa çıxmışdır.
Beləliklə hər məhəllədən bir nəfəri təyin edirlər və 17 nəfər gəlir və şəhadət verirlər ki, Şeyxin yeri udduğunu öz gözləri ilə görüblər. Onlar danışırdı: "Çox dəhşətli idi və yer ağzını açdı və Şeyxi bir tikə kimi uddu". Şah heyrətlə bu sözlərə qulaq asır və nəhayət onlara deyir: "Gedin və əza məclisi qurmağa da ehtiyac yoxdur. Çünki məlum oldu ki, Şeyx Bəhayi günahkar bir insan olmuşdur". İnsanlar dağıldılar. Şeyx şahın xidmətinə gəldi və şah ondan soruşdu: "Sənin bu oyunda məqsədin nə idi?". Şeyx dedi: "Siz mənə dediniz ki, qazi olam". Şah dedi: "Bəli, amma necə?". Şeyx dedi: "Mən necə qazi ola bilərəm ki, insanların verdiyi şəhadətin düzgün olduğu məlum deyildir. Bu zaman məzlumun və günahsızın boynunu vurmuş olarıq. Ancaq əgər əmr etsəniz, çarəsiz qəbul edəcəyəm".
Şah Abbas deyir: "Sənin elmi məqamına ehtiram etdiyim üçün qazi olmağın lazım deyildir. Yaxşı olar ki, öz işinlə məşğul olasan". Bundan sonra Şeyx Bəhayi elm və maarifin yayılmasında zəhmətlər çəkdi və elmdə ən ali məqamlardan birinə nail oldu.[7]
Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhayi və Mir Damədlə gəzintiyə çıxır. Mir Damədin mindiyi at , Şeyx Bəhayinin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damədə yaxınlaşıb deyir: "Görürsənmi , Şeyx Bəhayi bizi saymır , özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb".
Mir Daməd Şaha belə cavab verir: "Şeyx Bəhayidə günah yoxdur. Onun atı , belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur, ona görə də Şeyx Bəhayi bizdən irəli keçib". Sonra Şah Abbas atını sürüb Şeyx Bəhayiyə çatır və ona belə söyləyir: "Mir Damədi görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib, bizdən arxaya qalıb".
Şeyx Bəhai isə belə cavab verir: "Şah sağ olsun, Mir Damədin mindiyi at, onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damədin atı nə böyüklükdə bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır".
Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür.[8]
Şeyx Bəhai adlı alimin adı ilə "bəhailik" sözü arasında oxşarlıq olsa da, bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur. "Şeyx Bəhai" kimi tanınan alimin əsl adı Məhəmməd ibn Hüseyn Amilidir, ləqəbi isə "Bəhaüddin"dir. Bəhai təlimi XIX əsrdə "Bəhaullah" ləqəbli Mirzə Hüseynəli Nuri (1817–1892) adlı şəxs tərəfindən yaradılmışdır. Bəhailik özündən əvvəlki bir çox dinlərin, eləcə də, babiliyin əqidə əsaslarını və şəriət hökmlərini öz daxilində birləşdirən, sintez edən müstəqil kosmopolit din sayılır. Bəhailər müsəlman hesab edilmirlər və İslam nöqteyi-nəzərindən bəhailik batil bir inancdır.[9]
Şeyx Bəhaəddin Amilini bərəkətli ömrü sona çatırdı. Qoca vaxtları idi. Vəfatına altı ay qalmışdı. Bir dəfə öz yaxın tələbələri ilə birgə (onların arasında dahi hədis alimi Əllamə Məclisi də vardı) İsfahanın qəbirstanlığına, qəbir-əhlini ziyarətə gedmişdi. Baba Rüknüddinin qəbrinin yanından keçdikdə qəbirdən bir səs eşitdi. Şeyx bu səs haqqında tələbələrindən soruşdu: – "Bir səs eşitdinizmi? "
Tələbələr heç bir səs eşitmədiklərini dedilər. Onlar Şeyxdən nə eşitdiyini sual etdikdə, buyurdu: -"Bu qəbirdən mənə nida gəldi – Ya Şeyx öz aqibətin haqqında fikirləş". (Yəni ölümün yaxınlaşıb.) Bu hadisədən altı ay keçməmişdi ki, o, hicri-qəməri tarixi ilə 1030-cu ilin şəvvalın 12-də İsfahan şəhərində dünyasını dəyişdi. Onun pak cənazəsini Məşhəd şəhərinə apararaq İmam Rzanın (ə) hərəminin yaxınlığındakı evində dəfn etdilər.[10]