Gürcü milliyətçiliyi (gürc. ქართული ნაციონალიზმი) — gürcü xalqının millətçiliyi.
Gürcülərin müstəsna olması anlayışı Orta əsrlərə (Con Zosimusun yazılarında göstərildiyi kimi) gedib çıxsa da, müasir gürcü millətçiliyi 19-cu əsrin ortalarında parçalanmış gürcü çarlıqlarının Rusiya tərəfindən ilhaqına reaksiya olaraq ortaya çıxdı. Bu ilhaq gürcülərin müstəqilliyinə son qoysa da, gürcülərə vahid hakimiyyət altında birlik, nisbi sülh və sabitlik gətirdi. Milli dirçəlişi ilk ilhamlandıranlar romantik yazıları vətənpərvərlik mərsiyələri ilə hopmuş aristokrat şairlər idi. Bir sıra uğursuz üsyan cəhdlərindən sonra, xüsusən də 1832-ci il uğursuz çevriliş planından sonra gürcü elitaları Rusiya hakimiyyəti ilə barışdı, milli oyanış çağırışları isə mədəni səylərlə yenidən dəyişdirildi. 1860-cı illərdə Rusiya universitetlərində təhsil almış və Avropa ideyalarına məruz qalmış yeni nəsil gürcü ziyalıları imperiya mərkəzi tərəfindən assimilyasiyaya qarşı milli mədəniyyəti təbliğ edirdilər. İlya Çavçavadze kimi ziyalı şəxslərin rəhbərlik etdiyi proqramlar, zadəganların tənəzzülü və kapitalizmin inkişafı ilə daha çox millətçi rənglər aldı. Bu tendensiyalar Rusiya bürokratiyasının hakimiyyəti və erməni orta sinfinin paytaxt Tbilisidə iqtisadi və demoqrafik üstünlüyünü daha da stimullaşdırdı. Çavçavadze və onun tərəfdarları bütün gürcüləri birliyə çağırır, milli maraqları sinfi və əyalət bölgüsündən üstün tuturdular. Onların baxışı müstəqillik üçün açıq üsyanı nəzərdə tutmurdu, əksinə, islah edilmiş Rusiya imperiyası daxilində daha çox mədəni azadlıq, gürcü dilinin təbliği və müstəqilliyi ruslar tərəfindən sıxışdırılan gürcü təhsil ocaqlarına və milli kilsəyə dəstək verilməklə muxtariyyət tələb edirdi.[1]
Gürcüstanın şəhərlərində etnik olaraq rus və ermənilərin demoqrafik üstünlüyünə dair narazılıqlara baxmayaraq, ilk gürcü millətçilərinin proqramı əhatəli idi və millətlərarası məsələlərə qarşıdurmasız yanaşmaya üstünlük verirdi. Onların bəziləri, məsələn, Niko Nikoladze, etnik mütənasib təmsilçilik prinsipi əsasında Qafqaz xalqlarının azad, mərkəzləşdirilməmiş və özünü idarə edən federasiyasının yaradılmasını nəzərdə tuturdu.[2]
Reformasiya edilmiş Rusiya dövlətinin tərkibində Qafqaz federasiyası ideyası 19-cu əsrin son illərində Gürcüstanın siyasi mənzərəsinə hakim mövqe tutan gürcü sosial-demokratiyasının ideoloqları tərəfindən də səslənmişdir. Əvvəlcə Gürcüstan sosial-demokratları millətçiliyə qarşı idilər və ona rəqib ideologiya kimi baxırdılar, lakin onlar öz müqəddəratını təyinetmə tərəfdarları olaraq qaldılar.[3] Tarixçi Stiven F. Consun sözləri ilə desək, “bu, milli mədəniyyətin müdafiəsinə üstünlük verilən gürcüsayağı sosializm idi”. Gürcü sosial-demokratları ümumrusiya sosialist hərəkatında çox fəal idilər və 1905-ci ildə parçalandıqdan sonra Qərbi avropalı həmkarlarının nisbətən liberal ideyalarına sadiq qalan menşevik fraksiyasının tərəfinə keçdilər.[4]
Beka Çedia yazır ki, gürcü millətçiliyinin əsasında XII əsrdə yaranmış və gürcü dilini Məsihin dili, Gürcüstanın isə Tanrının Müqəddəs Anasının məskəni olduğu iddialarına əsaslanan messianizm ideyası dayanır. Müqəddəs İsanın tuniki məhz burada saxlanılır. Gürcü əlifbasının dünyada müstəqil şəkildə yaranmış 14 əlifbadan biri olması da burada müəyyən rol oynayır.[5] Orta əsr etnik konsepsiyası Gürcüstanı "kilsə ibadətlərinin edildiyi və bütün duaların gürcü dilində oxunduğu torpaqlar" kimi qeyd edirdi. Bu da öz növbəsində, dilin bünövəsinə dini bir forma verir.[6]
Müasir gürcü millətçiliyinin başlanğıcı 19-cu əsrin ortalarına təsadüf edir.[5] Tanınmış millətçi İlya Çavçavadze "gürcü millətçiliyi" anlayışını üç sözlə ifadə edib: "Dil, vətən, din". Birinci Dünya müharibəsi illərində Almaniyadakı gürcü mühacirlər və tələbələr tərəfindən Gürcüstanın Müstəqillik Komitəsi yaradıldı. 1924-cü ildə gürcü millətçiləri sovet rejiminə qarşı silahlı üsyan təşkil etdilər.
Tarix elmləri namizədi M.Kirçanov qeyd edir ki, 1960-cı illərin əvvəllərinə qədər gürcü ziyalıları sovet lideri Stalinin gürcü mənşəli olduğunu dəfələrlə vurğulayıblar. Onların bu səyləri nəticəsində Stalinin şəxsiyyəti təkcə sovet tarixinə yox, həm də gürcülərin milli tarixinə inteqrasiya edib. Başqa bir müəllif isə deyirdi: "Stalinin gürcü mənşəli olması Gürcüstanda millətçiləri ruhlandırmaq üçün bir vasitə idi... Stalin gürcü millətçi hərəkatının simvoluna çevrilmişdi" [7]. Beynəlxalq Münaqişələr və Danışıqlar Mərkəzinin rəhbəri Giorgi Xutsişvili 2013-cü ildə qeyd edib: "Əksər insanlar üçün Stalin yurddaş idi. O, bütün dünyanın qorxduğu, nəhəng bir imperiyaya rəhbərlik edən bir gürcü idi. Repressiya və istibdad elə də əhəmiyyət kəsb etmirdi"[8]. Beka Çedia 1956-cı il martın 9-da gürcü millətçiliyinin təzahürü olan Stalinin şəxsiyyətinə pərəstişini (gürcü milli qürurunun simvolu) pisləyən Xruşşovun siyasətinə qarşı gürcü qiyamına başçılıq edirdi[5]. Başqa bir fikrə görə isə, əvvəlcə anti-Stalinçi olmayan bu hərəkatın anti-Gürcüstan kampaniyasına çevrilməsi 1956-cı ilin mart hadisələrində hökümətin rəftarı səbəbi ilə tamamilə anti-Stalinçi bir hal aldı[9].
1978-ci il aprel ayının 12-də Gürcüstanı Kremlin ölkə Konstitusiyasının dövlət dili ilə bağlı müddəasını dəyişmək cəhdlərinə qarşı etiraz hərəkatı bürüdü. Beka Çedia yazır ki, keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Gürcüstanda da millətçiliyin yüksəlişi 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə təsadüf edirdi[5]. 1989-cu il aprelin 9-da Tbilisinin mərkəzində baş verən mitinqlərin dağıdılmasından sonra hərəkat açıq-aşkar anti-Rusiya xarakteri aldı. Gürcüstan milli azadlıq hərəkatının liderləri dissidentlər Zviad Qamsaxurdiya və Merab Kostava idi. Sonradan bir çox xalqlar, xüsusilə osetinlər, Bolnisidəki azərbaycanlılar, ermənilər, məhz ruslar kütləvi şəkildə Gürcüstanı tərk etməyə məcbur oldular.
Gürcü millətçiliyinin yenidən meydana çıxması, gürcü pravoslavlığını milli inanc kimi təbliğ edərək öz mühafizəkar köklərinə qayıdan Gürcü Pravoslav Kilsəsinin dirçəlişi ilə eyni vaxta təsadüf etdi. Kilsə milli hərəkatla həmrəy olduğunu nümayiş etdirdi və milli hərəkatın əksər partiyaları kilsəyə xüsusi milli rol verdilər. Gürcü millətçiliyi müstəqil Gürcüstanda güclü qüvvə kimi meydana çıxdı. Millətçi dissident Zviad Qamsaxurdiya postsovet dövründə Gürcüstanın demokratik yolla seçilmiş ilk prezidenti oldu. Tədqiqatçı Stiven F. Cons Qamsaxurdiyanın millətə baxışını "romantik, müasir və transsendent" kimi təsvir edir. Qamsaxurdiya "Millətçilik" sözünün sosialistlər, kommunistlər, kosmopolitlər, tənəzzülə uğramış milli nihilistlər tərəfindən səs-küylü sözə çevrildiyindən şikayət edirdi. Milliyyətçilik dünyada heç bir tarixi, özünəməxsus mədəniyyəti olmayan amorf, qeyri-ənənəvi, milliləşdirilməmiş konqlomeratlar tərəfindən pislənir; bəşəriyyəti yalnız vəhşi instinktlər və maddi dəyərlərə maraqla idarə olunan homojen bir kütləyə çevirmək istəyənlər". Müxalifətdə Milli Demokrat Partiyası və Milli İstiqlal Partiyası kimi millətçi partiyalar da var idi. Gia Chanturia NDP-nin siyasi proqramına "Gürcüstan gürcülər üçün" şüarını daxil etdi, bu şüar tez-tez millətçi nümayişlərdə "Sovet İttifaqı Millətlərin Həbsxanasıdır" və "Yaşasın Azad, Demokratik Gürcüstan" kimi digər şüarlarla birlikdə səslənir. ".
Eduard Şevardnadzenin prezidentliyi dövründə postsovet gürcü millətçiliyi liberal millətçiliyə keçdi. Prezident Mixail Saakaşvili tez-tez mülki millətçiliyə müraciət edirdi. Bir çox etnik gürcülər arasında etnik millətçi hisslərin güclü olmasına baxmayaraq, etnik millətçilik bir siyasi qüvvə kimi tənəzzül etdi. 2017-ci ildə 2000-ə yaxın insan Tbilisinin David Aqmaşenebeli prospektində “Gürcü marşı” keçirərək, hakimiyyət orqanlarını Yaxın Şərq ölkələrindən mühacirətin qarşısını almağa çağırıb. “Gürcü marşı” sonralar ictimai hərəkata və siyasi partiyaya çevrildi.
2013-cü ildə Karnegi Fondu Stalinin müasir Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanda rolunu qiymətləndirən araşdırmanın nəticələrini təqdim etdi. "Stalinə münasibətinizi hansı sözlə ifadə edərsiniz?" sualına dörd ölkədən yalnız gürcülər arasında əksəriyyət (27%) hörmət etdiyini, qalanları isə laqeyd yanaşdığını bilidirib. Qeyd edildiyi kimi, Stalinə ən yaxşı münasibət onun vətəni Gürcüstandadır. Burada 45% insan onun tarixdəki rolunu müsbət hesab edir. Buna baxmayaraq, hesabatda deyilir ki, Stalin gürcülər üçün daha çox "milli büt" sayılır[10].