Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov (az. Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov; 1857, Dədəli, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1923, Qaryagin, Qaryagin qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — qurucu, xeyriyyəçi,[1] məmur, Hacı
Hacı Ələkbər bəy Nəsirbəyov | |
---|---|
Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov | |
Doğum tarixi | 1857 |
Doğum yeri | |
Vəfat tarixi | 1923 |
Vəfat yeri | |
Həyat yoldaşı | Mina xanım |
Uşaqları |
Behbud bəy, Sona xanım, Tovuz xanım, Mələk xanım |
Atası | Atakişi bəy |
Mükafatları |
Hacı Ələkbər bəy 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında, Qarabağın zadəgan Nəsirbəyovlar ailəsində anadan olub.[2][3]
Molla yanında oxuyub, sonralar isə mükəmməl mədrəsə təhsili almışdı. Rus dilini kamil bilirdi.
Quberniya katibi mülki çini vardı. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Həmin ərazidə asayişi qoruduğuna və cinayətkarlığı praktiki olaraq aradan qaldırdığına görə, hətta Bakı kəndlərində Ələkbər bəy haqqinda meyxanalar düzüb-qoşublar.
O illərdə yayılmış bəzi məlumatlara əsasən, Rusiya çarının qardaşı Böyük knyaz Mixail Aleksandroviç Romanov Bakıya səfər edərkən onun ailə üzvlərindən birinə sui-qəsd cəhdi olur. Bu zaman mühafizənin təşkilində iştirak edən Ələkbər bəy ağciyərindən yaralanır, amma sui-qəsdin qarşısını alır. O, göstərdiyi cəsarətə görə qiymətli metallardan hazırlanmış saatla mükafatlandırılır. Həmin hadisədə aldığı yara isə ölənə qədər daim özünü xatırladacaq.
Hacı Ələkbər bəy Məkkə-müəzzəmi ziyarət edib, şərəfli Hacı ünvanını daşıyıb.
Hacı Ələkbər bəy o dövrün görkəmli azərbaycanlı xeyriyyəçiləri sırasında da özünəməxsus yer tutub. O, Qarabağda və Zangəzurda quruculuq və xeyriyyəçiliklə məşğul olub. Milliyyətindən və dinindən asılı olmayaraq yerli kasıb sakinlərə vaxtaşırı kömək edirdi. Rəvayətə görə, o, sədəqə verəndə evinin qarşısında böyük növbə düzülürdü.
Qaryagin kəndində (indiki Füzuli şəhəri) dəyirman və klub tikdirib, kəhriz vurdurub.[2][4]
O həmçinin Kapan (indiki Kafan) mis mədənlərinin sahibkarlarından biri olur.
1908-ci ildə Hacı Ələkbər bəy sırf öz maliyyəsi hesabına Qaryaqinda Məhəmməd İlahiyyat Məktəbi açır. Bu təhsil ocağının işi ilə əlaqədər olan bütün xərcləri o üzərinə götürür, müəllimlərin məvaciblərini ödəyir, şagirdlərin yaşayışının və qidalanmasının qayğısına qalır. Həmin məktəb 1917-ci ilə qədər fəaliyyət göstərəcək.
1909-cu ildə Hacı Ələkbər bəy Qaryaqinda ticarət evi tikdirir.
20-ci əsrin birinci yarısında Qaryaqinda ilk teatr tamaşaları göstərilir.
1909-cu ildə Qaryaqindəki teatr truppası o dövrdə məşhur olan Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasının tamaşasını qoydu. İlk tamaşanın təşkilatçısı və rəhbəri Həşim bəy Vəzirov olub. Tamaşa isə Hacı Ələkbər bəyin mülkündə baş tutub.
Hacı Ələkbər bəyin ən böyük layihəsi Qaryagin kəndindəki (indiki Füzuli şəhəri) məscidin inşası olub. O, məscidin tikintisinə şəxsi büdcəsindən vəsait ayırıb, bu işi Memar Kərbəlayi Səfixan Qarabağlıya və Şuşadan dəvət olunan ustalara həvalə edib. Buradakı daş kitabədə məscidin tikilmə tarixi – hicri tarixi ilə 1307-ci il göstərilirdi. Bu tarixi miladi təqviminə çevirəndə 1889–1890-cı illərə uyğun gəlir. O vaxtdan həmin dini ocaq Hacı Ələkbər məscidi adlandırılıb.[2][5][6][7][8][9][10]
Vəfatından az əvvəl Hacı Ələkbər bəy məscidin girişində pilləkənlərin altında dəfn olunmasını vəsiyyət etsə də, yerli camaat xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq onu öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn edib.