Hekayəti xırsi-quldurbasan — Azərbaycan dramaturqu, yazıçısı, maarifçisi, şair Mirzə Fətəli Axundovun ədəbiyyat tariximizə qızıl hərflərlə həkk olunmuş dram əsərlərindən biridir. Əsərin yaranma tarixi 1851-ci ilə təsadüf edir.
Hekayəti xırsi-quldurbasan | |
---|---|
Janr | komediya |
Müəllif | Mirzə Fətəli Axundov |
Orijinal dili | azərbaycan dili |
Yazılma ili | 1851 |
Hekayəti xırsi-quldurbasan Vikimənbədə |
Azərbaycanın ilk dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti xırsi-quldurbasan" əsərində kənd həyatından bəhs olunur. M. F. Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir.
Dramın mövzusu kənd həyatından alınmışdır. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrətdirib quldurluğa göndərir. Tarverdi quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur.
Həyatda və məişətdə köhnə qaydaların, mədəni geriliyin düşməni olan M. F. Axundzadə "Hekayəti xırsi-quldurbasan" dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir.
"Xırs quldurbasan" komediyası həyati olduğu qədər də canlı, gülməli, həyat nəfəslidir, cazibəli və əyləndiricidir. Həyatın real hadisələrini reallıqla təsvir etmək məharəti bu komediyada da Axundzadənin sənətkarlıq üslubunun estetik xüsusiyyəti kimi səciyyələnir.
Məişət komediyası janrı "Xırs quldurbasan" səhnə əsərində əvvəlki pyeslərdən tamam fərqli rakursdan və tamam fərqli bədii-estetik məziyyətlərlə təcəssüm tapıb. Cəmiyyətdəki ictimai bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları həm satirik, həm də yumorlu ifadə vasitələri ilə qələmə alınıb. Bir zümrənin özbaşınalığı ilə itaətə məhkum olan başqa zümrənin mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə mövcud cəmiyyətin rəzillikləri gülüş hədəfinə çevrilib.
"Xırs quldurbasan" komediyasında təsvir olunan Pərzad dramaturqun əvvəlki qadın tiplərinin yeni və bir qədər təzə səciyyələr daşıyan personajıdır. Bu komediyada Zalxa və Sona yeni bədii tutumlu obrazlar olduğu kimi, Tarverdi və Divanbəyi, yasavul Kərim, dilmanc Kamalov, Vəli Xatunoğlu, Oruc Nəsiboğlu, Koxa, Matvey surətləri tamam təzə personajlardır.
Dramaturq bundan əvvəlki pyesində fransız Müsyö Jordanla iranlı Məstəli şahı üz-üzə gətirməsə də, bir müstəvidəki hadisələr zəminində bağlayıb. Bu bağlamaqla da çox gülməli vəziyyət komediyası yaradıb. "Xırs quldurbasan"da isə daha çevik formadan istifadə etməklə vəziyyət komediyasını daha sərt məişət olayları ilə daha canlı, daha gülməli və daha gözlənilməz finallı təqdimdə işləyib. Pərzadın sevgisini "qazanmaq" üçün karvan soymağa çıxan qorxaq Tarverdi təsadüfən yol keçən, milliyyətcə alman olan, hafizi-canəvarən Frans Foxtla rastlaşır. Elə əsil mərəkə də bundan sonra başlayır. Yenə də biz Avropa və Şərq şüur-əxlaq və məişət davranışı əksliklərinin gülüş doğuran, sarkazınla yoğrulmuş bədii təsviri ilə rastlaşırıq.
Milli Teatr Festivalı – 2010[1]
Qəbələdə "Hekayəti xırsi-quldurbasan" tamaşası nümayiş etdirilmişdir[2]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |