Henrix Edmund Nauman (alm. Heinrich Edmund Naumann; 11 sentyabr 1854, Maysen, Saksoniya – 1 fevral 1927, Frankfurt-Mayn, Prussiya[d]) – Almaniya geoloqu. O, "Yaponiya geologiyasının atası" hesab olunur.[1]
Henrix Edmund Nauman | |
---|---|
Doğum tarixi | 11 sentyabr 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 1927 (73 yaşında) |
Vəfat yeri |
|
İş yerləri |
|
Edmund Nauman 1875-ci ildə Yaponiyaya gəlmiş[2] və 1875–85-ci illərdə Tokio Universitetinin geologiya üzrə ilk müəllimlərindən biri olmuşdur.[1] 1877–79-cu illərdə universitetdə professor kimi fəaliyyət göstərmişdir.[2] O, Yaponiyanın bir çox bölgəsində geoloji tədqiqatlar aparmışdır.[1] 1877-ci ildə Con Milne ilə birlikdə Oşima adasındakı vulkan püskürməsini tədqiq etmişdir.[3] Nauman Honşu adasının cənub-qərbi ilə şimal-şərqini ayıran Fossa-Maqna çatını kəşf etmişdir.[1] O, Yaponiyanın geoloji quruluşu barədə keçmiş tələbəsi Toyokiçi Harada ilə debatlar aparmışdır.[2][3] Naumanın təklifi ilə 1878-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin tərkibində Yaponiya Geoloji Tədqiqatlar Qurumu təşkil olunmuşdur.[1] O, bu təşkilatda işləməyə başlamış və Yaponiyanın ilk geoloji xəritəsini tərtib etmişdir.[1] Nauman 1879-cu ildə Yaponiya arxipelaqının mənşəyi haqqında yazmağa başlamışdır.[3] O güman etmişdir ki, Yaponiya Yer qabığının üç qırışıqlığı nəticəsində formalaşmışdır və iki sadə dağ sistemindən ibarətdir.[3]
Nauman Yaponiya paleontologiyası ilə də məşğul olmuşdur.[3] O, Yaponiyada yaşamış tarix öncəsi fil fosilləri haqqında 1881-ci ildə yazı yazmışdır.[3] Kəşf etdiyi fil növünə onun şərəfinə Palaeoloxodon naumanni adı verilmişdir.[3]