Heytəm E. Kenuey (ing. Haytham E. Kenway) — "Assassin's Creed" videooyun seriyasında persona, seriyanın Amerika inqilabı dövrünü əhatə edən buraxılışlarında əsas personajlardan biri olan britaniyalı tampliyer. Heytəm "Assassin's Creed III" videooyununun ilk öncə protaqonisti, daha sonra isə antaqonisti olaraq təqdim edilir və "Assassin's Creed Rogue" videooyununda köməkçi personajdır. Onun keçmişinə daha sonra "Assassin's Creed: Forsaken" romanında toxunulur.
Heytəm Kenuey | |
---|---|
ing. Haytham Kenway | |
Assassin's Creed personajı | |
Yaradan | Ubisoft Montreal |
Canlandıran | Adrian Haf |
Məlumat | |
Cinsi | Kişi |
Peşə | Tampliyer |
Ailə |
Edvard Kenuey (atası) Tessa Stivenson-Okli (anası) Cennifer Skott-Kenuey (bacısı) Qazizio (partnyoru) Radunhageydu/Konnor (oğlu) |
Milliyyəti | Britaniyalı |
Usta assasin Edvard Kenueyin oğlu olan Heytəm atasının öldürülməsindən sonra "Tampliyer Ordeni"nə qoşulur, nəticədə Şimali Amerika kolonial mərasiminin böyük ustadı olur və qitədə tampilyerlərin dominantlığının əsasını qoyur. O, özünün də xəbəri olmadan Radunhageydu, digər adı ilə Konnorun atası olur. Konnor "Assasinlər Qardaşlığı"na qoşulur və öz atasını döyüşdə öldürür.
Heytəm "Assassin's Creed III" videooyununun satışa çıxarılmasından əvvəl oyunçuları təəccübləndirmək üçün oyunçu personaj kimi reklam edilməmişdi. Həmçinin, oyunun dörddə birində onun bir assasin olduğuna inanılır. Tənqidçilər tərəfindən mübahisəli qarşılanan oğlu Konnordan fərqli olaraq, Heytəm cazibədarlığı və mürəkkəbliyinə görə təriflənir və franşizanın ən yaxşı antaqonistlərindən biri kimi qiymətləndirilir.
Heytəmin bir oyunçu personaj olması mətbuatdan gizli saxlanılmış, bütün reklamların diqqət mərkəzində Konnor olmuşdur və bu fakt sadəcə istehsalçı komandaya məlum idi. "Assassin's Creed III" videooyununun yaradıcı rejissoru Aleks Huçkinson 2019-cu ildə oyuna yenidən nəzər salan zaman Heytəmin oyunun üçdə birində rol alan gözlənilməz protaqonistə çevirmək oyunçuları oyunun süjet xəttinə cəlb etmək üçün effektiv bir qərar olduğunu qeyd etmişdir. Heytəm seriyada oyunçu personaj olan ilk tampliyerdir, bu da assasinlər və tampliyerlər arasındakı mübarizəyə yeni baxış bucağı təqdim etmişdir. Bununla birlikdə, Huçkinson ekstensiv məhsul yoxlanılması üçün yetərli vaxt olmadığından oyundakı personaj arkının çox uzun alındığını əlavə etmişdir ki, bu da oyunçuların mənfi reaksiyaya səbəb olmuşdu.[1] Seriyanın ssenaristlərindən olan Suzan Patrikə görə, onun rolunun vurğusu Heytəmin "Assassin's Creed Rogue" videooyununda tampliyerə çevrilmiş keçmiş assasin Şey Patrik Kormakın rol modeli olmasında idi, çünki hər ikisinin oxşar zəmini var idi.[2] Əlavə olaraq, Patrik qeyd etmişdir ki, oyunun digər əsas tapşırığı Heytəmin həyatındakı bilinməyən epizodları göstərmək idi.[3] Heytəmi səsləndirən və canlandıran Adrian Haf personaj üçün yaradılmış süjetin çox yaxşı olduğunu söyləmiş və istehsalçı komandanın ona obrazını özününküləşdirməsi üçün bədii sərbəstlik verdiyini qəbul etmişdir. Haf məhz buna görə də personajı öz ifasının, eləcə də ssenari və animasiyanın məhsulu hesab etmişdir.[4]
Seriyanın 2020-ci ildə satışa çıxarılan buraxılışı olan "Assassin's Creed Valhalla" videooyununun süjet rejissoru Derbi MakDevit oyunda Heytəmə istinad vermək üçün fürsət tapmışdır. Bəzi fanların Heytəmin adının ərəbcə səsləndiyini qeyd etməsini əsas götürən MakDevitt "Heytəm" və ya "Haytəm" adının "Valhalla" oyununda "Gizli Olanlar"ı İngiltərəyə gətirən bir köməkçi personaja verilməsini təklif etmişdir. Bu, Edvard Kenueyə öz oğluna bu adı verməsinə əsas gətirir.[5]
1725-ci ildə Böyük Britaniyanın London şəhərində usta assasin Edvard Kenueyin ailəsində anadan olan Heytəm Britaniya zadəganlığının bir üzvü idi və digər uşaqlardan kənarda böyümüş, erkən yaşlarından bir assasin kimi yetişdirilmişdir, lakin bu təlimlər 1735-ci ildə atasının onun bacısını da qaçıran tampliyer sui-qəsdçilər tərəfindən öldürülməsinə qədər davam edir.[6] Atasının qatili onun tanışı, gizli bir tampliyer olan Recinald Berç idi. Berç Heytəmin qanuni qəyyumu təyin edilir və gənc Heytəmi bacısını tapmaq üçün Avropada uğursuz bir səyahətə aparır. Heytəm burada tampliyer təlimi görür və nəticədə, 1744-cü ildə ordenə qoşulur.[7]
1754-cü ildə Berç yoxa çıxmış bir irqə aid güclü bir artefakt olan "Adəmin parçası"nı assasinlərdən aldıqdan sonra Heytəmi On üç koloniyaya göndərir ki, orada həmin irqin məbədini tapsın və kolonial mərasiminin böyük ustadı olaraq ordenin qitədəki təsirini artırsın.[8] Bencamin Çerç, Con Pitkern, Tomas Hiki və Çarlz Lini öz heyətinə qatan Heytəm Edvard Breddoku qətlə yetirdikdən sonra uğurlu bir şəkildə qitədə orden üçün baza yaradır, lakin varlığı iddia edilən məbədi tapa bilmir.[9] Bu müddətdə o, özünün də xəbəri olmadan hindu qadın hamilə buraxır və Radunhageydunun atası olur.[10]
Heytəm 1757-ci ildə bacısını axtarmağa davam etmək üçün Avropaya qayıdır. O, bacısını Osmanlıdakı kölə tacirlərindən xilas edir.[11] Atasının qətlində Berçin əlinin olduğunu öyrəndikdən sonra Heytəm onun malikanəsinə hücum edir və Berçi öldürür, lakin özü ağır yaralanır.[12]
Heytəm yaraları sağalandan sonra Amerikaya qayıdır və orada tampliyerlərin təsir dairəsini gücləndirir. 1758-ci ildən başlayaraq o, assasinləri qədim məbəddən uzaq tutmaq məqsədilə tampliyerlərə qoşulmuş keçmiş assasin Şey Patrik Kormak ilə əməkdaşlıq eləməyə başayır, nəticədə gəmi komandiri olan atasının baş köməkçisi və assasin yoldaşı Adevaleni Lüisburqun mühasirəsi ərəfəsində öldürür.[13] Arktik hövzəsində məbədi axtarmaq səylərinə son verməyən assasinlərlə mübarizə aparan Heytəm və Şey regiondakı assasinlərin təşkilatını məhv edir və rəhbərləri Axilles Devenportu əlil buraxır.[14]
Assasinləri məhv edib və tampliyerləri qitədə dominant qüvvəyə çevirdikdən sonra Heytəmin növbəti iyirmi ildəki əsas hədəfi Amerikadakı Britaniya müstəmləkə hakimiyyətini devirib tampliyer idealları əsasında formalaşmış yeni bir dövlət qurmağa çevrilir. Buna baxmayaraq, onun cəhdləri qəbiləsi Çarlz Li tərəfindən dağıdıldıqdan sonra Axilles Devenport tərəfindən assasin təlimi görmüş oğlu tərəfindən geri çevrilir. Növbəti illər ərzində Heytəmin artıq Konnor adı ilə tanına oğlu onun tanış və yoldaşlarının əksəriyyətini öldürür. Bu sui-qəsdlər ardıcıllığı Corc Vaşinqtona edilən sui-qəsd cəhdinin məsuliyyəti Konnorun boynuna atılandan və Konnorun həbs edilməsindən sonra müvəqqəti olaraq dayanır. Heytəm burada öz oğlu ilə ilk dəfə görüşür. Oğlunun önəmli bir müttəfiq ola biləcəyini anlayan Heytəm onu edam edilməkdən xilas edir.[15] Təqribən 1780-ci ildə Heytəm öz oğlu ilə birlikdə ittifaq quraraq keçmiş tampliyer Bencamin Çerçin arxasına düşür və Amerika inqilabını davam etdirir.[16] Heytəm öz oğlunu tampliyerə çevirə bilməyəcəyini anlayır və onun ordenə təhdid olduğunu qəbul edir. Buna görə də o, Konnoru öldürməyə çalışır, lakin 1781-ci ildə Konnora məğlub olur və öz oğlunun qucağında ölür.[17]
Heytəm "Assassin's Creed III" və "Assassin's Creed Rogue" videooyunlarından başqa seriyanın digər bir neçə oyununda epizodik çıxışlar etmişdir. Atası Edvardın protaqonist olduğu "Assassin's Creed IV: Black Flag" videooyununun post-kredits səhnəsində kiçik bir uşaq kimi təsvir edilmiş,[18] Uydurma "Abstergo Industries" şirkətinin videooyun diviziyası isə tarixdəki ən böyük tampliyer hesab edildiyindən onu tampliyer ideallarını müdafiə edən bir videooyun protaqonisti roluna uyğun görmüşdür.[19] Bu fikir "Assassin's Creed Unity" videooyununda reallaşmışdır.[20] Oyunun əvvəllərində Heytəmində təsvir edildiyi "The Lone Eagle" uydurma videooyununu görmək olar. Heytəm seriyadakı digər tampliyer personajlarla birlikdə 2014-cü ildə buraxılan "Assassin's Creed Memories" onlayn rol yığıla bilən kart oyununda görünür.[21]
Heytəm personajı oyunçu və tənqidçilərdə müsbət fikir oyatmış, adətən qarışıq və ya mənfi qəbul edilən oğlu Konnora ziddiyyət təşkil etmişdir.[22] "Assassin's Creed III" videooyununun nisbətən müasir resenziyasını yazan "PC Gamer" jurnalisti Kris Torsten Heytəmi yaxşı bir antaqonist adlandırmış, fəqət "ssenaristlərin Heytəmi öz süni baş qəhrəmanları Konnordan daha çox bəyəndiyi"ni müşahidə etmişdir. Buna baxmayaraq, müasir tənqidçilərin çoxu onun kimi bir tampliyerin gözlənilməz formada oyunun ilk protaqonisti olması faktının oyunu oynamayanlar öyrənməsin deyə Heytəm haqqında ətraflı hesabat verməkdən imtina etmişdir.[23][24][25] "Assassin's Creed III" videooyununun yaradıcı rejissoru Aleks Huçkinson qeyd etmişdir ki, Heytəmin gözlənilməz bir protaqonist olması mənfi reaksiyaya səbəb olmuşdur, çünki personajın hekayə arxı çox uzun idi. Buna baxmayaraq, Huçkinson Heytəmin azarkeşlər arasında sevimli bir personaj olduğunu, seriyanın digər buraxılışlarına qədər gedib çıxdığını və çoxlu fiquru satdığını bildirmişdir.[1] Bunun əksinə, "GamesRadar+" bu qərarın "cəsurcasına" olduğunu və oyunçu personajın çox kifayətləndirici formada dəyişdirildiyini əlavə etmişdir.[26]
"IGN" Heytəmi 2012-ci ilin ən yaxşı yeni videooyun personajları siyahısına əlavə etmiş və yazmışdır ki, "heç kəs Heytəm Kenuey qədər hiyləgər, özünü görməməzliyə vuran və təmkinli deyil".[27] "IGN Brasil" 2020-ci ildə Heytəmi franşizanın ən yaxşı ikinci antaqonisti seçmişdir.[28] "PC Gamer" saytının bütün "Assassin's Creed" personajları üçün tərtib etdiyi siyahıda Heytəm axırıncı yerdə olan oğlunu və öz atasını keçmişdir. Siyahını tərtib edən Heytəmi Ceyms Bond ilə müqayisə etmiş və əlavə etmişdir ki, Heytəmin "amansızlığı onu oynamağı bir əyləncəyə çevirir".[29] Seriyanın ən yaxşı on personajını sıralayan başqa bir siyahıda Heytəm yeddinci yeri tutmuş, burada onun rolunun Konnor ilə müqayisədə "möhtəşəm bir antaqonist" olmasının müsbət bir şey olduğu və Heytəmin "Assassin's Creed seriyasındakı bu günə qədər ən xarizmatik personajlardan biri" olduğu qeyd edilmişdir.[30] Buna əlavə olaraq, Almaniya mərkəzli "GamePro" saytı Heytəmi seriyanın ən yaxşı onuncu protaqonisti seçmiş və personajın mənəvi naməlumluğu ilə mürəkkəbliyinin oyunçulara seriya tarixində ilk dəfə "Tampliyerlər Ordeni"nin təbiəti haqqında fikirləşməyinə imkan yaratdığını bildirmişdir.[31] Eyni zamanda, "GameRevolution" Heytəmi "əslində haqlı olan videooyun supercinayətkarları" siyahısına əlavə etmişdir.[32]
Heytəm personajının səs aktyoru olan Adrian Haf IX Britaniya Akademiyası Video Oyun Mükafatlarında canlandırdığı personaj üçün "İfaçı" kateqoriyasında "BAFTA Oyun Mükafatı"na layiq görülmüdür.[33] Aktyor bir müsahibədə canlandırdığı personajın aldığı müsbət fan reaksiyasından bəhs etmiş, xüsusən də edilən kospleylərə toxunmuşdur.[4]
"Comicbook.com" jurnalisti Metyu Agilar videooyunlara əsaslanan gələcək bir "Netflix" serialına hansı personajların daxil edilməli olduğunu müzakirə edərkən Heytəmi seçmiş, onun cazibədarlığı və zəmininə toxunmuş, eləcə də onu videooyun seriyasındakı ən maraqlı antaqonistlərdən biri adlandırmışdır.[34]
"Heavy" jurnalisti Pol Mikin müşahidə etmişdir ki, "Tampliyerlər Ordeni"nin bunu bəşəriyyətin guya özünü məhv edən təbiətinə ən yaxşı həll yolu gördüklərindən hökumətlər, maliyyə sistemi və fərdlərin gündəlik həyatına nəzarəti ələ keçirmək istəyirlər, çünki onlara görə insanlar "özlərinə etibarlı olmaq üçün çox təhlükəlidir". O, Heytəmin "Assassin's Creed III"də dediklərinə sitat gətirir. Heytəm burada irəli sürür ki, ona nəyə inanacağı və necə inanacağının deyilməsi bəşəriyyətin təbiətindədir.[35] "PopMatters" mütəxəssisi Nik Dinikola qeyd etmişdir ki, tampliyerlər yaxşı rəhbərlər ərsəyə gətirə bilsə də, əslində onların əsas məqsədi şəxsi mənfəət naminə hakimiyyəti öz əllərində cəmləşdirməkdir. Heytəm özü "altındakıların vəziyyətinə yazığı gəlir, lakin o dəhşətli komandanın bir parçasıdır: iki zalım və bir kölə taciri". Dinikola onun ordendəki mövqeyi və mirası ilə əlaqədar olaraq "Assassin's Creed Rogue"da təqdim edilən oyundaxili propaqandaya diqqət verir. Burada iddia edilir ki, Heytəm "siyasətə və şəxsi həyata praqmatik, irq ilə korlanmış yanaşmasının müdrikliyini qiymətləndirə bilməyən nankor [assasin] oğlu tərəfindən öldürülmüşdür". Dinikolaya görə, bu tampliyerlərin öz güclərindən tarixi yenidən yazmaq və özlərini daha müsbət rolda təqdim etmək üçün istifadə etməsinin nümunəsidir.[36]