Sivalı Bayek (misir , ing. Bayek of Siwa; e.ə. 85, Siva, Qədim Misir (Ptolemeylər) – ???) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, İsgəndəriyyəli Ayanın əri, "Gizli Olanlar"ın qurucularından biri, Qədim Misir mecayı, assasin. Bayek və Ayanın qurduğu "Gizli Olanlar" təşkilatı gələcəkdə "Assasinlər qardaşlığı"na çevrilir. Bayek "Origins"də Əbu Bəkr Səlim tərəfindən səsləndirilir.
Sivalı Bayek Bayek of Siwa | |
---|---|
Assassin's Creed personajı | |
İlk görünmə | Assassin's Creed Origins (2017) |
Yaradan | Ubisoft Montreal |
Səsləndirən | Əbu Bəkr Səlim |
Məlumat | |
Cinsi | Kişi |
Peşə | Mecay, assasin |
Ailə |
Sabu (atası) Ahmoz (anası) |
Həyat yoldaşı | İsgəndəriyyəli Aya |
Dini | Misir dini |
Milliyyəti | Misirli |
Övladları Xemunun ölümündən sonra, Bayek və Aya intiqam tapşırığını yerinə yetirmək üçün yaşamağa başlayırlar. Xemunun ölümünün səbəbkarı olan "Qədimlər Ordeni" adlı təşkilatın üzvlərinin əməlləri XIII Ptolomey və bacısı Kleopatra arasındakı İsgəndəriyyə vətəndaş müharibəsi ilə nəticələnmişdi.
Bu mübarizə zamanı "Gizli Olanlar"ın əsasını qoyan və onlar üçün inam yaradan Bayek xalqa azadlıq və ordenə süqut gətirmək üçün bütün Misirdə bir qardaşlıq qurur. Bu hadisələrin nəticəsində, Bayek Misir qardaşlığının ilk müəllimi olur.
Bayek e.ə. 85-ci ildə Qədim Misirin şimal-qərbindəki Siva oazisində anadan olmuşdur. Onun atası mecay Sabu, anası isə Ahmoz idi. Bayek hələ uşaq ikən, Menna adlı bir məzar quldurunun rəhbərlik etdiyi oğru qruplaşması onun evinə hücum etmişdir. Onların əksəriyyəti Sabu tərəfindən öldürülmüşdür, ancaq Ahmoz da oğrulara qarşı şücaət göstərmişdir. Bayek yerli Hepzefa və nubiyalı ovçu Kensa ilə yaxın dost olmuşdur. O, Yamu məntəqəsinədəki Sexmet məbədinin keşişi Menehetlə yaxından tanış idi. Menehetin övladları Bayeki çox sevirdilər. Bayek misirli at çapar Sennefer ilə tez-tez yarışırdı. Sennefer daha sonra, adını Klaridas olaraq dəyişdirmiş və Kanopus şəhərində bir yarışçı olaraq yaşamışdır.[1]
E.ə. 70-ci ildə Bayek ailəsi ilə birlikdə Sivada yaşayırdı. Bu vaxtlarda Bayekin yunan əsilli İsgəndəriyyəli Aya ilə münasibəti var idi. Bayekin atası bu münasibətə qarşı idi, çünki Ayanın etnik müxtəlifliyi onun Bayekə öyrətdiklərini pozacağına inanırdı. Bayek mecay olmaq üçün hazırlaşırdı. Birdən bir rabitəçi Sivaya gəlir və Sabuya bir məktub verir. Bu məktubdan sonra, Sabu Siva oazisini heç bir səbəb göstərmədən tərk edir. Sivalı təbib Rabiya və Ahmozla müzakirə etdikdən sonra, Bayek öz atasını axtarmaq üçün Misiri səyahət etmək qərarına gəlir. O, ilk olaraq, Syovt şəhərinə gedir və orada Sabunu məlumatlandıran rabitəçini tapır. Bayek burada Tuta adlı bir uşaqla tanış olur. Tuta Bayekin pul kisəsini oğurlayır. Evlərin damında Tutanın dalınca qaçan Bayek nəhayət onu tutur, ancaq bunu görən Tutanın atası, Paneb Bayeki boğur. Ölümün ayağında olan Bayek, onu təqib edən Aya tərəfindən xilas olunur. Bayek, Aya və Tuta Teben şəhərinə qaçır.[2]
Onlar Tebendə Kensa ilə qarşılaşırlar. Atasını şəhərdə tapa bilməyən Bayek Mennanın Teben şəhəri yaxınlığında olduğunu öyrənir və Kensa, Aya, Tuta, Seri və Neka ilə məzar oğrusunu axtarmaq üçün yola düşürlər. Neka əsir götürülür və işgəncəyə məruz qalır. O, digərlərinin gecə Nekanın oğurlandığı yerə gəlməsindən sonra xilas olmuşdur. Döyüş zamanı Menna arabaya minib qaçır. O, Bayek və Kensa tərəfindən təqib olunur və nəticədə araba qəzasında həlak olur. Kensa Bayekin atasının, yəni Sabunun Elefantina adasındakı bir çuxurda saxlanıldığı barədə məlumat əldə edir. Buna görə də, o, Bayek və Aya ilə həmin yerə səyahət edir. Qum qasırğası zamanı gözə görünməyən qrup Elefantina adasına sızır, ancaq Sabunu orada tapa bilmirlər. Qrup sahənin keşikçilərindən qaçdıqdan sonra, Sabu özünü qrupa göstərir. Mecayları öldürmək üçün "Qədimlər Ordeni" tərəfindən işə götürülən köhnə əsgər Bion adaya Bayek və Sabunu öldürməyə gəlir, ancaq tələyə düşüb yaralanır və oradan qaçır.[2]
Bir neçə il keçir və Sabu hələ də Bayekə bir mecay olması üçün təlim verməyə davam edir. Öz növbəsində, Bayek Ayaya təlim verir. Onlar təlim üzərində illər sərf etdilər. Nəticədə, Bayek Ayaya evlilik təklifi verir, ancaq o, bu təklifi rədd etdi. Aya buna səbəb olaraq, bir mecayın arvadı olmağının çətin olmasını və böyük İsgəndəriyyə kitabxanasında işləmək istədiyini göstərir. Aya xalasının ağır xəstəliyinə görə təlimi tərk etmək qərarına gəlir. Sivaya geri qayıdan Aya, pabda at oğruları ilə üzləşir. Oğrularla döyüşən Ayaya Bion kömək edir. Bion Ayanın mecaylarla yaxın münasibətdə olduğunu bilirdi, ona görə də Aya ilə dostluq qurmaq qərarına gəlmişdi. Aya Bionu mecayların məşq düşərgəsinə gətirir. Bion gizlincə oxu ilə Sabunu vurur və tez Bayekə hücum edir. Nəticə etibarilə, döyüşçülərin üçü də bu qanlı döyüşdə ağır yaralanır. Məğlubiyyətin yaxın olduğunu görən Sabu ölüm ayağındakı oğlunu xilas etmək üçün onu çaya itələyir. Bayekin bihuş bədəni çayın axını ilə getməsinə baxmayaraq, Bion Sabunu öldürür.[2]
Bayek qayıqda olan insanlar tərəfindən xilas olunur. Bayek durmadan şimala doğru yeriyir, ancaq daha sonra Sivaya getmək üçün bir at alır. Sivaya gələn Bayek Ayanı və xalasını sağ-salamat tapır, ancaq Bionun yaxınlıqda olduğu barədə məlumatlandırılır. Ahmozun həyatı üçün narahat olan Bayek Aya ilə birlikdə anasının evinə gedir. Bayek və Aya Ahmozun sağ-salamat olduğunu görür, ancaq qaranlıqda gizlənən Bion qəfildən onlara hücum edir. Üç nəfərə qarşı döyüşən Bion axırda Ahmoz tərəfindən bıçaqlanır. Ölümqabağı nəfəsini verən Bion mecayların ölümünü Raya adlı bir keçmiş komandirin sifariş etdiyini deyir.[2] Bionun ölümündən çox keçməmiş Bayek Aya ilə evlənir və birlikdə Sivanın müdafiəçiləri olurlar. Onların Xemu adlı oğulları olur. İllər sonra Bayek İsgəndəriyyə şəhərinə gedir və Rayanı öz evində öldürür. Bununla birlikdə, Bayek Misirin son mecayı olur.[3][4]
Oğlu Xemunun ölümündən əvvəl Bayek qayğıkeş və lətafətli bir ata və ər, eləcə də öz evi olan Sivanın şüurlu bir müdafiəçisi idi. O, şən və xoşgüzaran bir təbiətə, eləcə də müdafiəyə ehtiyacı olanlara qarşı güclü bir məsuliyyət hissinə malik idi. O, həmçinin çox dindar idi. Bayek oğluna tez-tez Qədim Misir tanrıları haqda və ümumiyyətcə onların krallıqdakı günlük həyatı necə dəyişdirdikləri barədə danışardı.[5][6]
Xemunun ölümündən sonra, Bayekin həyat hədəfi məsulları tapılıb öldürülməsinə çevrilir; o, Xemunun ölümündə iştirak edənlərin bunun cəzasını həyatları ilə ödəyənə qədər yatmayacağına and içir. Bayekin "Qədimlər Ordeni"nin aradan qaldırmağı prioritetləşdirməsinə baxmayaraq, o, ehtiyacı olanlara kömək etməyə tərəddüd etmir və hörmətli bir Misir mecayı olduğunu göstərir.[7]
Dostlarının və güvəndiklərinin ətrafında səmimi bir təbiət saxlayan Bayek düşməni hesab etdiklərinin yanında eyni dərəcədə rəhmsiz davranır. O, gücsüz və müdafiəsiz olanlara, xüsusilə uşaqlara istismar edənlərə heç bir rəğbət göstərmir. Başlıca məqsədi orden üzvlərini öldürmək olmasına baxmayaraq, Bayek öz hədəfləri ilə simpatiya qura və ya öz hərəkətlərinə görə təqsir hissi yaşaya bilmişdir. Xalisetin ("Kaftar") bir övladını itirdiyini öyrənən Bayekin ona yazığı gəlir, bu haqda məyyusluğunu vurğulayır. O, axırda Xalisetin qızıyla sonraki həyatda yenidən bir araya gəlməsi üçün dua edir. Bu hadisədən daha sonra, Bayek Taharkanın ("Skrabey") oğlu Kavabdan atasını öldürdüyünə görə pəşmançılıqla üzr istəyir.[8]
Bayekin öz ana vətəni ilə qürur duymasına və öz ölkəsinin qədim inancına bağlı olmasına və ənənələrini yerinə yetirməsinə baxmayaraq, onun əcnəbilərə və onların mədəniyyətlərinə qarşı mənfi bir rəyi yox idi. Bayek sadəcə olaraq misirlilər və qeyri-misirlilər ilə birgəyaşayış arzulayırdı.[9]
"Gizli Olanlar"ın əsasını qoyduqdan sonra, Bayek onun üzvlərinə yeni ailəsi kimi münasibət göstərməyə başlamışdır. Bayek təriqətə qoşulmağa layiqli hesab etdiyi şəxslərə təlim verərdi. Nabatey əsilli Sinay döyüşçüsü Şakilat quldarların barjasına hücum edib əsir götürülən uşaqları xilas etmək istəyəndə Bayek ona quldarlarla tək döyüşməyin yox, qardaşlıqla birgə döyüşməyin çox şeyə nail olacağını deyir.[10]
Bayek bir mecaydır. Buna görə də o, döyüş sənəti üzrə təlim almış yüksək ixtisaslı bir döyüşçü idi. O, həmçinin eyni vaxtda müxtəlif rəqiblərlə döyüşə bilirdi. Bayek xopeş, qılınc, yay, nizə, balta və qalxan kimi müxtəlif müdafiə avadanlıqlarından istifadə edə bilirdi.
Gizlilik üzrə ustad olan Bayek hədəflərini səssizcə aşkar edilmədən öldürmək üçün müxtəlif gizlənmə yerlərindən və düşmənlərindən gizlənmək üçün kollardan istifadə edə bilirdi. O, həmçinin düşmənlərini sakitcə öldürməkdə Bayekə köməkçi olan "gizli bıçaqlar"dan istifadədə təcrübəli olduğunu isbat etmişdir.
Təcrübəli bir qaçıcı olan Bayek Qədim Misirin böyük piramidalarında və İsgəndəriyyə mayakında, eləcə də təbii elementlərində asanlıqla tədqiqat apara bilirdi. O, həmçinin sualtı məbədlərin xarabalıqlarını araşdıraraq güclü bir üzgüçü olduğunu isbat edə bilmişdir.[4]
Kensadan təlim alan Bayek ixtisaslı bir ovçu idi. O, ilanlar, begemotlar və timsahlar kimi fərqli-fərqli heyvanları öldürə bilirdi.
Bayekin qartalı Senu ilə simbiotik bir münasibət paylaşırdı. Onun gətirdiyi hava perspektivi oyunçulara düşmənləri tapmaq və işarələmək, xəzinə sandıqları, yaratma resursları və gizli keçidləri tapmaq imkanı yaradırdı, bir sözlə "Qartal görüşü" funksiyasını yerinə yetirirdi. Buna əlavə olaraq, o, düşmənlərə hücum etmək və ya onları yayındırmaq funksiyasını əldə etmək üçün Bayek tərəfindən inkişaf etdirilə bilərdi.[11]