Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Abxaz Siyavuş Paşa | |
---|---|
أباظة سي يافوش باشا | |
23 sentyabr 1687 – 1 mart 1688 | |
Əvvəlki | Sarı Süleyman Paşa |
Sonrakı | Ayaşlı Nişançı İsmayıl Paşa |
Şəxsi məlumatlar | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Ayşə xanım |
Uşağı | Hüseyn Paşa |
Ailəsi | Körpülülər |
Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu.
Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı. 1681-ci ildə orduda silahdarlığa yüksəldi. İkinci Vyana mühasirəsi davam edərkən yaralanan baş cəbəcinin yerinə gətirildi (10 avqust 1683). Mərzifonlu Mustafa Paşanın 14 dekabr 1683 tarixində vəzifədən alınması və ardından edamıyla Körpülülərin ard-arda vəzifədən alındığı bir dövrdə 4 yanvar 1684 tarixində Ədirnədə ikən iqtası alınmadan vəzifədən uzaqlaşdırıldı. Ancaq 31 may 1684 tarixində sipahi ağası, 31 iyulda isə vəzirliklə birlikdə Diyarbəkir bəylərbəyi oldu. Malatya və Antep sancaqlarının gəlirləri Siyavuş Paşaya hədiyyə edildi. Ancaq vəzifə yerinə getmədən 100 min qızıl yol xərci ilə birlikdə Macarıstan sərdarı Bəkri Mustafa Paşanın yanına göndərildi.
Siyavuş Paşa, mühasirədəki Budin qalası önlərində gedən toqquşmalarda üstün xidmətləri ilə məşhurlaşdı. Rəhbərlik etdiyi yardım qüvvələrinin təxminən üçdə ikisini itirməsinə baxmayaraq 1000 nəfərlik dəstə ilə mühasirədə olan qalaya girməyə nail oldu. Əbdürrəhman Abdi Paşanın 3 dekabr 1685 tarixində yeni sərdar təyin olması ilə Siyavuş Paşa da Bosniya bəylərbəyi təyin edildi. Ancaq 4 sentyabr 1686 tarixində Budin qalasının itirildiyi xəbəri gəldi və Siyavuş Paşaya irəliləyən Avstriya ordusu haqqında məlumat verildi. 13 dekabr 1686 tarixində Hələb bəylərbəyiliyinə gətirildi və Mirtofça qalasında qışlaması, Sivas və Diyarbəkir əsgərləri ilə birlikdə Avstriya ordusunun qarşısını alması əmr edildi.
Sədrəzəm Süleyman Paşanın məğlub olduğu 12 avqust 1687 tarixində baş tutan Şikloş döyüşü, Siyavuş Paşanın sədrəzəm olması ilə nəticələnən böyük bir üsyanın başlanğıcı oldu. Bəzi qərb ədəbiyyatlarında II Moxac müharibəsi adlandırılan bu döyüşdə Siyavuş Paşa da iştirak etmişdi. Varadinə çəkilən sədrəzəmin ordunu Əyri qalasına yollamasına baxmayaraq, ərzaq çatışmazlığı səbəbilə ordu qışlağında çıxmadı. Süleyman Paşanın ordudakı yeni nizamlamalarından narazı olan əsgərlər isə 1 sentyabrda üsyan edərək ertəsi gün Hələb bəylərbəyi Siyavuş Paşanı “qoca vəzirdi” deyərək orduya rəhbər elan etdilər. Hadisələrdən xəbərdar olan Sultan Mehmed isə dərhal Siyavuş Paşanı sərdar təyin etdi. Bu əsnada 5 sentyabr günü bəzi ordu komandirləri və sancağ-ı şəriflə birlikdə Belqrada qaçan Süleyman Paşa Tokat, Sivas, Təkə və Amasiya hakimləri, Osman Paşanın və digər üsyan rəhbərlərinin ələ keçirilməsi üçün fərman yazmışdı. Orduda üsyan tərtib edən bu şəxslər sərdar Siyavuş Paşa ilə birləşərək bütün hadisələri məktub yazaraq paytaxta bildirdilər. Bu əsnada orduyla birlikdə Belqrada çatan Siyavuş Paşa burada sədrəzəm elan olundu (23 sentyabr 1687). Belqraddan sərdar və sədrəzəm olaraq yola çıxan Siyavuş Paşaya sədarət möhürü və sancağ-ı şərif 28 sentyabrda Niş qalasında təslim edildi. Yeni sədrəzəm ilk iş olaraq paytaxtda olan şeyxülislam Ankaralı Mehmed Əmin Əfəndiyə gizlicə məktub yazaraq ayaqlanan ordunun Sultan Mehmedi taxtdan salmaq üçün hazırlandığını bildirdi. Şeyxülislam da yenə gizli şəkildə üləma zümrəsini toplayaraq gələn məlumatı elan etdi və burada Sultan Mehmedin taxtdan endirilməsi münasib görüldü. Aylardır almadıqları ülufələrini istəyən üsyançılar ordudakı düşmənlərini aradan qaldırarkən, digər yandan sabiq sədrəzəm edam edildi. Vəfat edən şeyxülislamın yerinə isə Dabbaqzadə Mehmed Əfəndi gətirildi. Üsyançılara qarşı tədbir almaq məqsədilə sədrəzəmin qaynı Fazil Mustafa Paşanı 7 oktyabr 1687 tarixində ikinci vəzir olaraq İstanbul naibi təyin edən Sultan Mehmed ordunun qarşısını ala bilmədi.
İstanbula doğru irəliləyən ordunun Ədirnədə qışlamasına qərar verildi. 7 noyabr günü ordudan yazılan qərarnamə İstanbul naibi Fazil Mustafa Paşaya göndərildi və burada Aya Sofyada toplanan məşvərət məclisində Sultan Mehmedin taxtdan endirilməsi və yerinə qardaşı Şahzadə Süleymanın gətirilməsinə qərar verildi (8 noyabr 1687). Sədrəzəm Siyavuş Paşanın İstanbula mərasimlə daxil olması isə 11 noyabrda baş tutdu.
18 noyabrda yeniçərilərə 5 aylıq, digərlərinə isə 3 aylıq yığılan maaşları ödənildi. Ancaq verilməyən cülus bəxşişi yeniçərilərin və sipahilərin etirazlarına səbəb oldu. 27 noyabrda yeni padşah qılınc qurşandı və ertəsi gün ilk cümə salamlığına çıxdı. Üsyançı əsgərlərə hakimlik, Osman Paşaya Rumeli bəylərbəyliyi verildi. Saraydan çıxarılan gümüş əşyaların hesabına cülus bəxşişinin bir hissəsi ödənildi. Siyavuş Paşanın ilk divan məclisi isə 22 dekabr günü toplandı. Daxildə bütün bunlar baş verərkən cəbhədə Avstriya, Lehistan və Venesiya ard-arda qələbə qazanırdı.
İkinci vəzir Fazil Mustafa Paşanın təsiri altında olan Siyavuş Paşa isə dərhal üsyançıları aradan qaldırılmağa başladı. Bunun üçün yeniçəri ağalığına gətirdiyi Harputlu Süleyman ağa ilə birləşsə də, 13 fevral 1688 tarixində Fazil Mustafa Paşa və bir neçə gün sonra şeyxülislam Dabbaqzadə Mehmed Əfəndi üsyançılar istəyi ilə vəzifələrindən alındı. Yenə üsyançıların istəyi ilə sədrəzəm Macarıstan səfərinə çıxma qərarı aldı və 21 fevral günü səfər rəsmi olaraq elan edildi. Ancaq bu sənada Harputlu Süleyman ağanın üsyançılardan Əhməd Çavuşu öldürməsi vəziyyəti alovlandırdı. Elə həmin gün Süleyman ağanı aradan qaldıran yeniçərilər padşahdan sədrəzəmin vəzifədən alımasını tələb etdilər. Bir neçə gün sonra, 1 mart günü çox sayda üsyançı yeniçəri 15-20 döyüş topuyla sədrəzəmin Ağaqapısındakı sarayını mühasirəyə alaraq sədarət möhürünü tələb etdi. Bu əsnada yanında olan şeyxülislama möhürü təslim edən və digər dövlət adamlarını saraydan yollayan Siyavuş Paşa təxminən 50 nəfərlə birlikdə sarayın müdafiəsi ilə məşğul oldu. Ancaq ertəsi gün sabah namazı vaxtınadək davam edən toqquşmalarda həlak oldu (2 mart 1688). Oğlu Hüseyn Paşa da bu toqquşmalarda öldürülmüşdür. Sabiq sədrəzəmin cəsədinə, Körpülü Mehmed Paşanın qızı olan xanımına və hərəminə qarşı edilən işgəncələri və sarayın günorta saatlarına qədər darmadağın edilməsini isə dövrün tarixçiləri böyük utanc içində qeyd edirlər.
Bir neçə gün sonra Sancaq hadisəsi ilə tamamilə aradan qaldırılan bu üsyançıların talan etdiyi əşyalar və malların bir hissəsi yeni sədrəzəm Nişançı İsmayıl Paşanın gördüyü tədbirlərlə toplanmışdır. Siyavuş Paşanın qəbri Üsküdar məzarlığındadır. Kitabəsində “Şəhid Hacı Siyavuş Paşa” ifadəsi var. Oğlu Hüseyn Paşa 1659-cu ildə Sultan Muradın qızlarından Safiyə Sultanla nigahlanmışdır.