Halvaçı Yusif Paşa (ö. 1715) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından xəzinədar kəndxudası olaraq xidmətə alınmışdır. 1691-ci ildə vəzir rütbəsi alaraq Sivas sancaqbəyliyinə gətirildi və Sultan İbrahimin qızlarından Gövhərxan Sultanla nigahlandı. Nigahın ardından kaptan-ı dəryalığa gətirildi. 1693-cü ildə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. Ancaq 1695-ci ildə bilinməyən səbəblə Midilli adasında həbs edildi. 2 illik həbsin ardından paytaxta çağırıldı və 1698-ci ildə taxt naibi oldu.
Sultan Əhmədin taxta çıxmasının ardından Rumeli və Anadolunun müxtəlif əyalətlərinə təyin olunan Yusif Paşa 1715-ci ildə son vəzifə yeri olan Trabzonda vəfat etdi. Gövhərxan Sultanla olan nigahından Sultanzadə Mehmed bəy və Sultanzadə Mustafa bəy adlı 2 oğlunun olduğu məlumdur.