Dabbaqzadə Mehmed Əfəndi (1619 – 5 dekabr 1702) — Osmanlı alimi, şair və şeyxülislamı.
Dabbaqzadə Mehmed Əfəndi | |
---|---|
Əvvəlki | Ankaralı Mehmed Əmin Əfəndi |
Sonrakı | Seyid Feyzullah Əfəndi |
2 mart 1688 – 25 iyun 1690 | |
Əvvəlki | Seyid Feyzullah Əfəndi |
Sonrakı | Əbusəidzadə Feyzullah Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1619 |
Vəfat tarixi | |
Fəaliyyəti | Şeyxülislam |
Dini | islam |
Mahmud Əfəndinin oğludur. İlk təhsilini dövrün tanınmış alimləri olan Cərrah şeyx Mehmed Əfəndi, Uzun Həsən Əfəndi və Tarsusi Əfəndidən almış, 1647-ci ildə Qaraçələbizadə Əbdüləziz Əfəndinin tələbəsi olaraq dini təhsilini bitirmişdir.
1656–1666-cı illərdə İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq çalışdıqdan sonra Süleymaniyyə mədrəsəsinə təyin edildi. Daha sonra qazı oldu və 1667-ci ildə Dəməşq, 3 il sonra Ədirnə, 1675-ci ildə İstanbul, 1679-cu ildə isə Anadolu qazısı olaraq təyin edildi. 1687-ci ildə Rumeli qazısı oldu və nəhayət, həmin ilin oktyabrında şeyxülislamlığa yüksəldi. Qısa olan bu ilk şeyxülislamlığı əsnasında IV Mehmedi devirən və II Süleymanı taxta çıxaran siyasi qruplaşmanın tərkibində yer aldı. Bundan başqa Körpülü Fazil Mustafa Paşanın edamını tələb edən üsyançılarla mübarizə apardı.
Dabbaqzadənin şeyxülislamlıqdan alınmasına səbəb isə yeniçəri və sipahilərlə yola getməməsi oldu. Üsyan qaldıran yeniçəri və sipahilər o illərdə Fazil Mustafa Paşanın vəzifədən alınmasına və sürgün edilməsinə səbəb olmuşdular. Bununla kifayətlənməyən üsyançılar paşanın edam edilməsi üçün şeyxülislamdan fətva istəmiş, Dabbaqzadə isə bu təklifi qəbul etməmiş, əksinə üsyançıların özünün edama məhkum edilməli olduğunu bildirərək fətva istəyən dəstəni evindən qovmuşdur. Ardından üsyançıların sədrəzəm Siyavuş Paşaya təzyiq göstərməsi nəticəsində Dabbaqzadə ilk dəfə şeyxülislamlıqdan alındı (13 fevral 1688). Ancaq sultanı taxtdan endirən və İstanbulu xaosa çevirən üsyançılar saraya hücum etdikləri əsnada yeni şeyxülislam Seyid Feyzullah Əfəndinin onlara qoşulmamamsı vəzifədən alınmasına səbəb oldu və nəticədə Dabbaqzadə ikinci dəfə şeyxülislamlığa gətirildi (2 mart 1688).
Sədrəzəm Nişançı İsmayıl Paşanın qarşı çıxmasına baxmayaraq baş tutan bu təyinat iğtişaşlara səbəb oldu. Belə ki, Dabbaqzadənin ikinci şeyxülislamlığı dövründə ən yadda qalan hadisə sədrəzəm Bəkri Mustafa Paşa ilə olan çəkişməsi oldu. Belə ki, vaxtilə sədarətə məsləhət gördüyü Bəkri Mustafa Paşanın əleyhinə olan Dabbaqzadə sultan lələsi Əbdülvəhhab Əfəndini də yanına alaraq Sultan Süleymanın hüzuruna gəlmiş, sədrəzəm haqqında düşündüklərinin əksi olduğunu və paşanın xəyanət etdiyini bildirmişdir. Saray ənənəsinə görə, şeyxülislamın sədrəzəmdən xəbərsiz sultanın hüzuruna çıxması vəziyyəti daha da gərginləşdirdi.
Dabbaqzadə Mehmed Əfəndinin ikinci dəfə şeyxülislamlıqdan alınmasına səbəb isə üləma zümrəsi daxilində apardığı islahatlar oldu. Böyük qarışıqlığa səbəb olan bu islahatlar haqqında şikayət sultanın qulağına qədər çatdı və nəticədə 25 iyun 1690 tarixində Dabbaqzadə vəzifədən alındı. 5 dekabr 1702-ci ildə vəfat edən Dabbaqzadə, Sultan Səlim məscidi önündə öz adına inşa etdirdiyi Dabbaqzadə mədrəsəsinin həyətinə dəfn edildi.