Karfagen və ya Qartac[mənbə göstərin] (az.-əski. قرطاج, tələffüzü Qartaj; puni. 𐤒𐤓𐤕𐤇𐤃𐤔𐤕, tələffüzü Qart-hadaşt — "yeni şəhər"; q.yun. Καρχηδόνα; lat. Carthago) — müasir Tunis şəhərinin yaxınlığında dağınıq şəhər, eyniadlı qədim imperiyanın paytaxtı.
Karfagen | |
---|---|
𐤒𐤓𐤕𐤇𐤃𐤔𐤕 | |
36°51′09″ şm. e. 10°19′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | IX əsr |
Ləğv olunub | e.ə. 146 |
Vikianbarda əlaqəli mediafayllar |
Karfagen əsası e.ə 825-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. E.ə VI-cı əsrdə öz metropoliyası — Tirdən — ayrılmış və müstəqil dövlət olmuşdur. Karfagenin yerləşdiyi əlverişli yarımada coğrafi vəziyyəti onu qurudan əlçatmaz edirdi və Aralıq dənizi sahili ölkələri ilə ticarəti üçün yaxşı imkanlar yaradırdı. E.ə VIII–VII əsrlərdə Karfagen Şimali Afrika, Cənubi İspaniya, Qərbi Siciliyada bir sıra koloniyaların əsasını qoydu. E.ə V əsrdən Karfagendə respublika idarə üsulu mövcuddur. Xalq yığıncağı həlledici rol oynamırdı, əsas hakimiyyət aristokratik oliqarxiyadan olan sərkərdələrin əlində cəmləşirdi. Dövlətin idarəsində iki seçkili hakim — suffet — dururdu. Karfagendə əksər şəhər-dövlətlərində olduğu kimi təmsilçilik hakimiyəti var idi. Ali hakimiyət aristokratiyanın əlində idi. Ali təsisat 10 (sonralar 30) nəfərdən ibarət ağsaqqallar şurası idi. E.ə 450-ci ildə bəzi nəsillərin (əsasən Maqonların) hakimiyətini məhdudlaşdırmaq üçün hakimlər şurası yaradılır. 104 nəfərdən ibarət olan bu orqan, ilk olaraq vəzifə səlahiyyətləri qurtaran məmurların mühakiməsi idi, tədricən bu orqan bütün hakimiyyəti öz əlində cəmləşdirir.
30 nəfərdən ibarət Dövlət aristokratiya şurası ali hakimiyyəti təmsil edirdi. Karfagendə iri quldar təsərrüfatları və sənətkarlıq istehsalı inkişaf etmişdi. Bu təsərrüfatlarda nəinki ancaq qulların, eləcə də yarıazad asılı istehsalçıların — bodların — əməyindən də istifadə olunurdu. Sosial quruluşa görə Karfaqen etnik əlamətə görə bir neçə təbəqəyə bölünürdü. Finikiyadan gəlmələr tam hüquqlu sayılırdı, bütün başqa etniklər o cümlədən yunanlar "Sidon hüququ" hüququna malik idil. Ən haqsız təbəqə-etnik liviyalılar hesab olunurdu.
Tabe edilmiş ölkələrin əhalisi tez-tez, qəddarlıqla yatırılan üsyanlar edirdi. Karfagenin müharibələri işğalçı səciyyə daşıyırdı. Ordusu piyadalardan, suvarilərdən, döyüş arabalarından və döyüş fillərindən ibarət idi. O mühasirə və sapand silahlardan istifadə edirdi. Güclü donanmanın rolu çox əhəmiyyətli idi. Ordunun nüvəsini "piyada müqəddəs qoşun" adlanan və əyanlardan ibarət qoşun təşkil edirdi. Əyanlar atlı qoşunda da iştirak edirdilər. Ordunun ikinci hissəsi muzdlu, asılı və müttəfiq afrikalı dəstələrdən təşkil olunurdu. Karfagenlilərin döyüş qaydaları: ortada piyadalardan, cinahlarda suvarilərdən ibarət idi. Ön cəbhə yüngül silahlanmış döyüşçülərlə müdafiə olunurdu. Qoşun adətən, möhkəmləndirilmiş, qorunan düşərgədə yerləşirdi. Qoşun işğal etdiyi ölkənin hesabına dolanırdı. Karfagenin tarixində Pun müharibələri önəmli yer tutur. E.ə I əsrdə Karfagen, bu dəfə artıq Roma koloniyası kimi bərpa olundu. 439-cu ildə Karfagen Vandal krallığının paytaxtı oldu. 533-cü ildə Bizans tərəindən azad edildi. 698-ci ildə ərəblər tərəfindən alındı və birdəfəlik dağıdıldı. Qalıqları müasir Tunisin yaxınlığındadır.
I minilliyin ikinci rübü Qərbi Aralıq dənizində finikiyalı koloniyaların birləşmiş dövlətinin — Karfagen dövlətini — yaranması dövrüdür. Karfagen bilavasitə Misirlə, Yunanıstanla, İtaliya ilə(əsasən Etruriya ilə), Siciliya və Sardiniya ilə əlaqə saxlayırdı. Ticarətin inkişafı tədricən bura müxtəlif dillərdə danışan əhalini cəlb edirdi: finikiyalılardan başqa burada yunanlar və etrusklar da məskunlaşırdı. Karfagenin yaranmasından süqutuna qədər onun əsasını donanma təşkil edirdi. Əgər ilk çağlarda karfagenlilər qədim Misir və Şumer gəmilərinə oxşayan, ancaq qamışdan deyil, möhkəm Livan kedrından düzəldilmiş, hündür kormalı və burunlu, göyərtəsiz və göyərtəli, bir enli düz yelkəni və kormada olan ikili sükan avarlı gəmilərdə üzürdülərsə, — e.ə I minilliyin birinci yarısından gəmilərin konstruksiyası xeyli təkmilləşdirildi. Gəmilər artıq ikigöyərtəli oldu; döyüşçülərin yerləşdiyi yuxarı göyərtənin falşbortu, yumru qalxanlarla müdafiə olunurdu, aşağı göyərtədə isə (iki cərgədə, biri o birisinin üzərində) avar çəkənlər otururdu(yəqin ki qullardan ibarət), burunda suyun altında, düşmən gəmilərini batırmaq üçün güclü taran qurulmuşdu, sükanlara nəzarət edən gəminin dumançısını isə yuxarı qaldırılmış və içəri burulmuş korma müdafiə edirdi. Burunda əlavə dördkünc yelkən qaldırmaq mümkün idi. Ancaq ticarət gəmilərində əvvəlki tək burun və korma eyni ilə tikilirdi, amma onlarda da iki cərgə avar çəkən var idi. Karfaqenin dəniz ticarətində əsas rəqibləri, yunan polisləri idi.
E.ə VII–VI əsrlərdə karfegenlilər Afrikada fəal hucum siyasəti aparırdılar. Dəniz sahili boyu Herkules sütunlarına doğru(indiki Cəbəllütariq boğazı), eləcə də onların o tayında Atlantika sahillərində Karfagen koloniyaları yaranırdı. Artıq e.ə VII əsrdə Mərakeşin Atlantika sahillərində Karfagen koloniyaları vardı.
E.ə VI əsrin ortalarında Malxın başçılığı ilə karfegenlilər liviyalılara qarşı müharibə aparırdı və yəqin ki qələbə nəticəsində yerli tayfalardan birinə şəhərin ərazisinə görə icarə ödənişlərindən qurtula bildilər. E.ə VI əsrin sonunda Şimali Afrikadakı yunan koloniyası Kirena ilə sərhədlərin tənzimlənməsi uğrunda aparılan çoxillik müharibə də qurtardı. Sərhəd Karfagendən xeyli şərqə, Kirenaya doğru quruldu. Şimali Afrikadakı istilaların ən əhəmiyyətli nəticələrindən biri iri karfagenli torpaq sahibliyinin yaranması oldu. Baqrada çayı vadisində, dəniz sahilində iri təsərrüfat komleksləri yarandı. Burada suvarma əkinçiliyi, maldarlıq tətbiq olunurdu və çox sayda qul işlədilirdi. Bu təsərrüfatların təcrübəsi bazasında Karfagendə aqronomiya elmi olduqca inkişaf etdi. Onun görkəmli xadimi Maqonun əsəri dəfələrlə yunan və latın dillərinə(o cümlədən Roma senatının əmri ilə) tərcümə edilmişdir, təbiət elmləri və kənd təsərrüfatı ilə bağlı çalışmalarda bu əsərdən sitatlar gətirilirdi. Karfagenin iri torpaq sahibkarları-quldarları, ticarət-sənətkar aristokrat qruplaşmasının xarici istila siyasətinə qarşı çıxış edən qruplaşma təşkil edirdilər. Eyni zamanda Karfagen Pireney yarımadasında möhkəmlənirdi. Burada Qades (indiki Kadis)şəhərinin başçılığı ilə finikiyalıların koloniyaları əvvəllər də Tartess şəhəri ilə, qalay-tənəkə ilə zəngin olan Britaniya adalarına gedən ticarət yolları uğrunda mübarizə aparırdılar. Tir və Karfagen Qadesə hərtərəfli yardım edirdilər. Onlar Tartessi quruda darmadağın edərək, onu mühasirəyə məruz qoydular və onun ərazilərinin bir hissəsini işğal etdilər. E.ə VII-ci əsrin ortalarında Karfagen Balear adalarında öz koloniyası Ebessin(indiki İvisa) əsasını qoydu. Bu adaları da Karfagen Tartessdən almışdı. E.ə VII əsrin ikinci yarısında karfagenlilər yarımadada möhkəmlənmək qərarına gəldilər. Qades Karfagenin bu addımını onun əlvan metallar ticarəti inhisarına təhdid hesab edərək Karfagenə ciddi müqavimət göstərdi, lakin karfagenlilər Qadesi alıb onun divarlarını dağıtdılar. Bundan sonra şübhəsiz ki Karfagenin hakimiyyəti altına yarımadanın başqa finikiyalı koloniyaları da düşdü. Karfagenlilərin sonrakı irəliləməsi, yunan(fokey) kolonizasiyası ilə toqquşdu. E.ə 600-cü ildə fokeyalılar karfagenlilərin donanmasını bir neçə dəfə məğlub etdilər və Karfagenin Pireney yarımadasında irəliləməsini dayandırdılar. Eyni zamanda fokeyalıların Korsika adasında da koloniya yaratmaları, Karfagen-etrusk əlaqələrini uzun müddətə əngəllədi. E.ə VI əsrdə karfagenlilər Siciliyada(Malxın komandanlığı altında) bir sıra müharibələr apardılar. Nəticədə adanın qərb hissəsinin əhəmiyyətli hissəsi, o cümlədən buradakı köhnə finikiyalı koloniyalar onların əlinə keçdi, lakin Malxın Sardiniyaya yürüşü uğursuz alındı və Karfagen hökuməti sərkərdəni və onun ordusunu sürgünə məhkum etdi. Karfagendə ən əvvəldən hakimiyət ticarət-sənətkar oliqarxiyasının əlində idi. Əfsanəyə görə ilk çağlarda ölkənin başında, şəhərin əsasını qoyan Elissa adlı şahbanu dayanırdı. Elissa bütləşdirilmişdi və Tinnit tanrısı kimi sitayiş olunurdu. Sonralar hakimiyyəti oliqarxik diktaturanın kollektiv orqanları — ağsaqqallar şurası və, guman ki ona rəhbərlik edən 10 (onlar) şurası tutdu. Ağsaqqallar şurasının Malxın qovulması barədə qərarı şəhərdə siyasi mübarizənin kəskinləşməsinə gətirdi. Qovulma haqqında qərara tabe olmayaraq, Malx Karfageni hucumla aldı, sonra isə xalq yığıncaqını çağıraraq, onlar şurasının üzvlərinin edam olunmasına nail oldu. Qaynaqlara görə Malx Karfagendə öz qanunlarını tətbiq etdi. Göründüyü kimi, qədim yunan tiranları kimi, o xalq hərəkatına arxalanmaq istəyirdi, ancaq uzun müddətə xalqın dəstəyini qazana bilmədi. Düşmənlər onu hakimiyəti qəsb etməkdə suçladılar, və onun devrilməsinə və edamına nail oldular. Hakimiyətə Malxın əleyhinə olan, və yəqin ki Malxın devrilməsində fəal iştirak edən, oliqarxik qruplaşmanın nümayəndəsi Maqon gəldi.
Maqonun və onun oğullarının və nəvələrinin(e.ə VI əsrdən e.ə V əsrin ortalarına qədər) hakimiyətdə olması ölkə üçün vacib dəyişikliklər zamanı oldu. Onlardan muzdlu qoşunun yaradılmasını qeyd etmək lazımdır. Bu qoşun sayca və peşəkarlıqda vətəndaş qoşunundan xeyli üstün idi. Bu islahatın nəticəsində Karfagen cəmiyətinin demokratik çevrələrin nüfuzu kəskin zəiflədi. Maqon və Maqonilər rejimi muzdlu orduya arxalanırdı. Çox guman ki, Maqonun hakimiyətə gəlməsindən sonra İtaliyanın etrusk şəhərləri ilə müttəfiqlik əlaqələri yaradılmışdır. Bu ittifaq ümumi düşmənə -fokeyalılara və onların müttəfiqləri tartessalılara qarşı yönəlmişdi. Etrusklarla ittifaq o qədər möhkəm, müxtəlif Karfagen-Etrusk əlaqələri isə o qədər dərin idi ki, sonralar qarşılıqlı ticarət təfərrüatlarla tənzimlənmişdi və qarşılıqlı zəmanətlər təsdiq edilmişdir. Etrusk şəhəri Pirqda finikiyalı məhsuldarlıq və eşq ilahəsi Aştarta (etrusk mətnində Uni-Aştart) ithafən, paralel olaraq etrusk və finikiya dillərində yazılanlar, həm etrusk mühitində karfagenli bütlərin yayılmasını, həm də etrusk və finikiyalı tanrıların eyniləşməsi dərəcəsinin göstəriciləri idi. Karfagen-Etrusk ittifaqı Qərbi Aralıq dənizi hövzəsində siyasi vəziyyəti əhəmiyətli dərəcədə dəyişdi. Alaliya döyüşündən (Korsika sahillərində) sonra, Aralıq dənizi yollarında yunanların(fokeyalıların) ağalığı sarsıldı. Bundan sonra Karfagen Sardiniyaya bir neçə yürüş təşkil etdi. Sardiniyanın sahillərində bir neçə koloniya, içərilərində isə xırda punik yaşayış məskənləri salındı. Alaliya yaxınlığındakı qələbə Tartessi siyasi və hərbi mənada təcrid etdi, və e.ə VI-ci əsrin 30-cu illərinin əvvəli — 20-ci illərin sonunda karfagenli işğalçılar Tartessi hərfi mənada yerlə-yeksan etdilər, hətta Tartessin qalıqlarını axtaran arxeoloqların bütün səyləri heç bir nəticə vermədi. E.ə 509-cu ildə Karfagen etrusk şəhərləri, eləcə də Roma ilə bir sıra sazişlər bağladı. Bu anlaşmalara görə karfagenlilər müəyyən məntəqədən şimalda (yəqin ki söhbət İspaniyadan gedir), etrusklar və romalılar isə — cənubda, görsənməyəcəklərinə boyun oldular. Bu müqavilələrlə Qərbi Aralıq dənizi hövzəsinin müttəfiqlər — karfagenlilər və etrusklar — arasında bölüşdürülməsi başa çatdı və karfagenlilərin Aralıq dənizinin qərb hissəsinə olan iddiaları qanuniləşdirildi. Karfagenlilərin yunanlar(məsələn, indiki Marsel yaxınlığındakı Massaliya sakinləri) ilə toqquşmaları gah bir, gah da o biri tərəfin qələbəsi ilə keçirdi və tutarlı dərəcədə qüvvələrin nisbətinə təsir etmirdilər.
E.ə V əsrdə Əhəməni ordularının Yunanıstana hucumu Əhəməni İmperiyası ilə Karfagen dövləti arasında hərbi ittifaq üçün zəmin yaratdı.
Karfaqenin bir Romanın isə o biri tərəfdən genişlənməsi bu iki dövlətin toqquşmasını qaçılmaz edirdi. E.ə 3 əsrdə Karfaqenlə Roma arasındaki ziddiyətlər son həddə çatdı. Roma yığma ordusundan(milis)fərqli olaraq Karfaqen ordusu muzdlu idi, burada istənilən milliyətə mənsub insan tapmaq olardı. Bundan başqa Karfaqenin liviyalılardan ibarət qoşunu da vardı, amma liviyalıların sosial durumunu nəzərə alsaq bu qoşunun olduqca etibarsız olduğu qənaətinə gəlmək olar. E.ə 264 ildə Birinci Pun müharibəsi başladı. O əsasən Siciliyada və dənizdə aparılırdı. Nə qədər ki Romanın donanması yox idi Karfaqen Romadan qorxmaya bilərdi, lakin romalılar e.ə 260 ildə yunanların zəngin dənizçi təcrübəsini istifadə edərək donanma yarada bildi və öz gəmilərini xüsusi körpü-qarmaq (qarğa) ilə təchiz edərək Karfaqen donanmasını Milı yaxınlığında məğlub etdi, lakin bu romalılar qələbədən yetərincə yararlana bilmədi. Bir ildən sonra spartalı Ksantippin başçılığı ilə Karfaqen qoşunu romalıları məğlub etdi. Karfaqenə bu döyüşdə fillərdən istifadə yardım etdi. Ancaq e.ə 251 ildə Panorma yaxınlığında romalılar Karfaqeni məğlub edə bildi. İki ildən sonra karfaqenlilər romalıları dənizdə müharibənin bəlkə də ən ağır məğlubiyətinə uğratdılar. Bununla da müharibənin birinci mərhələsi başa çatdı. İkinci pun müharibəsi məşhur Karfaqen soyadı Barka(İldırım) ilə bağlıdır. Müharibənin ilk mərhələsində Karfaqen Siciliyanı, sonra isə Sardiniyanı itirdi. Karfaqen Romaya 10 il ərzində 3200 talant kontribusiya ödəməli oldu. Hakimiyət Qamilkar Barkanın siyasi rəqiblərinin əlinə keçdi. Bu zaman Karfaqen hakimiyətin son dərəcə yanlış addımı muzdlu ordunun maaşının azaldılması oldu, narazı liviyalılar muzdluları dəstəklədi. Çıxılmaz vəziyətə düşən Karfaqen aristokratiyası Qamilkar Barkanı yenə hakimiyətə çağırdı. Üç illik müharibə nəticəsində Qamilkar Barka üsyanı yatıra bildi, lakin Sardiniya qarnizonu təqiblərdən ehtiyat edərək Romadan himayə istədi. Müharibənin başlanmasına cüzi bəhanə axtaran Roma, ancaq 1200 talant kontribusiya müqabilində Karfaqenlə anlaşdı.
Karfaqendəki din Finikiyadaki dinlə eyni idi. Tir, Sidon və başqa Finikiya şəhərlərində olduğu kimi burada da tanrılara qurbanlar gətirilirdi. Qurbanlar adətən yandırılırdı. Bəzi tətqiqatçılar heyvanlarla yanaşı, kiçik yaşlı uşaqların da yandırıldığını iddia edirlər. Karfagen panteonu bir çox tanrılardan ibarət idi:
Karfagenli dənizçilər Qannon və Qamilkonun dəniz səyahətlərinin punik orijinallarından yunan dilinə tərcümə edilmiş təsvirləri yunan-romalı aləmində yaxşı məlum idi. Səyahətlərin tarixləri müxtəlif cür verilir. Ən çox ehtimal olunan tarix Qannon üçün e.ə VII-VI-ci, Qamilkon üçün isə e.ə VI-cı əsrdir. Bu səyahətlər zamanı karfagenlilər Cəbəllütariq boğazından çıxaraq Afrikanın qərb sahillərində bir neçə koloniya çıxarmışdılar. Onlar hətta Seneqal çayı ağzında forpost yaratmışdılar — Kerna. Herodot xəbər verir ki, karfagenlilər Misirdə qulluq ediblər, və hətta Qırmızı dənizdən cənuba hərəkət edərək, Afrikanı dolanıb qərbdən Karfagenə, oradan isə Misirə qayıdıblar. Karfagendə tarixşunaslıq mühüm nailiyətlərə çatmışdı. Karfagenli tarixçilərin əsərlərindən, Şimali Afrika və Karfagenin özü barədə, əntiq müəlliflər geniş məlumatlar əldə edirdilər. Afinada fəlsəfə mətəblərindən birinə karfagenli filosof Qasdrubal başçılıq edirdi. Karfagendə həmçin qrammatika məktəbi inkişaf etmişdir. Karfagenin məhvi Şimali Afrikada finikiyalı mədəniyyətin tamamilə məhv olmasına gətirmədi. Punik dili burada eramızın V-ci əsrinə qədər gəlib çatdı. Karfagen irsinin xüsusi ilə Şimali Afrika xalqlarının mədəniyyətinə güclü təsiri olmuşdur.