Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılıb | 1935 |
Digər məlumatlar | |
Direktor | Dilqəm Tağıyev |
İşçi sayı | 513 |
Ünvan | AZ1143, Bakı ş., H.Cavid pr. 113 |
Sayt | kqkiamea.az |
Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur.[1]
Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur.
1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır.[1]
Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir.
1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.[1]
1991-ci ildə Azərbaycan EA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin təqdimatı əsasında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə İnstituta akademik Murtuza Nağıyevin adı verilmişdir (11.01.91 il 16 №-li qərar). x3 1975–2002-ci illərdə İnstitutun direktoru akademik Toğrul Şahtaxtinski olmuşdur. Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun əsas elmi istiqaməti kimya-texnoloji sistemlərin modelləşdirilmə və optimallaşdırılma üsullarının, prinsipcə yeni reaksiya və texnoloji sistemlərin, o cümlədən, katalitik proseslərin optimal layihələşdirilməsinin elmi əsaslarının yaradılması olmuşdur.
2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.05.02 il qərarı əsasında Azərbaycan MEA Qeyri-Üzvi və Fiziki Kimya və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarının bazasında Kimya Problemləri İnstitutu yaradılmışdır. İnstitutun direktoru vəzifəsinə , akademik Toğrul Şahtaxtinski seçilmiş və 2010-cu ilədək həmin vəzifədə çalışmışdır. Ondan sonra 2014-cü ilədək direktor vəzifəsində akademik Ağadaş Əliyev çalışmış, 2014-cü ildə isə direktor vəzifəsinə akademik Dilqəm Tağıyev təyin edilmişdir. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.14 il 104№ -li və AMEA-nın Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il 14/8 №-li tarixli qərarına əsasən İnstitutun adı dəyişdirilərək akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılmışdır.[1]