Kristof Karl Fernberger (alm. Christoph Carl Fernberger; 1596[1], Eggenberq qəsri[d], Yuxarı Avstriya[d] – 7 dekabr 1653, Maria-Ensersdorf[d], Aşağı Avstriya[d]) – Avstriya aristokratı və səyyahı. Dünya ətrafında dövr edən, eləcə də, Yaponiya və Tailandda olmuş ilk avstriyalı şəxsdir.
Kristof Karl Fernberger | |
---|---|
Doğum tarixi | 1596[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 1653 |
Vəfat yeri | |
Fəaliyyəti | əsgər |
Vikianbarda əlaqəli mediafayllar |
Kristof Karl Fernberger 1596-cı ildə Yuxarı Avstriyada doğulmuşdur. Atası Karl Lüdviq Fernberger və anası Yohanna Geyerin Edle fon Ostenburq 4 dekabr 1594-cü ildə İbs-an-der-Donau şəhərində evlənmişdirlər.[2] Əmisi Georq Kristof Fernberq 1588–1593-cü illərdə Qüdsə və Asiyaya səyahət etmiş, latın dilində səyahətnamə yazmışdır.[3]
Fernbergerin dünya səyahəti könülsüz formada baş vermişdir. O, 1621-ci ildə İspaniya donanmasının kapitanı kimi döyüşərkən hollandlar tərəfindən əsir götürülmüşdür. Rotterdamda sərbəst buraxılandan sonra gəmi ilə Amsterdamdan Venesiyaya, ordan da evinə qayıtmağı planlaşdırmışdır.[2] Pulu olmadığı üçün bir gəmidə aşpaz kimi işləməyə başlamış, lakin gəminin Afrikaya səyahət etdiyindən xəbərsiz olmuşdur.[3] Gəmi 1622-ci ilin yanvarında Kabo Verde adalarında qəzaya uğramış və o, İndoneziyaya gedən Niderland Ost-Hind şirkəti gəmisi tərəfindən xilas edilmişdir. Fernberger Braziliya–Magellan boğazı–Kaliforniya marşrutu üzrə səyahət edərək 25 iyul 1623-cü ildə Yava adasındakı Bataviya limanına çatmışdır.[2] Burada öz biznesini qurmuş, Çin və Tayvana səyahətlər etmişdir.[3] 1625-ci ildə Yaponiyaya səyahət etmiş ilk avstriyalı olmuşdur. O, hollandların Yaponiyadakı ticarət mərkəzi olan Hiradonu ziyarət etmişdir.[4]
Fernberger Ayutiya krallığında olmuş ilk avstriyalı olmuş, 1624-cü ildə Patani sultanlığına səfər edərək bir neçə ay burada yaşamışdır. Patani ilə Ayutiya arasındakı müharibə zamanı Patani kraliçası Raja Unqunun məsləhətçisi olmuş, Patanidə yaşayan ispanlar, portuqallar və hollandlara silah təlimi keçmiş və döyüşdə iştirak etmişdir.[5]
Fernberger 18 avqust 1625-ci ildə Avropaya qayıtmaq üçün səfərə çıxmış, 1 sentyabrda Hindistana çatmış, lakin gəmi Hörmüz boğazında qəzaya uğramışdır. Ərəblər tərəfindən xilas edilərək bir erməni tacirə qul kimi satılmışdır. İranın İsfahan şəhərinə aparılmış, öz azadlığını əldə etdikdən sonra 1626-cı ildə Yava adasına qayıtmışdır. 1627-ci ildə növbəti dəfə vətəninə qayıtmağa cəhd etmişdir. 26 iyul 1628-ci ildə Amsterdama çatmış,[2] Hamburq–Praqa–Vyana marşrutu üzrə səyahət edərək Avstriyaya qayıtmışdır. 1653-cü ildəki ölümünə qədər orduda polkovnik kimi xidmət göstərmişdir.[3]
Fernbergerin dünya səyahəti gündəliyi 1960-cı illərin sonunda Vyanadakı Harrax sarayında kəşf edilmişdir. Səyahət gündəliyində Ayutiya ilə Patani arasındakı müharibəni təsvir etmişdir.[6]