Lətif Qasımov

Lətif Qasımovazərbaycanlı alim, 9 kitab və təlimatın, respublikada və xaricdə yüksək reytinqli jurnallarda çap edilmiş 50-dən çox elmi məqalənin müəllifi, "Tərəqqi" medalı təltifçisi, "Azərbaycan Respublikası Milli Atlası"nın həmmüəllifi, "Azərbaycanda aqrar sahənin inkişafında Ümumilli lider Heydər Əliyevin rolu" adlı kitabın redaksiya şurasının üzvü, 3-cü dərəcə dövlət müşaviri.

Lətif Qasımov
Lətif Cəfər oğlu Qasımov
Doğum tarixi (61 yaş)
Doğum yeri Hamarkənd, Yardımlı
Vətəndaşlığı azərbaycanlı
Milliyyəti Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Aqrar elmləri üzrə fəlsəfə doktoru
İş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti
Təhsili Azərbaycan Dövlət Aqrar Universiteti
Mükafatları "Tərəqqi" medalı

1 may 1963-cü ildə Azərbaycan Respublikasının Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1970-ci ildə Hamarkənd kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1980-ci ildə həmin orta məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə işləmişdir. 1981-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqrokimya və Torpaqşünaslıq fakültəsinə daxil olmuş,1986-cı ildə həmin fakültəni bitirmişdir. İnstitutu bitirdikdən sonra yenidən Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə, sonra isə Komsomol komitə katibi işləmişdir.

1987-ci ildən Bakı şəhərində Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda, 1988–1989-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqşünas-mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ərazisində aparılan irimiqyaslı torpaq tədqiqatlarında bilavasitə iştirak etmişdir. 1989–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əyani aspirant olmuşdur. 1992-ci ildə Azərbaycan Elmlər Akdemiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İxtisaslaşmış Elmi Şurada "Azərbaycanın rütubətli subtropiklərində subtropik meyvə bitkiləri altındakı torpaqların münbitlik modelləri" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "03.00.27" – Torpaqşünaslıq ixtisası üzrə "Kənd təsərrüfatı elmləri namizədi" alimlik dərəcəsi almışdır. SSRİ Nazirlər Soveti yaninda Ali Attestasiya Komissiyası tərəfindən ona 7 avqust 1992-ci ildə KD № 066029 nömrəli diplom verilmişdir. Namizədlik dissertasiyasının müdafiəsindən sonra Azərbaycan Elmlər Akdemiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir.

Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi Şurası tərəfindən 1994-cü ildə təsdiq edilmiş "Azərbaycanın Lənkəran ovalığı torpaqlarında təsərrüfat yerlərinin idarə edilməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası üzrə elmi-tədqiqat işini tamamlamış və 2020-ci ildə dissertasiya işi ilkin müzakirədən keçmişdir.[1] 1992–1997-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində Baş idarə rəisinin müavini və Baş idarə rəisi, 1997–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsində idarə müdiri, sektor müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. Əmək fəaliyyətində Fəxri Fərmanlarla təltif edilmişdir.[2]

2009–2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin Sədri olmuşdur. [3]

2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistitutunda böyük elmi işçi, 2016–2017-ci illərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində Daşınmaz əmlakın vahid dövlət kadastrı şöbəsinin müdiri vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyi müddətdə ölkənin vahid torpaq fondu üzrə yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi işlərinin aparılmasına bilavasitə rəhbərlik etmişdir.[4] Dövlət qulluğu ilə yanaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Rəhbər kadrların ixtisasartırma kurslarında mühazirələr oxumuş, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[5]

2017–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. 24 dekabr 2019-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şəbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 9 kitab və təlimatın, respublikada və xaricdə yüksək reytinqli jurnallarda çap edilmiş 50-dən çox elmi məqalənin müəllifi, 2014-cü ildə çap edilmiş "Azərbaycan Respublikası Milli Atlası"nın həmmüəllifi, 2023-cü ildə çap edilmiş "Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu" adlı kitabın redaksiya şurasının üzvüdür. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.[6]

  • Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral tarixli 2695 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[7]
  • Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin 2023-cü il 26 dekabr tarixli, 1578/Ü nömrəli Əmri ilə "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
  1. "Lətif Qasımov yüksək VƏZİFƏYƏ TƏYİN EDİLDİ". Metbuat.az (az.).
  2. "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu". nk.gov.az (az.). 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  3. "Köhnə avtomobillərin utilizasiyası prosesinə başlanılıb - Lətif Qasımov". bakivaxti (az.). 1 yanvar 1970. 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  4. "Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib". 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  5. "Baş nazir onlara vəzifə verdi". publika.az (az.). 24 dekabr 2019. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  6. "NK-nın şöbə müdiri: Qida təhlükəsizliyinə əməl edilməməsinin ağır iqtisadi nəticələri ola bilər". Report İnformasiya Agentliyi (az.). 5 aprel 2024. 2024-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  7. "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az.