"Saint Javelin" və ya Müqəddəs Cavelin — Rusiyanın Ukraynaya hücumunda istifadə edilən "FGM-148 Javelin" tank əleyhinə silah kimi müasir silahları daşıyan müqəddəslərə bənzər fiqurun dini ikona üslubunda təsvirindən ibarət internet mem. Mem 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Kristian Boris tərəfindən yaradılmış və bütün dünyada məşhurlaşmış, nəticədə digər oxşar memlər ortaya çıxmışdır. Mem müharibədə əhval-ruhiyyəni artırmış və ticarət məhsullarında istifadə edilmişdir. Bu, Ukraynaya yardım edən humanitar xeyriyyə təşkilatları üçün bir milyon dollardan çox vəsait toplanmasında mühüm rol oynamışdır.[1][2]
Mem ukraynalı və kanadalı jurnalist Kristian Boris tərəfindən yaradılmışdır. O, bunu əvvəlcə stikerlərin üzərində istifadə üçün nəzərdə tutmuşdu və gəlirləri Ukraynadakı humanitar səylərə bağışlanacaqdı.[3][4][5] "Saint Javelin" memi Rusiyanın Ukraynaya hücumuna qarşı müqavimət simvolu olaraq internetdə məşhurlaşmışdır. Kristian Boris Torontoda yaşayır, lakin əvvəllər 2014-cü ildə ilkin münaqişə zamanı Ukraynada jurnalist kimi işləyirdi.[6] O, müxtəlif ölkələrdə sərbəst fəaliyyət göstərmiş, Donbass müharibəsindən yetimlərin və dul qadınların vəziyyətindən xüsusilə təsirlənmişdir.[7]
Mem özü üzərində raketatan daşıyan, üslublaşdırılmış Madonna fiqurunu təsvir edir. Bəzi mənbələr onun səhvən Maqdalalı Mariya olduğunu və ya Kiyevli Knyaqinya Olqaya əsaslandığını iddia etmişdilər.[8][9][10][11] Bakirə Məryəm, tanıtım kampaniyasında təsvir edildiyi kimi, ənənəvi pravoslav ikona üslubunda təsvir edilmişdir.[12] Madonnanın standart bədii təsvirində Məryəm adətən körpə İsanı qucağında daşıyır. Bu vəziyyətdə, o, qucağında İsa əvəzinə tank əleyhinə silahı daşıyır. Memin yumoru İsanın anası Məryəmin və müasir tank əleyhinə silahın qarşılaşdırılmasıdır.[13]
Təsvir edilən silah ABŞ istehsalı olan "FGM-148 Javelin" tank əleyhinə silahdır. Ukraynaya çoxlu sayda bu silahdan təhvil verilmişdir və Ukraynada Rusiyanın zireh texnikalarına qarşı aktiv istifadə olunur.[14] Ümumiyyətlə, son dövrlərdə incəsənətdə Madonna və digər ənənəvi fiqurlar oxşar şəkildə təsvir edilmişdir. Onlar bu təsvirlərdə əllərində din xadimlərinin ənənəvi təsviri ilə ziddiyyət təşkil edən müasir əşyalar, o cümlədən idman ayaqqabıları, qızılla örtülmüş "AK-47" markalı avtomatlar və s. daşıyırlar.[15]
Burada təsvir edilən Madonnada ənənəvi rəngli xalatlardan daha yox, döyüş formalarına bənzəyən tünd yaşıl rəngdə xalat geyinir. Əvvəlki versiyada onun parıltısı qırmızı rəngdə olsa da, sonradan Ukraynanın milli rəngləri olan mavi və sarı ilə dəyişdirilmişdir.[16] Mem populyarlıq qazanmış və meynstrim olmuş, Ukrayna müqavimətinin həqiqətən tanınan simvoluna çevrilmişdir.[17]
Dizaynı Lvovda yaşayan və Boris üçün işləyən ukraynalı qrafik dizayner Yevgeni Şalaşov tərtib etmişdir. Bu, ABŞ rəssamı Kris Şounun 2012-ci ildə çəkdiyi "Madonna Kalaşnikov" əsərinin adaptasiyasıdır. Şou özü "Saint Javelin" təsvirinin "mem kimi internetdə yayıldığını görəndə təəccüblənmişdir". O qeyd etmişdir ki, dəyişiklik onun "icazəsi olmadan edilsə də, xeyriyyə məqsədi ilə istifadə olunur və nəticə müsbətdir".[18]
"Saint Javelin"in tənqidi əsasən ikonoborçuluq müzakirəsi ətrafında cəmlənir.[19] Kilsələr Şurası Madonnaya bənzər müqəddəs fiqurdan müasir döyüş silahları ilə istifadə edilməsini küfr kimi qiymətləndirmişdir. Bu tənqidi mövqe Kiyevdə yaşayış binasının yan tərəfində çəkilmiş, "Saint Javelin"i təsvir edən divar rəsminin içində iki sarı üslublaşdırılmış trizub olan mavi parıltının sonradan çıxarılması ilə reallaşdırılmışdır. "Kailas-V" kimi tanınan rəssamlar Kiyevin meri Vitali Kliçkonu divardakı mavi rəngli parıltı təsvirin çıxarılması üçün göstəriş verməkdə ittiham etmişdilər.[20]
Dini nişanlar tez-tez silahlarla təsvir edilir. Məsələn, Müqəddəs Mixail bəzən qılıncla təsvir edilir. Kristian Boris "Saint Javelin"in tənqidinə əks arqument təklif etmiş və bildirmişdir ki, "Saint Javelin" memi Rusiyanın Ukraynaya hücumu zamanı bir simvol kimi Ukraynada insanlar üçün böyük önəm kəsb edir, həmçinin müharibə zamanı dini ikonalardan mənəvi dəstək mənbəyi kimi uzun müddətdir istifadə edilir.[20][21][22]
Kristian Boris əvvəllər Ukraynanın "Help Us Help" adlı xeyriyyə təşkilatı ilə əməkdaşlıq etmişdir. O, internetdə satılan "Saint Javelin" stikerlərindən əldə olunan ilkin gəliri müharibədən zərər çəkmiş uşaqlara və yetimlərə kömək etmək üçün bağışlamışdır.[6][23] 2022-ci ilin martına olan məlumata görə, Boris "Saint Javelin" brendinin "tamştatlı bir işə çevrilməsini" planlaşdırdığını və davam deən müharibə bitdikdən sonra yenidənqurma səylərini dəstəkləməyə davam edə bilməsi üçün daimi işçi götürməyə ümidli olduğunu bildirmişdir.[24] Boris Ukraynanın birbaşa bərpasına kömək etmək üçün Ukraynada yaşayan insanları işlə təmin etmək və Ukraynanın yenidən qurulmasına kömək etmək məqsədilə qazancdan vəsait toplamaq üçün "Saint Javelin" tərəfindən satılan əşyaların daha çoxunun Ukraynada istehsal edilməsinə səy göstərmişdir.[25]
"Saint Javelin"in artan populyarlığı və Ukraynanın yenidən qurulmasına kömək etmək istəyi ilə Kristian Boris təkliflərini stikerlərdən kənara çıxarmış, Rusiyanın Ukraynaya hücumundan təsirlənən ukraynalılara kömək edən digər humanitar səylərə daha çox maliyyə təmin etmək üçün "Saint Javelin" brendinə başqa "müqəddəslər" əlavə etmişdir.[6][26][27] "Saint Javelin" kampaniyası bir müddət keçdikdən sonra müharibədən zərər çəkmiş ukraynalılara kömək etmək istəyən insanların ianələri ilə 1 milyon dollardan çox vəsait toplamışdır.[28][29][30][31]
Keçmiş marketoloq və jurnalist kimi Kristian Boris çantalardan tutmuş köynəklərə, bayraqlara və stikerlərə qədər hər şeyin üzərində təsvirini satan "Saint Javelin" brendinə reaksiyanın "böyük" olduğunu söyləmiş, bunun üçün hər gün minlərlə sifarişin gəldiyini əlavə etmişdir.[32][33] "Saint Javelin" məhsullarının satışından əldə edilən bütün gəlirlər ukraynalılara kömək edən xeyriyyə təşkilatlarına ianə edilmişdir. "Saint Javelin" tərəfindən satılan bəzi əşyalar Ukraynada xüsusi səylər və ya səbəblər üçün nəzərdə tutulmuşdur. Məsələn, "göy qurşağı kolleksiyası"nın bir hissəsi kimi satılan köynəklər və digər əşyalar Ukraynada hələ tam və bərabər hüquqlara malik olmayan LGBTQ+ fərdləri dəstəkləmək üçün nəzərdə tutulmuşdur.[34][35]
"Saint Javelin" brendi tərəfindən satılan digər əşyalar Rusiyanın Ukraynaya hücumu zamanı ukraynalıların "müqavimət memləri" hesab edilən və internetdə məşhurlaşan simvolik və viral itaətsizlik anlarını təsvir edir.[36] Bunlara bir ukraynalı qadının rus əsgərlərinə cəsədlərinin Ukraynada qalacaqları yerdə cücərsin ciblərinə günəbaxan toxumu qoymalarını söyləməsinə,[37] Zmeynıy adasının müdafiəçilərinin təslim olmalarını istəyən Rusiya döyüş gəmisinə verdiyi "Rusiya döyüş gəmisi, rədd ol!" açıqlamasına, Ukrayna və Ukraynadakı Gürcüstan Milli Legionu üçün ianələr toplayarkən Rusiyanın onlayn təbliğatını və dezinformasiyasını təkzib edən NAFO memlərinə istinadlar daxildir.[38]