Məşrutə Evi — və ya Konstitusiya Evi 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Məşrutə hərəkatı zamanı fədailərin və hərəkat üzvlərinin toplanma yeri olub. Məhz buna görə də bina hazırda Məşrutə Muzeyi kimi fəaliyyət göstərir[1].
Məşrutə Evi | |
---|---|
38°04′54″ şm. e. 46°17′19″ ş. u. | |
Ölkə | |
Şəhər | Təbriz |
Aidiyyatı | Qacarlar dövləti |
Sifarişçi | Hacı Mehdi Kuzəkünani |
Tikilmə tarixi | 1869 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bina 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Binanı məşhur Təbrizli Hacı Vəli Memar tikib. Rastabazar küçəsində yerləşən bina Təbriz bazarının və Cümə məscidinin yaxınlığında yerləşir. Qacar dövrünün memarlıq nümunəsi olan bina gözəl tavanı və rəngli pəncərələri ilə fərqlənir.
İki mərtəbəli binada yaşayan Kuzəkünani Məşrutə hərəkatı zamanı fəallıq göstərir və hərəkata maliyyə ayırır. Bundan başqa öz şəxsi evini fədailərin və hərəkat üzvlərinin qərargahına çevirir. Burada hərəkatın liderləri və fəalları Səttar xan, Bağır xan, Mirzə Əli Siqqətülislam, Əli Müsyo, Heydər xan Əmioğlu, Məhəmmədəli Tərbiyət daima yığışar və hərəkatla bağlı qərarlar verirdilər. Bundan başqa burada hərəkatın təbliğatını aparan qazet də çap olunurdu. İkinci Dünya müharibəsi dövründə binada Azərbaycan Demokrat Firqəsinin iclasları da keçirilib. 1975-ci ildə bina İranın mədəni mirası olaraq qeydiyyata alınıb[2].
Sonradan bina Məşrutə muzeyinə çevrilir. Binanın birinci mərtəbəsində məşrutə inqilabçılarının heykəlləri və büstləri eləcə də şəxsi əşyaları döyüş silahları qılıncları nümayiş etdirilir. Bundan başqa binada çap olunan qazetlərin nümunələri, məktublar, hərəkat dövrünə aid şəkillər və çap maşını sərgilənir. Otaqlardan biri hərəkatda iştirak edən qadınlara həsr olunub.
2018-ci il avqustun 5-də Təbrizdə keçirilən “Məşrutiyyət Fərmanının ildönümü” mərasiminə antitürk mövqeyi ilə tanınan məşhur paniranist Cavad Təbatəbayi də dəvət olunmuşdur. Bir qrup azərbaycanlı milli-mədəni fəal Məşrutə Evinə gedərək orada şüarlarla çıxışlar etdilər. Məhz Azərbaycan əhalisinin və milli fəalların kəskin etirazı Cavad Təbatəbayinin çıxışının ləğv olunmasına səbəb oldu[3].