Azərbaycan muzeyi — müasir İranın şimal-qərbində ən böyük arxeologiya muzeyidir.[2] Muzey Təbrizdəki Xaqani parkı və Göy məscid yaxınlığında yerləşir.
Azərbaycan muzeyi | |
---|---|
Əsası qoyulub | 1958 aprel |
Açılış tarixi | 1958[1] |
Mövzu |
Tarix İncəsənət Arxeologiya |
Ölkə | |
Yerləşir | Şərqi Azərbaycan ostanı, Təbriz şəhəri |
Ünvan | Təbriz şəhəri, İmam prospekti, Göy məscidin yaxınlığı |
Telefon | (0098-411) 66343 & 65298 |
İş rejimi | Hər gün 7:30-14:30 |
38°04′23″ şm. e. 46°18′00″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
1958-ci ilin aprel ayında yaradılmışdır.[3] Muzey 3 böyük zaldan, həyətyani ərazidən, ofis otaqlarından və kitabxanadan ibarətdir. Muzeydə əsasən Cənubi Azərbaycan ərazisində aparılmış qazıntılardan aşkar edilmiş tapıntılar, incəsənət nümunələri və heykəllər nümayiş etdirilir. Muzeyin kitabxanasında əlyazma və çap formasında olmaqla 2500-dən çox kitab saxlanılır. Kitabların əksəriyyəti tarix, arxeologiya, incəsənət və İran mədəniyyəti haqqındadır. Azərbaycan muzeyində İran tarixinin müxtəlif dövrləri haqqında olan kitabların sayı təkcə İran Milli Muzeyində qorunan kitabların sayından geri qalır.
Azərbaycan muzeyində 3 qalereya vardır:
Həmçinin muzeyin həyətində daş insan fiqurları, heykəllər, qoç fiqurları və kitabələr saxlanılır.
Birinci qalereya e.ə. V minillikdən etibarən Sasani dövrünün sonuna (656) qədərki dövrə aid nümunələrdən ibarətdir. Buraya ilahə və tanriçalara həsr edilmiş heykəllər, ritonlar, iki insan skeleti (qadın və kişi) və "Bismillah" daşı adlanan naxışlı mərmər lövhə daxildir.
II qalereya iki hissədən ibarətdir:
Birinci hissəyə 10-19-cu əsrlərə aid olan dulusçuluq və digər sahələrə aid tapıntılar aiddir. Bu qalereyanın sikkələr aid olan ikinci hissəsinə daxil olan tapıntılar Əhəməni imperiyası dövründən başlayaraq Qacarlara qədərki dövrü əhatə edir. Həmçinin ikinci hissəyə daxil olan möhürlər hissəsində e.ə. III minillikdən etibarən İslam dövrünə aid olan tapıntılar nümayiş etdirilir.
III qalereyaya Əhəd Hüseyninin əsərlərinin bir hissəsi daxildir. Bu əsərlər gipsdən və tuncdan hazırlanmışdır və müəllifin XX əsrdə bəşəriyyətin taleyi haqqında şəxsi fikirlərini əks etdirir.
Əhəd Hüseyni 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir.[4] O, bu əsərinə daxil olan heykəlləri tuncdan və üzlərində insanın ağrı-acılarını göstərən şəkildə yaratmışdır.
2013-cü il 7 may tarixində Azərbaycan muzeyindən Sasani dövrünə aid 5 gümüş lövhə oğurlanmışdır.[5] 2013-cü ilin noyabr ayında oğrular həbs edilsə də, oğurlanmış əşyaları tapmaq münkün olmamışdır.[6]