Mədəniyyət sənayesi — Frankfurt məktəbinin iki böyük üzvü olan Theodor Adorno və Max Horkheimer tərəfindən sosial, mədəniyyət və media elmlərinə bəxş edilmiş tənqidi konseptdir. Bir çoxlarından fərqli olaraq bu cütlük mediaya və mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşlər.
Adorno Almaniyanın Frankfurt, Horkheimer isə Ştutqart şəhərində dünyaya gəlmişlər. Almaniyada təhsil alan və akademik sahədə işləməyə başlayan bu iki şəxs Nazi partiyası hakimiyyətə gəldikdən sonra Marksist və tənqidi baxışlarına görə dövlət tərəfindən möhkəm tənqidlərə və basqılara məruz qaldıqlarından Almaniyanın tərk edərək Birləşmiş Ştatlara köçməyə qərar verirlər. Bu hadisə onların həyatında dönüş nöqtəsi olur. 1940-50-ci illərdə media, əyləncə mədəniyyəti və kapitalizm Birləşmiş Ştatlarda sürətlə böyüməkdə idi. Hər il yeni sənayelər açılır, yeni filmlər, cizgi filmləri, mahnılar və digər mədəniyyət məhsulları ortaya çıxmaqda idi. Bu dəyişiklikləri müşahidə edən Horkheimer və Adorno bu məsələyə özlərinə məxsus prizmadan baxmağa qərar verirlər, və nəticədə, o günə kimi heç kimin üzə çıxarmadığı mənfi tendensiyanı ortaya çıxartmağı bacardılar.
Horkheimer və Adorno kapitalizmin beşiyi sayıla biləcək yerlərdən biri olan ABŞ-da medianın kapitalizmə xas xüsusiyyətləri özünə götürdüyünü irəli sürürdülər. Kapitalizmin əsas xüsusiyyətləri qazanc, təminat və tələbat və yalnız maddiyyəti düşünməkdir. Bunlar mediaya da siraət edərək medianın korlanmasına və əsl mədəniyyətdən daha çox maddi amillərə üstünlük verməsinə gətirir çıxarır. Məsələn, əgər qeyri-etik səhnələrlə dolu bir film mənalı, öyrədici bir filmdəm daha çox reytinq qazanırsa, o film media tərəfindən daha da seviləcək və daha çox təbliğ ediləcək. Nəticədə isə, əsas məsələ yaxşı və yaxud pis mədəniyyət deyil, gəlirli və gəlirsiz mədəniyyət ideologiyası formalaşır. Bu gəliri görən dominant sosial sinif isə mediadan istifadə edərək öz gəlirlərini daha da artırmağa və eyni zamanda cəmiyyəti də idarə etmək istəyirlər. Bu istəyi reallığa çevirmək üçün isə müxtəlif üsullara əl atılır. Başlıca üsul əyləncəyə disproporsiyonal dərəcədə üstünlük verilməsidir. Əyləncə proqramları geniş şəkildə yayımlanır və bu da insanları əyləncəyə meylli edir. Dominant sinif insanları tənqidi düşünməkdən uzaqlaşdırmaq üçün acı gerçəklikləri üzə çıxardan, siyasi, iqtisadi və sosial problemləri çox qabardan media məhsullarını dəstəkləmir və buna görə də bu səpkili verilişlər çox az həcmdə yayımlanır.Bu yolla insanlar tənqidi düşüncədən uzaqlaşaraq müti insana çevrilirlər. Onlara təqdim edilən nə varsa onu qəbul etdikləri üçün heç bir vəclə dominant sosial sinfin çirkin əməllərini görə bilmir və nəticədə də cəmiyyətdəki bərabərsizlik pozulmur. Mədəniyyət sənayesi nəzəriyyəsinin digər vacib konsepsiyası isə mənəvi məfhumlardan və dəyərlərdən qazanc mənbəyi kimi istifadə etməkdir. Nümunə olaraq deyə bilərik ki tarixən sevgi məfhumu dəyərli və mənəvi bir məfhum olduğu halda kapitalist sistemində kapitalist üçün qazanc mənbəyi rolunu oynayır. Məsəlçün, sevgi münasibətinə dair elementlərin əks olunduğu reklamlar, tədbirlər və digər materiallar hazırlanaraq insanları hazırlanan materialları almaqa şirnikləndirir və əksər hallarda da bu taktika özünü doğruldur. Yeni il şənlikləri və ona dair hazırlanan məhsullar, idman tədbirlərindəki sponsorluq məsələsi və digər bir çox vaxtilə biznesdən uzaq sahələr kapitalist sistemində qazanc mənbəyinə çevrilir.
Horkheimer və Adornonun bir neçə tənqidlə üzləşiblər. Başlıca tənqidi məqam odur ki, Horkheimer və Adorno tamaşaçıları passiv kütlə kimi qələmə veriblər. Onlara görə bütün tamaşaçılar onlara təqdim edilən bütün media məhsullarını düşünmədən dərk və qəbul edir. Lakin, Sparks (1992) və bir çox media mütəxəssisləri qeyd edir ki insanlar düşünən varlıq olduqlarından onlar təqdim edilən istənilən məhsulu, həmçinin media məhsulunu da düşünərək dərk edir və birbaşa onu qəbul etmir. Başqa sözlə, kütlə passiv deyil, aktivdir çünki ona təqdim edilənlərin hansının doğru və ya yanlış olduğuna qiymət verə biləcək bir düşüncəyə sahibdir. Digər tənqid isə alman cütlüyün ifrat pessimistliyinə yönəldilmiş tənqiddir. Horkheimer və Adorno cəmiyyəti medianın və kapitalizmdə formalaşan mədəniyyətin qurbanı hesab etmiş və insanları bu repressiv və totalitar rejimdən çıxışı olmayan bir toplum kimi təsvir ediblər. Lakin, reallıq odur ki insanlar yalnız mediadan məlumat almır. Məlumat mənbəyi zaman keçdikcə çoxalır (internet, gündəlik həyat, sosial media). Bütün bunlar medianın dominantlığına qarşı gələn faktorlardır. Son tənqid olaraq isə qeyd edilir ki, əgər hər hansısa media məhsulu populyardırsa və uzun müddət yayımda qalırsa, deməli tamaşaçılar həqiqətən onu sevir. Bu prizmadan çıxış edənlərə Horkheimer və Adorno-nun cavabı o olub ki, media kapitalistlərin əlindədir, və kapitalist sistemində media məhsullarının insanlar tərəfindən sevilib-sevilməməsi elə də önəmli deyil, əsas olan o məhsulun elit sinfin hökmranlığına xidmət edib-etməməsi və gəlir gətirib-gətirməməsidir.