Boykot

Boykotsosial, siyasi, çevrəçilik səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən ad. Boykotun əsas məqsədləri isə ekonomik itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır.

Bəzi hallarda, boykot istehlakçı aktivizminin bir parçası olur, bəzi hallarda etik tələbçilik adlandırılır. Belə hallar dövlətlərarası xarakter daşıyanda sanksiya adlandırılır.

Vaniti Feir tərəfindən çəkilən Çarlz Boykottun karikaturası

Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832–1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarolan Boykottun elə başına da bu sarıdan iş gəlir.

1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. KOnflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir. Məcbur olub əkin-biçin sahələrinə ailəsi ilə çıxan Boykottun canı bununla qurtarmır: dükan-bazarda ona mal satmırlar, poçtalyon onun ailəsinə məktub gətirmir, qonşular salamını almır.[1]

Bir neçə il müqavimət göstərən, müflisləşib İrlandiyanı tərk edən Boykottun.[2] başına gələnə "boykot" adı verməksə yerli ruhaninin ağlına gəlir. Bu söz Avropada müxtəlif dillərə keçə-keçə o çağlaracan işlək olan yunan termini "ostrakizm"i əvəzləyir.

Ancaq boykotun tarixi daha qədimdir. Məsələn, hələ bu termin yaranmazdan xeyli əvvəl – 1767-ci ildə Şimali Amerikada çay və bir neçə başqa mala xüsusi rüsum tətbiq edildiyindən Britaniya mallarını almaqdan kütləvi şəkildə imtina olunmuşdu. Boykot nəticə vermişdi – Britaniya ticarəti axsamağa başlamış və ədalətsiz rüsumlar ləğv edilmişdi.

Etirazın dinc forması

[redaktə | mənbəni redaktə et]

Boykot etirazın qeyri-zorakı formasıdır və istər sosial, istər də siyasi problemlərin dinc həlli vasitəsi kimi qəbul olunur, bəzən hətta böyük siyasətə təsir göstərir. Misal üçün, Fransa ABŞ-nin İraqa müdaxiləsinə qarşı çıxan kimi amerikalılar nümayişkaranə şəkildə fransız mallarını almaqdan imtina etdilər. Hətta bəzi siyasətçilər şəhər, qraflıq və ştatların qanunlarına bu haqda xüsusi dəyişiklik təklifləri verdilər.[3]

XX əsrdə boykotlar çox olub. 1990-cı illərdən onlar daha miqyaslı xarakter alıb ki, bu da yüz milyonlarla insanı dərhal məlumatlandırmağa imkan verən informasiya kommunikasiyalarının inkişafı ilə bağlıdır. Hazırda ekologiya təşkilatlarının neft kompaniyalarını, antiqlobalistlərin transmilli korporasiyaları, ərəb ölkələrinin ABŞ, çinlilərinsə yapon mallarını boykot etməsi təəccüb doğurmur.[4]

Qəzetlərtelekompaniyalardan tutmuş (qərəzli və tərəfkeş materiallarına görə), yataq ağları istehsal edən firmalara (qadınları alçaldan reklamlara görə) qədər ən müxtəlif qurumlar boykot obyekti olur – dərman, avtomobil, məişət texnikası istehsalçıları və s. Vegetarianlar heyvan yağlarından istifadə olunmuş ərzağı, heyvanların hüquqlarını qoruyan təşkilatlar qril bişirən qəlyanaltıları (toyuqlarla ləyaqətsiz davranışa görə) boykot edirlər. Sonuncuların hətta kosmetika firmasını boykot etməsinə də rast gəlinib.

Vətəndaşların öz hökumətlərini boykot etməsi halları da mövcuddur. Ən radikal metodlardan biri vergiləri ödəməkdən boyun qaçırmadır. XX əsrin əvvəllərində Britaniya qadınları Vergi Müqaviməti Liqası yaratmışdılar.[5] Onlar seçmək və seçilmək hüququ əldə etməyin yolunu vergilərdən kütləvi şəkildə imtinada görmüşdülər. Vergi boykotu üsuluna ABŞ-də da tez-tez əl atılır. Müharibəyə Qarşı Liqa adlı pasifist təşkilat İraq müharibəsinin dayandırılması üçün vətəndaşları vergiləri ödəməməyə çağırır. 1990-cı illərdə pasifistlər hətta alternativ vergi komitəsi yaradaraq vətəndaşlara xüsusi deklarasiyalar göndərmiş, yığılan pulu isə dinc məqsədlərə yönəltmişdilər.

Məşhur boykotlar

[redaktə | mənbəni redaktə et]
Nümayişçilər İsrail məhsullarına boykot etməyə çağırır.

Heç kim bəşər tarixində nə qədər boykotun olduğunu deyə bilməz. Amma xüsusi diqqət çəkən və uzunmüddətli nəticələrə gətirib çıxaran, tarixdə iz buraxan boykotları seçib-aramaq mümkündür:

  • 1905. Bir ölkənin başqasına qarşı ilk siyasi boykotu bu ilə təsadüf edir. Çin sakinləri ABŞ-də yaşayan həmvətənlərinin qısma-boğmaya məruz qalmasına etiraz olaraq bu ölkənin mallarını almaqdan imtina edirlər. 1882-ci ildə ABŞ-də mühacirət siyasəti haqda qanun qəbul olunmuş və 10 il müddətində çinlilərin bu ölkəyə mühacirətinə yasaq qoyulmuşdu. Həmin qanun ABŞ-də yaşayan çinlilərə vətəndaşlıq verilməsini də qadağan edirdi. Sonralar bu qanunun müddəti daha 10 il uzadılmış, 1902-ci ildən isə daimi xarakter almışdı. Ancaq amerikan mallarının boykotu nəticəsiz qalır, düz 1943-cü ilədək qüvvədə olan qanun tamamilə başqa səbəblərdən ləğv edilir.[6]
  • 1920. Müstəqilliyin qazanılmasına gətirən ilk siyasi boykot. Hindistan siyasi lideri Mahatma Qandi Britaniya müstəmləkəçilərinə qarşı passiv müqavimət aksiyası təşkil edir. Buna səbəb istilaçı ingilis əsgərlərinin əliyalın hindliləri gülləbaran eləməsi idi. Qandinin çağırışları nəticəsində istilaçı hakimiyyətə işləyən hindlilər iş yerlərini tərk edir, məhkəmələr boykot olunur, dövlət məktəblərinin şagirdləri dərslərə getmirlər. Sonralar Mahatma Qandi dəfələrlə bu tip dinc müqavimət aksiyaları düzənləyir. Bir-birindən uğurlu bu aksiyalar Hindistanın müstəqillik qazanması ilə nəticələnir.
  • 1948. Ərəb Dövlətləri Liqası yenicə yaradılmış İsrail dövlətinə qarşı iqtisadi boykot elan edir. Liqaya daxil olan ölkələr təkcə İsraillə deyil, bu ölkəylə hər hansı tərəfdaşlığa baş vuran üçüncü dövlətlərin şirkətləri ilə də əlaqələri qırmaq öhdəliyi götürürlər. Hətta bəzi ərəb dövlətləri pasportunda İsrail vizası olan xariciləri ölkəyə buraxmaqdan imtina edirlər. Hesablamalara görə, boykot İsrailə investisiya qoyuluşunu 10–25 faiz azaldır. 1980-ci ildə boykot cərgəsi pozulur – İsraillə sülh müqaviləsi imzalayan Misir boykotdan çıxır, bir neçə ərəb dövləti də ondan nümunə götürür.
  • 1955. ABŞ-ni kardinal şəkildə dəyişən boykot. Montqomeri şəhərində yaşayan Afrika mənşəli Roza Parks ictimai nəqliyyatda ağdərili amerikalıya yer verməkdən boyun qaçırır. Polis onu həbs edir. Bu fakt arxasınca böyük sel gətirir. Montqomeridə yaşayan ruhani Martin Lüter Kinq ictimai nəqliyyatı boykota çağırır. Şəhərin qaradərili əhalisi 382 gün ərzində payi-piyada, velosipedlə, ya da şəxsi avtomobildə hərəkət edir, ictimai nəqliyyata minmir. De-marş bütün dünyanın diqqətini çəkir. ABŞ Ali Məhkəməsi ictimai nəqliyyatda irqi seqreqasiya tətbiq edən Montqomeri şəhər qanununu ləğv edir. Sonrakı mübarizələr isə irqi seqreqasiyanın tamamilə aradan qaldırılmasına gətirir.
1976, 1980 və 1984 Olimpiada boykotlarında iştirak edən ölkələr
  • 1980–1994. Cənubi Afrika Respublikasında aparteid rejiminə qarşı boykot. Bir sıra dövlətlər CAR-a iqtisadi sanksiyalar tətbiq edirlər. İdmançılar və müğənnilər bu ölkədə keçirilən yarış və konsertlərə qatılmırlar. Boykot 1994-cü ildə aparteid rejimi ləğv olunana qədər davam edir.

Azərbaycanda xronika

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda siyasi xarakterli lokal boykotlarla yanaşı, kütləvi boykotlar da olub.

  • 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi soyqırım 40 gün davam edən tətilə, Kommunist Partiyasından kütləvi istefalara gətirmişdi.
  • 1991. Xalq Cəbhəsi SSRİ-nin saxlanmasını nəzərdə tutan yeni ittifaq müqaviləsi üzrə referendumu boykota çağırır. Həmin il Ayaz Mütəllibovun qələbəsi ilə başa çatan prezident seçkisi də müxalif qüvvələrin boykotuna məruz qalır. Bu boykot kompaniyasının maraqlı cəhəti Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasında seçkilərin ümumiyyətlə keçirilməməsi olur.
  • 1993. Yenicə hakimiyyətdən gəlmiş Xalq Cəbhəsi və müttəfiqləri prezident Əbülfəz Elçibəyə etimad referendumunu, ardınca isə Heydər Əliyevin qalib gəldiyi prezident seçkisini boykota çağırır.
  • 1998. AXC, Müsavat, Demokrat, Liberal, Ədalət partiyalarının təşkil etdiyi müxalifət koalisiyası Heydər Əliyevin ikinci müddətə seçildiyi prezident seçkisinə qatılmır.
  • 2000. Parlament seçkisində saxtakarlığa etiraz edən partiyalar Milli Məclisi tanımamaq, onun işində iştirak etməmək və təkrar seçkilərə qatılmamaq haqda razılığa gəlirlər. Sonradan bəzi müxalif qüvvələr bu razılaşmanı pozurlar.
  • 2002. Müxalifət qüvvələri Azərbaycan Konstitusiyasında bəzi mürtəce dəyişiklikləri nəzərdə tutan referendumu boykota çağırır.
  • 2004. AXC, DemokratMüsavat partiyalarının başçılıq etdiyi müxalifət koalisiyası bələdiyyə seçkilərini boykot edir.
  • 2005. Parlament seçkisində saxtakarlığa etiraz edən "Azadlıq" seçki bloku və ona yaxın qurumlar Milli Məclisi tanımamağa, mandatlardan və təkrar seçkilərdən imtinaya çağırırlar.
  1. Marlou, Coys. Captain Boycott and the Irish. Andre Deuş. 1973. 133–142. ISBN 0-233-96430-4. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
  2. Marlou, Coys. Captain Boycott and the Irish. Andre Deuş. 1973. 157–173. ISBN 0-233-96430-4. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
  3. "Americanlar Fransa məhsullarına "YOX!" dedilər". FOX. 19 Fevral 2003. 2018-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 15, 2018.
  4. "Çin boykotu deyəsən Yaponiyaya sunamidən daha çox zərər verəcək". www.businessinsider.com. 19 Sentyabr 2012. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 15, 2018.
  5. "Beatris Harredin". www.http://spartacus-educational.com. Sentyabr 1997. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 15, 2018.
  6. Conatan H. X. Lii. Çin Amerikalıları: İnsanların mədəni tarixi. ABC-CLIO. 2015. səh. 26. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.