Məhəmmədəli Mütəllim oğlu İbrahimli (22 noyabr 1996, Beyləqan – 13 oktyabr 2020, Göyarx, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Məhəmmədəli İbrahimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2020 (23 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | iyul-oktyabr 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Bakalavr və magistr təhsili almış Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsində və Ağdərə istiqamətində baş tutan döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ağır yaralanan Məhəmmədəli İbrahimli müalicə üçün Bərdəyə aparılsa da, müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır. O, 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmiş, özü də baş tutan döyüşlərdə həlak olmuşdur. Məhəmmədəli İbrahimlinin nəşi müharibənin bitməsindən iki ay sonra tapılmışdır.
Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi. O, 2021-ci ilin yanvarında "Sabah" ilə keçirilən matçda "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir. Həmin ilin may ayında Məhəmmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür. Həmçinin, iyul ayında Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır. Bundan başqa, fərqli ölkələrdə məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir. "Qarabağ" FK növbəti mövsümü qızıl medalla başa vurmuş, 2022-ci il mayın 22-də medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atasına təqdim olunmuşdur.
Məhəmmədəli Mütəllim oğlu İbrahimli 1996-cı il noyabrın 22-də Azərbaycanın Beyləqan şəhərində anadan olmuşdur. O, əslən Füzulinin Cuvarlı kəndindəndir.[1][2][3] Atası Mütəllim Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.[4] Məhəmmədəli İbrahimli 2003–2014-cü illərdə Sabunçu rayonunda yerləşən 215 nömrəli orta məktəbdə təhsil almışdır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuş, 2018-ci ildə buradan məzun olduqdan sonra Azərbaycan Texniki Universitetində magistr təhsili almışdır.[1][2][3] Məhəmmədəli İbrahimli tələbə olduğu vaxtlarda dostları ilə çayxana işlətmiş, buradan əldə olunan gəlirlər ilə "Nur" uşaq evinə yardım etmişdir.[4]
Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi,[5][6] demək olar ki, klubun bütun oyunlarında olurdu.[7] O, həmçinin, Təbrizin "Traktor" komandasının azarkeşi olmuşdur.
Məhəmmədəli İbrahimli 2020-ci ildə hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.[7]
Məhəmmədəli İbrahimli oktyabrın 3-dən 4-nə keçən gecə, Suqovuşanın azad edilməsi uğrunda baş tutan döyüşlərdə hər iki qolundan və kürəyindən qəlpə yarası almışdır, lakin buna baxmayaraq, üç yaralı və bir şəhid silah yoldaşını təhlükəsiz əraziyə çıxartmışdır. Ağır yaralanan Məhəmmədəli İbrahimli ardınca Bərdəyə aparılmışdır, burada 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilmiş, lakin o, üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.[8][9]
Məhəmmədəli İbrahimli 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumunda iştirak etmişdir. O, döyüş yoldaşlarının şəhid olduğunu gördükdən sonra erməni mövqelərinə hücum etmiş, qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmişdir. Məhəmmədəli İbrahimli burada baş tutan döyüşlərdə həlak olmuşdur.[8] Onun nəşi müharibədən sonra, dekabr ayında tapılmışdır. Məhəmmədəli İbrahimli 2020-ci il dekabrın 15-də Sabunçu Şəhidlər Xiyabanında dəfn edilmişdir.[10][11]
2021-ci ildə Məhəmmədəli İbrahimlinin bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli ölkələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir.[12][13]
2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adını salmışdır.[14][15] Oyundan sonra Məhəmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür.[16] 2021-ci il yanvarın 21-də "Qarabağ" və "Sabah" futbol klubları arasında baş verən oyunun 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir.[17][18]
2021-ci il iyulun 23-də Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır.[19]
"Qarabağ FK" Azərbaycan çempionatında 2021/2022 mövsümünü qızıl medallarla bitirmişdir. Klub Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına Məhəmmədəli İbrahimlinin də adını salmışdır.[20] 2022-ci il mayın 22-də medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atası Mütəllim İbrahimliyə təqdim olunmuşdur. Bundan sonra isə o, klubun futbolçuları ilə birgə kuboku başı üzərinə qaldırmışdır.[21]