Məhəmməd Şərif Mehdi əfəndi oğlu Əfəndizadə (mühacirətdə: Mehmet Şerif Bilgehan; 1887, Şamaxı – 1954, İstanbul) — Azərbaycan və türk müəllimi və publisist.
Məhəmməd Şərif Əfəndizadə | |
---|---|
Doğum tarixi | 1887 |
Doğum yeri | |
Vəfat tarixi | 1954 |
Vəfat yeri | |
Fəaliyyəti | müəllim, publisist |
Məhəmməd Şərif (Məhəmmədşərif) Mehdi əfəndi oğlu Əfəndizadə (Türkiyədə Mehmet Şerif Bilgehan) 1887-ci ildə Şamaxıda doğulub və ata-baba evi Sabirin dükanının qonşuluğunda olub. Buradakı üsuli-cədid məktəbində oxuyub. Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul Darülmüəlliminin rüşdiyyəsini əla dərəcədə bitirib. Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzarəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib. O, İsveçrədə Cenevrə Universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb.[1]
1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir Müəllim Məktəbinə müdir təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdir göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdıb. Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə "Müsavat" partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Azərbaycanda olduğu müddətdə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra Azərbaycanın İsveçrədəki səfiri təyin edilib. Lakin ölkə işğal olunduğu üçün bu təyinat baş tutmayıb və Əfəndizadə Türkiyəyə qayıdıb. Bir müddət Samsunda işləyib, 1924-cü ildə İstanbul Üsküdar kişi liseyində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb. 1952-ci ildə təqaüdə çıxıb. Əfəndizadə 1954-cü ildə vəfat edib.[1]
1921-ci ildə İstanbulda "Azərbaycan və inqilabı" əsərini yazan Əfəndizadə bu kitabında və bir çox məqalələrində Azərbaycan hökumət üzvləri əleyhində fikirlər də ifadə edib. Onun Azərbaycandakı əsas fəaliyyəti Türkiyədən gələn müəllimlərin cəlbi olub.[1]
Mirzə Ələkbər Sabirlə dostluq edən Məhəmməd Şərif sonralar Əli bəy Hüseynzadə və Məhəmməd Hadi ilə tanış olur, onlar haqqında xatirələrini yazır:[2]
Həqiqəti qeyd etmək lazımdırsa, Sabir dostlarının dinsizliyinə baxmayaraq, ölənə qədər dindar qalmış və böyük əksəriyyətlə namazlarını qılmışdı. Onun dostları arasında dinə ən çox hörmətsizlik edən Məhəmməd Hadi idi. Hadi danışdığı zaman Sabir həmin otağı tərk edər, "qulaqlarım eşitməsin" deyərdi. |
İkinci xatirə Sabirin arvadı ilə aralarında olan münasibəti, daha doğrusu, arvadının Sabirə və onun yazı-pozusuna münasibəti haqqındadır:[2]
Sabir əslində dindar olsa da, təəssübkeş deyildi, ancaq belə görünmək məcburiyyətindəydi. Onu belə görünməyə məcbur edən ailəsi, xüsusən də böyük qardaşları ilə arvadı idi. Sonralar özü danışardı... Bəzən gecələr bir şey yazmaq istəyəndə arvadı hirslənərək qışqırarmış. Ona görə də daim yanına açıq Quran qoyar və arvadı baxanda, gözünü Qurana dikərək yalandan dodaqlarını hərəkət etdirərmiş. |